XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanlıların keçə bilmədiyi DƏMİR QAPI... - “Test cavabı yoxdur deyə, çadıra buraxmırlar”

Azərbaycanlıların keçə bilmədiyi DƏMİR QAPI... - “Test cavabı yoxdur deyə, çadıra buraxmırlar”

Azərbaycanlıların keçə bilmədiyi DƏMİR QAPI... - “Test cavabı yoxdur deyə, çadıra buraxmırlar”
6-07-2020, 11:02

Bir aydan çoxdur ki, burdayam. Gələn kimi məlumat verdilər ki, tibbi yoxlanışdan keçib, COVİD 19 üçün test edilməlisiz. Testin cavabı çıxmayınca dövlət tərəfindən qurulmuş çadıra qəbul edə bilmərik. O müddətdə yemək, ümumi ayaqyoludan belə istifadəyə imkan verilmir. Avtoyuma məntəqəsində betonun üstündə döşək salıb yatırıq. Böyrəklərim ağrıyır. Adamlar çöldə geyimini altına sərib yatır. Mən artıq beton üstündə yatmaq istəmirəm. Analizin cavabını sürtləndirməlidilər. Lap deyək birimizdə virus var, cavab çıxanadək biz elə gecələr soyuq beton üstündə soyuqlayıb, pnevmaniya tutub, ölə bilərik”. DİA.AZ bildirir ki, bunu Rusiyadan Azərbaycana qayıtmaq səbəbilə Dağıstan-Azərbaycan sərhəd-keçid məntəqəsinə gələn, karantin səbəbilə ölkəyə buraxılmayan azərbaycanlılardan biri - Cəlilabad rayon sakini Ərşad Eminov deyir.

Aprel ayının sonlarından ökəyə keçməyə çalışan azərbaycanlılar karantin səbəbilə Dağıstan sərhəd-keçid məntəqəsində qurulmuş çadırlara yerləşdiriblər. Həmin vaxtdan azərbaycanlılar hissə-hissə ölkəyə keçirilib. Ancaq bu prosesin ləng aparılması çadırdakıların səbrini tükədib. Ötən ayın 15-də vəziyyət pik həddə çatıb, azərbaycanlılar ölkəyə buraxılmaları prosesinin sürətləndirilməsi tələbi ilə aksiya keçiriblər. Rusiya OMON-u aksiyanı dağıdarkən onlarla azərbaycanlı xəsarət alıb, onlarla azərbaycanlı barəsində isə cinayət işi başlanıb.

Aksiyada xəsarət alanlar olub. 70-dən çox insan saxlanılsa da, 10 nəfər haqqında cinayət işi qaldırılıb, 80-ə yaxın Azərbaycan vətəndaşı qısamüddətli inzibati saxlanmalara məhkum edilib ki, onların da çoxu artıq müddət bitdiyinə görə azad edilib.

Müstəqil KİV-in qiymətləndirmələrinə görə, etiraz aksiyalarında iştirak etmiş 400 Azərbaycan vətəndaşının təxminən yarısı etirazçıların dağıdılması zamanı polis zorakılığı ilə üzləşib.

Bundan 15 gün sonra – iyunun 30-da Dağıstanın Kullar qəsəbəsi yaxınlığında yaradılmış çadır düşərgəsində olan azərbaycanlılardan daha 250 nəfəri Azərbaycana buraxılıb. Sərhəddəki çadırlarda və məntəqəyə yaxın yerlərdəki bəzi xidmət obyektlərində gecələyən 250 azərbaycanlı isə hələ də ölkəyə buraxılmasını gözləməkdədir. Ərşad Eminov deyir, o, 1 aydan çoxdur ki, keçid məntəqəsindədir, COVİD 19-a görə analiz isə təxminən 12 gün əvvəl götürülüb və hələ də nəticəsi məlum deyil. Analiz gec götürüldüyündən və hələ də cavabı olmadığından onu keçid məntəqəsindəki müvəqqəti yaşayış çadırına qəbul etmirlər. Əvvəllər çöldə yatırmış, bu yaxınlarda isə keçid məntəqəsinin yaxınlığındakı bir avtomobil yuma məntəqəsində yatmağa yer tapıb.

