"Azərbaycan dövləti sosial sahədə öz sözünü deyir" - Prezident İlham Əliyev
- 18-03-2020, 15:41
- 818
Bunu martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev deyib.
“Bu, mənim bu yolun müxtəlif mərhələlərdə açılışında altıncı iştirakımdır. Müxtəlif dövrlərdə bu xətt boyunca altı dəfə getmişəm - Pirşağı stansiyası, Sabunçu dəmir yolu vağzalı, Sumqayıt dəmir yolu vağzalı, Bakı dəmir yolu vağzalı və bu gün. Bütün bu qısa açılışlar bir məqsədi güdürdü ki, biz Novruz bayramına qədər xalqımızı sevindirək. Bu, Abşeron yarımadasında yaşayan insanlara bayramqabağı verilən ən böyük hədiyyələrdən biridir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial sahədə öz sözünü deyir. Baxmayaraq buna böyük vəsait tələb olunur, biz bunu edirik ki, insanlar rahat yaşasınlar, iş başına, mənzil başına daha tez çatsınlar və insanların təhlükəsizliyi təmin edilsin. Çünki bəzi hallarda avtomobil yollarında baş verən qəzalar əfsuslar olsun ki, çox ağır fəsadlar törədir. Ona görə təhlükəsizlik, ekoloji tarazlıq, vaxt, rahatlıq baxımından bütün bu amilləri tam təhlil edərək hər kəs bir daha görür ki, bu xəttin nə qədər böyük əhəmiyyəti var”, - Prezident bildirib.
Dövlət başçısı vurğulayıb ki, bundan sonra da işlər davam etdiriləcək:
“Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar”.