Nar”-ın “Təlim məktəbi” kurslarının ilk mərhələsi başa çatıb
- 19-01-2017, 15:56
- 1 362
75 nəfərədək nitq və eşitmə məhdudiyyətli gəncin iştirakı nəzərdə tutulmuş kurslar “Təlim məktəbi” layihəsinə görə tədrisi planlaşdırılmış üç istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürmüşdü. Qeyd edək ki, təlimlər nitq və eşitmə məhdudiyyəti olan gənclər üçün xüsusi tərcüməçi vasitəsilə reallaşdırılırdı. Kursun rəhbəri bu sahə üzrə peşəkar mütəxəssis olan Günay Əmirova oldu.
Eyni zamanda, layihə heyəti tərəfindən dəvət olunmuş psixoloq tərəfindən kurs iştirakçılarının peşə potensialları qiymətləndirildi, həftə ərzində təşkil olunmuş mütəmadi görüşlərdə özünə inam və motivasiyanın artırılmasında onlara yardım göstərildi.
Dizayn proqramları ixtisası üzrə təşkil edilmiş kursların iştirakçıları olan gənclər dərsləri müvəffəqiyyətlə başa vuraraq, müvafiq sertifikatlarla təltif edildilər. “Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin əlilliyi olan insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğuladı.
“Sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələr cəmiyyətin inkişafına misilsiz töhfə verməkdədir. “Nar” operatoru tərəfindən dəstəklənən bu təşəbbüs Azərbaycanın işgüzar mühitində gözəl bir nümunə oldu”, - deyə o, sözlərinə əlavə etdi.