SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » NİZAMİ RAYONUNDA “DEZİNFEKSİYA ŞOUSU” – Rayon rəhbərliyi kimi aldadır: Prezidenti, yoxsa sakinləri...

NİZAMİ RAYONUNDA “DEZİNFEKSİYA ŞOUSU” – Rayon rəhbərliyi kimi aldadır: Prezidenti, yoxsa sakinləri...

Tarix:

29-03-2020, 00:58

/ 1 819 dəfə oxundu.
NİZAMİ RAYONUNDA “DEZİNFEKSİYA ŞOUSU” – Rayon rəhbərliyi kimi aldadır: Prezidenti, yoxsa sakinləri...

Hazırda dünyada və ölkəmizdə koronavirus epidemiyasının sürətlə yayılması insanların gigeynik qaydalara ciddi əməl etməsi ilə yanaşı, yaşadığımız bina və mənzillərin də dezinfeskiya edilməsini şərtləndirib. Əslində, insanların sağlamlağının qorunması baxımından bu cür dezinfeskiya işlərinin davamlı olması vacibdir. Məlumdur ki, natəmizlik yoluxucu xəstəliklərin yayılması üçün daha münbit şərait yaradır. Amma bu gün dünyada koronavirusun minlərlə can aldığı bir vaxtda belə, bəzən insanlar özləri bu mühitin yaradılmasında rol oynayırlar. Elə Hurriyyet.org-a şikayət edən vətəndaşın sözlərindən də bu, aydın görünür.

Nizami rayonu ərazisində “Vərəm dispanseri” ilə üzbəüz binlardan birində yaşayan şikayətçinin sözlərinə görə, dezinfeksiya işləri ancaq ikinciyə mərtəbəyədək aparılır: “İkinci mərtəbədən yuxarı qalxıb, dezinfeksiya işlərini görmürlər. Bir-birilərini də video ilə çəkirlər ki, guya, bloku tam dərmanlayırlar. Elə yarımçıq qoyub, çıxıb gedirlər. Həmin şəxsləri tutduq, soruşduq ki, bu nə hərəkətdir, bu dərmanları sizə nə üçün veriblər?! Əslində, bu dərmanları veriblər ki, hər bir bloku sonuncu mərtəbəyə kimi dərmanlasınlar, amma buna əməl etmirlər”.

Elə bu şikayətdən Nizami rayonunda dezinfeskiya işlərini görən şəxlsərin insan həyatına nə qədər laqeyd yanaşdığı ortaya çıxır. Halbuki, bu gün dünyada hər bir dövlət, insan bu yoluxucu virusa qarşı mübarizə apardığı bir vaxtda dezinfeksiya işlərinin normal, kefiyyətli görülməsi vacibdir. Əslində, bu gün Bakı şəhərində, ölkənin digər şəhər və rayonlarında dezinfeksiya işlərinin görülməsi üçün kifayət qədər vəsait xərclənir. Bu vəsait hesabına əməkhaqqı alan həmin şəxslər dərk etməlidirlər ki, “bu yoluxucu xəstələyin qarşını almaq üçün vətəndaşlar hətta dövlətə yardımlar edirlər, biz də heç olmasa öz işimizi vicdanla yerinə yetirək”. Amma təəssüf ki, dövlətimzin və xalqımızın bu ağır vaxtında belə, vətəndaş mövqeyi sərgilməyən insanlarımız hələ də var. Əgər bu işi görən hansısa vətəndaş ikinci mərtəbədən yuxarı qalxıb, dezinfeksiya işlərini görmək istəmirsə, onda bu işin məsuliyyətini də öz üzərinə götürməməlidir. Yox, əgər bu məsuliyyəti üzərinə götürürsə, bunu vicdanla yerinə yetirməlidir, başa düşməlidir ki, onun natamam gördüyü işə görə hansısa insan koronavirusa yoluxa və həyatını itirə bilər.

Əslində, dezinfeksiya işlərini bu cür natamam görən şəxslərə qarşı ciddi tədbirlər görülməli, onlar sərt şəkildə cəzalandırılmalıdır ki, insanların həyatı ilə oynamasınlar. Çünki cəza tədbirləri olmayan yerdə belə məsuliyyətsiz hallarla bağlı şikayətlər də davam edəcək.

Sözügedən şikayətlə əlaqədar Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıqda telefona cavab verən polis əməkdaşı “sizə müraciət edənin adını, familyasını, ünvanını, telefon nömrəsini deyin, getsinlər təzədən dərmanlasınlar. Bizə deyirlər ki, bütün binalar dərmanlanır. Onsuz da hər binanı, bloku gündə iki dəfə dərmanlayırlar”,- dedi.

Əslində, heç kim demir ki, binalar, yaxud bloklar dərmanlanmır. Dərmanlanır, amma necə? Məsələ budur. Natamam dərmanlamaq, hansısa bloka girib, ikinci mərtəbədən yuxarı qalxmamaq, bu, hələ işin hamısı demək deyil. Ona görə də bu işə məsuliyyət daşıyan və əməkhaqqı alan şəxsdən işini sona kimi, keyfiyyətli yerinə yetirməsi tələb olunmalıdır.

Koronavirusun dünyada və ölkəmizdə tuğyan etdiyi bir vaxtda dezinfeksiya işlərinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nəzarət edib-etmədiyni öyrənmək məqsədilə bu quruma müraciət etdikdə isə, telefona cavab verən xanım dedi ki, “zəhmət olmasa, Nizami rayon GEM-ə zəng edib, onlarla maraqlanın”. Deyəndə ki, bəs, mərkəz bu məsələlərə baxmır? Xanım cabab verdi ki, “mənim işim telefona cavab verməkdir. Artıq onunla kim maraqlanır, onlardan gərək, soruşaq”. “Kim məşğuldur, onunla əlaqə yaradın” dedikdə isə xanım cavab verdi ki, “mən bilmirəm o işə burada baxan kimdir. Çünki mən bura təzə gəlmişəm, kollektivi tanımıram. Mən sizə Nizami rayon GEM-in nömrəsini verim, danışın”.

