XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Allahın da, dövlətin də unutduğu insanlarıq”

“Allahın da, dövlətin də unutduğu insanlarıq”

“Allahın da, dövlətin də unutduğu insanlarıq”
21-06-2020, 20:32

Kəlbəcərli köçkün: “ Bu boyda dövlət iki çarəsiz qadına kömək edə bilmir?”

Yevlaxda tikinti şirkəti materialları satılan bazarın bir kənarında yaşayan Kəlbəcər köçkünlərinin şikayəti var. Onlar köhnədən qalan bir binanın qalıqları arasında yaşamaqdan bezdiklərini söyləyirlər. Deyirlər ki, bina çox köhnədir. O qədər köhnədir ki, divarları ovulub-tökülür. O qədər dəlik-deşiyi var ki, evlərinin içinə ilan, qurbağa, əqrəb, kərtənkələ girir. Gecələri də rahat yata bilmirlər.

"Kəlbəcərdə gül kimi evimi-eşiyimiz var idi. Çətinlik nədir, bilməzdik. Torpağımız da, evimiz də əlimizdən getdi. Qaçqın olduq, gəldik Yevlaxa. Birinci çox bərbad bir qarajın içində məkunlaşdıq. İnanın, orada hamımız xəstə düşdük. Sonra həmin ərazidə məskunlaşanlara ev verib, köçürdülər. Bizi növbəti mərhələlərə saxladılar və müvəqqəti bura gəldik. Bu gün, sabah deyə-deyə 11 ildir ki, qalmışıq burada. Səsimizi eşidən, baxan yoxdur".

Sakinlərdən Şücayət İbrahimovanın sözləridir. 62 yaşlı qadının gözləri də yaxşı görmür. Deyir, normal gəliri də yoxdur ki, heç olmasa kirayə mənzil tutub, orada yaşasın. Buradakı bir idarədə bacısı və atası, digərində isə o yaşayırmış. Özü çox vaxt Bakıda olurmuş. İşləyib, dolanmaq üçün ailəsinə pul göndərirmiş:

"Yumurta, çörək sexlərində, restoranda, evlərdə xadiməlik edirdim. Əlimə keçəni də evə, atamgilə göndərirdim. Sonra elə oldu ki, atam xəstəlik tapdı, öldü. Mənim də gözlərim tutuldu, qaldım zəlil. Həm də bu çöllükdə bacımı da tək qoya bilmədim, qayıdıb gəldim. İndi 2 bacı yaşayırıq. Aylıq gəlirimiz isə 120 manatdır. İkimiz də yaşlı adamlarıq. Övlad, ailə, imkanlı qohum-əqrəba yox. O 120 manat da köçkünlərə verilən çörəkpuludur. Dövlət bu xarabaya sayğac da qoyub. Yəni "pulu ödəyin". Ancaq bizim hansı şəraitdə yaşamağımız onları maraqlandırmır".

"O qədər dəlik-deşiyi var ki, evlərinin içinə ilan, qurbağa, əqrəb, kərtənkələ girir"

Ş.İbrahimova deyir ki, həmin o 120 manatla həm kommunal ödəyirlər, həm də ərzaq alırlar:

"O pul heç nəyə çatmır. Məsələn, mən gözümə adi eynək ala bilmirəm. Bacım yıxılıb, qolunu zədələyib. Biz onu həkimə apara bilmirik. Dərman lazım olur, almaq imkanımz yoxdur. Təzyiq qalxır, limonlu çay içirik. Bu, yaşayış deyil. Barı bizi normal evlə təmin etsələr, bilərik ki, normal şəraitimiz var, çöllükdə, xarabalıqda yaşamırıq".