Tural Bilalov da 1 aydan çoxdur ki, Ərşad Eminovla eyni taleyi paylaşır: “2 aya yaxındır burdayam, 20 gün olar analiz götürüblər, testin cavabı yoxdur deyə, nə çadıra qəbul edirlər, nə yemək, nə su verirlər. Mən də avtoyuma yerində qalıram. Heç olmasa testin cavabı tez çıxsın, bizi ya çadıra köçürsünlər, yeməklə təmin etsinlər, ya buraxsınlar çıxıb gedək evə. 20 gündür testin cavabını gözləyirəm. Bizdən sonra gələn adamlar sərhədi keçib ev-eşiklərinə gedirlər, mən isə hələ də testin cavabını gözləməkdəyəm. Burda söz-söhbət gəzir ki, kim pul verirsə, onu növbəsiz buraxırlar, gedir ev-eşiyinə. Bizim heç bir stəkan su alıb içməyə pulumuz yoxdur. Günlərlə ac-susuz qalırıq”.

Ucar sakini Nüsrət Murtuzov da 1 aydan çoxdur ki, COVİD-19-a görə verdiyi testin cavabını gözlədiyini deyir: “2 aydır burdayam, bunun son 1 ayı testə görə verdiyim analizin cavabını gözləməklə keçir. Hələ bundan sonra nə qədər gözləyəcəm, bir özləri bilir, bir də Allah... Necə olur ki, 1 həftə əvvəl gələnin adı siyahıda çıxır, mənim adım çıxmır? Düzdür, rüşvət verən demir ki, filankəsə rüşvət verdim, keçdim, ancaq biz də uşaq deyilik, yaxşı bilirik ki, cibimizdə pulumuz olsaydı, burda əl-ayaq altında qalmazdıq. Düzdür, görmürük kim kimə pul verir. Nə alan “rüşvət aldım” deməz, nə də verən. Amma bu ədalətsizlikdir. Buranın yerli camaatı öz “moyka”larında bizə yer verməsəydi, günəşin, yağışın altında sağlamlığımızı tamamilə itirərdik”.

Orxan Məmmədov Bakı sakinidir. Deyir, 3 aya yaxındır ki, sərhəddə “ilişib qalıb”. Bugünədək Azərbaycan və Rusiya rəsmilərindən heç kimi buraya gəlib insanların durumuyla maraqlanmayıb: “Bəlkə də gələn olub, mən görməmişəm. Ancaq bildiyim odur ki, 3 aya yaxındır qaldığımız əraziyə yaxın yerdə yaşayanlar sağ olsunlar, bizə kömək edirlər, bir də yoldan keçənlər yeməkdən, sudan verirlər. Təsəvvür edin ki, bir adam sərhəddə qəpik-quruşsuz, yeməksiz, susuz necə qala bilərdi? Yoldan keçənlər olmasaydı, çoxdan ölmüşdük. Aylarla bu şəraitsizlikdə, ac-susuz qalan insanın COVİD-19-a yoluxmasına ehtiyac yoxdur, özü necə də olsa başqa bir infeksion xəstəlik tutub ətrafa yayacaq. 10 gün əvvəl gələnlər bir də görürük əşyaların toplayıb getdi. Bu, necə olur? Bizə izah verən yoxdur. Sual verə bilmirik ki, bu necə oldu, biz aylarla burda qalırıq, 10 gün əvvəl gələn getdi? Burda əlisilahlılar dolaşır, səsini çıxaranı hədələyirlər. Əlisilahlıların əlindəki əsirlərə bənzəyirik”.
Azərbaycanlıların keçə bilmədiyi DƏMİR QAPI... - “Test cavabı yoxdur deyə, çadıra buraxmırlar”




XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.