Nizami rayon Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşı isə bildirdi ki, dezinfeskiya edənlər o idarədə oturmurlar: “Respublika Gigiyena və Epidemiologiynın qaynar xəttindən verilən şikayətləri biz də bölməyə yönləndiririk. Bölmə müdiri təcili ya dizinfeksiya idarəsinə zəng edir, ya da “jek”ə tapşırır”.

“Belə çıxır ki, şikayətə dolayısı ilə baxılır”, - dedikdə Nizami rayon Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşı bunları bildirdi: “Bizdə birbaşa gediş yoxdur. bizdə dizenfeksiya edən nə işçi, nə də təlimatçı var. Onlar ayrı yerdə otururlar. Bizim qaynar xəttə hansı şikayətlər olunubsa, dəqiqliyi ilə bölmə müdirinə çatdırmışıq, onlar da yerinə yetirirlər, amma biz dizinfeksiya etmirik. Dezinfeksiya idarəsi bizim tabeliyimizdə olan bir müəssisə deyil. Əvvələr hər rayonun özündə belə işçilər var idi. Sonra onları bizdən ayırdılar. 3-4 rayonun işçiləri bir yerdədirlər. Yəni onlar təsərrüfat hesabına özləri üçün işləyirlər. Bizə aidiyyatı yoxdur. Sadəcə, bizə şikayət gələndə onu şikayət kimi qəbul edirik. Dezinfeksiya idarəsinə zəng edirik ki, bu ünvanda şikayət var, şikayəti araşdırın, yerinə yetirin. Onlar da bizə məlumat ötürürlər ki, biz o ünvanı araşdırdıq, ya yerinə yetirdik, yaxud səbəb nədi, onu deyirlər. Çünki bəzi hallarda şikayət öz səbəbini tapmır”.

Ancaq Nizmai rayon GEM-in əməkdaşının verdiyi nömrəyə dəfələrlə zəng etsək də, dezinfeksiya idarəsindən telefona cavab verən olmadı.

Əslində, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşının məsuliyyətdən boyun qaçıraraq “mən burada təzə işləyirəm, kollektivi tanımıram” deməsi rəhbərliyin tapşırığı ola bilər ki, gələn şikayətlərə Mərkəz birabaşa cavab verməkdən yayınır. Bu da Mərkəzin bir dövlət qurumu olaraq necə çalışmasını aydın göstərir və ölkədə koronavirus tuğyan etdiyi bir vaxtda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin lazımsız bir qurum olduğunu ortaya qoyur. Belə bir vaxtda Mərkəz ciddi iş rejimində çalışmırsa və kollektivi tanımayan birini telefona cavab verməyə məsul bir şəxs kimi təyin edirsə, daha bunun nəyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi oldu ki?!

Nizami rayon Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşının dediklərindən isə bəlli oldu ki, bunların işi ancaq dezinfeksiya idarəsinə şikayətləri yönləndirməkdir. Maraqlıdır ki, şikayətləri harasa yönləndirmək üçün Nizami rayon Gigiyena və Epidemiologiya idarəsinə, ümumiyyətlə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nə ehtiyac var ki? Hansı ki, bu qurumlar heç normal şəkildə mətbuat orqanına informasiya vermək iqtidarında deyillər. Halbuki, bu cür lazımsız qurumların saxlanılması üçün nə qədər vəsait xərclənir. Əslində, dezinfeksiya işlərinin görülməsi üçün 3-4 rayonun işçilərinin bir qurumda çalışması özü də doğru deyil. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və müvafiq rayonlar üzrə şöbələri olduğu halda, ayrıca dezinfeksiya idarələrinin yardılması özü də əlavə vəsait itkisidir. Belə görünür ki, elə şikayətləri ötür-ötür məqsədilə yola vermək və əlavə vəsait xərcləmək üçün yaradılan idarələrdir. Ona görə, şikayətləri yola vermək üçün ötür-ötür ilə yola verən idarələrdir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Nizmai Gigiyena və Epidemiologiya İdarəsinə, o da dezinfeksiya idarəsində şikayətin araşdırılmasını yönləndirir. Dezinfeksiya idarəsi də sonda telefona cavab vermir.

Hurriyyet.org

P.S. Əslində, Nizami rayonunda kifayət qədər ciddi problemlərin olmasını baxmayaraq, dəfələrlə yazsaq da ki, bu rayon başsızdır, heç kəs bizə inanmaq istəmirdi. Amma rayonda dezinfeksiya işlərinin natamam aparılması da sübut etdi ki, ekstremal vəziyyətdə belə, bu rayonun başçısı yerində tapılmır. Üstəlik də cavahdeh olduğu rayonda baş verənlərdən heç bir xəbəri yoxdur. Bu, bizə onu deməyə əsas verir ki, bu adam artıq dəyişdirilməlidir. Dəfələrlə də qeyd olunduğu kimi, bu adam yerində deyil, onun rayonda baş verənlərdən heç bir xəbəri yoxdur, ya vəzifə səlahiyyətlərini yerinə yetirə bilmir, qabiliyyətsizdir, ya da Prezidentin, ölkə rəhbərliyinin göstərişlərini qulaqardına vurub, məsuliyyətsiz yanaşır.

Şərhlər

XƏBƏR LENTİ