Bacılardan 56 yaşlı Sayat İbrahimova da şikayətçidir. Deyir, burada yaşamaqdan iyrənir. Yayda evin içindən qurbağanı çuvalla toplayır:

"Öldürməyə də ürəyimiz gəlmir. Atırıq çölə. Sabah yenə eyni şey olur, qayıdıb girirlər evə. Yerimiz-yurdumuz yoxdur. Qolum qırılıb, müalicə oluna da bilmirəm. Allahın da, dövlətin də unutduğu insanlarıq. Bəlkə də bu ölkənin ən sonuncu insanlarıyıq biz. Yoxsa, ən azından səsimizi eşidərlər. Həqiqətən, başqa necə deyim, bilmirəm, olduqca acınacaqlı durumdayıq".

Sayat İbrahimova deyir ki, atası öləndə ehsanını güclə veriblər. Qohum-qonşu kömək edib. İndi onları qınayırlar ki, bəlkə kirayə ev tutub, çıxasınız.

"Onu deyən görmür bu şəraiti? Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Deyirlər, "növbədəsiniz, gözləyin". Heç olmasa o növbə çatanacan bizə bir kirayə mənzil versinlər. Yəni dövlətin ayda ödəyəcək 200 manatı da yoxdur? Biz ölürük axı. Aylıq 60 manatla biz necə kirayəyə çıxaq? Hansı məmur bir aya 60 manatla dolana bilər? Bu, nə haqsızlıqdır?"
Bacılar deyirlər ki, yağış yağanda buraları su basır. Bütün evlərindəki əşyaları, yorğanları-döşəkləri suyun altında qalır:

"Yorğanımız, döşəyimiz də suyun içində olur. Həddən artıq ağırdır şəraitdə yaşayırıq. Nolar, bizim dərdimizə bir çarə tapsınlar. O boyda dövlət iki çarəsiz qadına kömək edə bilmir? Buna inanmaq istəmirik".

Kəlbəcər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Yevlaxda, eləcə də Azərbaycanın digər bölgələrində pis şəraitdə yaşayan kəlbəcərlilərin siyahısı onlarda var. Həmin ərazilərdə ev tikiləndə növbəli şəkildə mənzillə təmin edilirlər:

"Əvvəl sayları daha çox idi. Yavaş-yavaş evlə təmin edilib, köçürüldülər. Hamı evlə təmin ediləcək. Sadəcə bir az səbrli olsunlar. Hamının, xüsusən də çox pis şəraitdə yaşayan insanların siyahısı bizdə var. Həmin ətrafda ev tikiləndə yerləşdirilirlər. İş Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin birbaşa nəzarətindədir".

Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Zənglərə və göndərilən informasiya sorğusuna cavab verməyiblər.

Komitənin oxşar şikayətlərə cavabı eynidir. Hər dəfə bildirirlər ki, bütün məcburi köçkünlər siyahıya alınıb, hamı bir gün evlə təmin ediləcək. Sadəcə bu işlər mərhələli şəkildə həyata keçirilir. Növbə hamıya çatacaq.

1990-cı ilin əvvəllərində Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün salıb.

BMT-nin Miqrasiya Agentliyinin məlumatına əsasən, 1994-cü ildə atəşkəs imzalanana qədər müharibədə 30000-dən çox insan həyatını itirib, 600 mindən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı isə qaçqın düşüb.

Köçkün düşmüş əhali sığınacaq kimi istifadə edə biləcəkləri hər yerdə - məktəblərdə, xəstəxanalarda, uşaq bağçalarında, kitabxanalarda, yol kənarlarında, ya da bu ailə kimi kiçik daxmalarda məskunlaşıblar. Hətta ilk vaxtlarda çadırlarda qalanlar da var idi. Bu sığınacaqlar müvəqqəti sayılırdı, ancaq insanlar 25 ildən artıqdır ki, bu yerlərdə yaşayırlar. Müvəqqəti sığındıqları bu yerlər onların daimi yaşayış məskənlərinə çevrilib.

Mənbə:Meydan TV
“Allahın da, dövlətin də unutduğu insanlarıq”




XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.