XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Kristal Abşeron”un “Qobu Park” rüsvayçılığı: “Evlər spiçka qutusuna bənzəyir”

"Kristal Abşeron”un “Qobu Park” rüsvayçılığı: “Evlər spiçka qutusuna bənzəyir”

"Kristal Abşeron”un “Qobu Park” rüsvayçılığı: “Evlər spiçka qutusuna bənzəyir”
17-06-2020, 00:40

Bir müddət öncə Qaradağ rayonu Lökbatan qəsəbəsində 1300 ailə üçün inşa olunan “Qobu Park -3” yaşayış massivinin açılışı oldu. Açılış mərasimindən paylaşılan fotolar maraqlı reaksiya doğurdu. Belə ki, jurnalist Rövşən Əsədov açılış mərasimindən çəkilən fotoları sosial şəbəkələrdə yayaraq binanı inşa edən “Kristal Abşeron” tikinti şirkətini tənqid edib. Onun sözlərinə görə, şirkət Prezident İlham Əliyevin açılışını etdiyi binaları natamam şəkildə inşa edib. “Binaların bir hissəsinin damı tollansa da, bir hissəsi yarımçıq saxlanılıb” – deyən həmkarımız bildirir ki, eyni problemi digər binalarda məskunlaşan məcburi köçkünlər də yaşayıb: “Etiraz edildikdən sonra gəlib tolladılar. Yəqin ki, bunun üçün də dava-qırğın çıxartmaq lazım olacaq”.


Jurnalistin artıq neçənci dəfədir ki, eyni mövzuda narazılıq etdiyini nəzərə alaraq problemin nədən ibarət olduğunu araşdırmaq qərarına gəldik. “Mənim mənzilim də sonuncu mərtəbədə olduğu üçün bu problemdən ciddi əziyyət çəkirəm” deyə AFN-ə açıqlamasında bildirən R.Əsədovun sözlərinə görə, insanlara “Kristal Abşeron” şirkətinin inşa etdiyi binalardan mənzil almamağı tövsiyyə etdiyini dedi: “Çünki problem tək damların tollanmaması deyil, ümumiyyətlə bu binlara tikili deyil, spiçka qutusudur. Çox keyfiyyətsiz inşa edilib, şirkətin əməkdaşları sakinlərlə çox kobud davranırlar. ”

Bütün bunlardan əlavə, həmin binalarda məskunlaşan sakinlər ciddi su problemi yaşayırlar. R.Əsədovun sözlərinə görə, “QobuPark 2”-də yaşayan sakinlər artıq bir aydan çoxdur susuz qalıb: “Azərsu” deyir biz kifayət qədər təzyiqlə su veririk, problem “Kristal Abşeron”un nasoslarındadır. Şirkət isə deyir ki, “Azərsu” normal təzyiqlə su vermədiyi üçün biz anbarı doldurub paylaya bilmirik. Təsəvvür edin, anbara 100-lük boru ilə su gəlir, 150-lik boru ilə binalara vurulur. Belə çıxır ki, bu qurumların işi bir-birilə inteqrasiya etməyib, çətinliyi də əhali çəkir. Su vurulandan yarım saat-40 dəqiqə sonra anbarda su bitir, sonra gözləmək lazım gəlir ki, anbar dolsun”.
Jurnalist qeyd etdi ki, binaların üzlüklərinin qopması artıq normal hal kimi qəbul olunur: “Açılışı edildikdən bir neçə ay sonradan binların üzlükləri qopub tökülməyə başladı. Şirkətin işçiləri gəlir təzədən üslükləri vintlərlə binalara bağlayırlar. Bu zaman isə fəhlələr həddən artıq böyük kobudluq, sakinlərə qarşı hörmətsizlik edirlər. Hər üzlüyə bir vint bərkidirlər. Bir binada da yüz minlərlə üzlük var. Səs-küydən başımız gedib. Mən bir neçə gün öncə evə gələndə gördüm ki, paltar asılan ipi sındırıb atıblar. Ondan əvvəl isə kombinin borusunu vurub sındırmışdılar. Biz bir qədər gec xəbər tutsaydıq ordan gələn dəm qazı bizi öldürəcəkdi. Mən bununla bağlı sahə rəisi var Eldar müəllim, ona deyəndə elə danışdı ki, sanki günahkar mənəm”.
R.Əsədov binaların bir hissəsinin üstünün tollanmaması məsələsinə bir daha toxundu. Bildirdi ki, yerləşdiyi mənzil 10-c0 mərtəbədə yerləşir və evinin tavanı daim nəmişlikdən kif bağlayıb: “Silir-təmizləyirik az müddət sonra yenə olur. Böyük dava-qırğından sonra gətirib binanın üstünə tol çəkdilər, onu da qurumamış etdilər deyə yenə də nəmişlik var. Atamgil də bu binalarda məskunlaşıb, onlarda da eyni vəziyyətdir, nəmişlik olur evləri”.
Həmsöhbətimiz onu da bildirdi ki, binaların demək olar, 60-70 faizində lift normal işləmir: “Liftə baxan adamın nömrəsini qoyublar, zəng edirik zəng çatmır. Kimə dərdimizi deyiriksə deyir mən neynim. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edəndə deyirlər ki, binalar dövlət büdcəsi hesabına tikilməyib, şirkətin dövlətə töhvəsidir, biz qarışa bilmərik. Biz bu evə köçəndə bütün əşyaları təzədən dəyişdik, hamısı xarab və problemli idi. Təsəvvür edin, “razetkalar”ın üzlüyü vardı, arxası yox idi. Qapağı açırdım ki, altı boşdur, nə kabel var, nə xətt. Qapıları o qədər keyfiyyətsizdir ki, əksəriyyəti örtülmür. Divarlar o qədər nazikdir ki, qonşuda nə danışılırsa hamısı bizim evdə eşidilir. Divardan bir şəkil asmaq istəyirik, balaca mismar vururuq gedir qonşunun mənzilindən çıxır. Bu vəziyyətdə “Kristal Abşeron”un və komitənin nümayəndələri mənim təhvil-təslim aktına qol çəkməyimi istədilər, mən də çəkmədim. Çünki mən bu mənzili sağlam şəkildə təhvil almamışdım”.
Məsələ ilə bağlı “Kristal Abşeron”un mətbuat xidmətinin rəhbərinə sorğu ünvanlasaq da, konkret cavab ala bilmədik. Belə ki, mətbuat xidmətinin rəhbəri Rəşad Qurbanov sorğumuzu aldıqdan sonra şikayətdə əksini tapan məsələlərlə bağlı işçi qrupu yaradıldığını bildirdi və proses yekunlaşandan sonra bizə məlumat veriləcəyini dedi. Lakin sorğudan yarım aya yaxın vaxt keçməsinə baxmayaraq, heç bir məlumat təqdim edilməyib.
"Kristal Abşeron”un “Qobu Park” rüsvayçılığı: “Evlər spiçka qutusuna bənzəyir”




XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.