Məşğulluq xidmətləri sahəsində yeni layihələr hazırlanır
- 11-06-2020, 11:40
- 967
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Məşğulluq məsələlərinə dair işçi qrupun videokonfrans formatında keçirilən iclasında bildirib.
Prezident İlham Əliyevin tapşırığına əsasən son illərdə əmək bazarı və məşğulluq sahəsində ardıcıl islahatların aparıldığını qeyd edən S.Babayev nailiyyətlərdən biri olan “Məşğulluq” altsisteminin dövlət məşğulluq xidmətlərinin elektron müstəvidə çevikliyini və keyfiyyətinin artırılmasını təmin etdiyini deyib. Aktiv məşğulluq tədbirlərinin təşkili mexanizmlərinin təkmilləşdirilməsi, bu məqsədlə e-texnologiyalardan daha geniş istifadənin təmin olunması ilə bağlı bir sıra hədəflər də müəyyən olunub.
Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinin, məşğulluq xidmətlərinin, peşə hazırlığı sisteminin və peşəyönümü məsləhət xidmətlərinin, qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Qeyri-formal məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər, əmək bazarında işçi qüvvəsi ilə bağlı tələb və təklifin mütəmadi olaraq öyrənilməsi mexanizmləri təhlil olunub. Aktiv məşğulluq, o cümlədən özünüməşğulluq, peşə hazırlığı, haqqı ödənilən ictimai iş yerlərinin təşkili və digər proqramların genişləndirilməsi üçün aparılan işlərdən bəhs edilib.
Həmçinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyət istiqamətləri, əmək bazarı və sosial müdafiə sahələrində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması və s. sahələrdə aparılan işlər müzakirə olunub.