XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” - "4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."

“Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” - "4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."

“Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” - "4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."
22-01-2020, 12:25

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu kimi tanınan Zamin Məmmədov adlı şəxsin evində fəhlə və usta kimi çalışdıqlarını bildirən Ramil Ataşov və Eldəniz Abbasovun adından redaksiyamıza daxil olan şikayət məktubunda qeyd edilir ki, adıçəkilən şəxs onların halal zəhmət haqqını ödəmək istəmir.

Şikayətçilərin ölkə başçısına və Daxili İşlər nazirinə ünvanladıqları, bir nüsxəsini də “AzPolitika.info”-ya göndərdikləri məktubda bildirilir ki, ümumilikdə 23 nəfər Z.Məmmədovun 4 mərtəbəli evinin tikintisində 8 ay çalışıb. Lakin evin sahibi fəhlələrin zəhmət haqları və onların mağazalardan tikinti üçün nisyə götürdükləri malların dəyəri olmaqla, ümumilikdə 37 min manatı ödəməkdən imtina edib.

Düşdükləri çıxılmaz vəziyyətlə bağlı ölkə başçısına və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən fəhlələr yazır: “Məmmədov Zamin Fərhad oğlunun Nərimanov rayonunun Maqsud Əlizadə küçəsi 68 ünvanındakı 4 mərtəbəli evini və həyətini ötən ilin may ayından dekabr ayının sonuna qədər Avropa standartlarına uyğun yüksək səviyyədə təmir etmişik, qara qul kimi gecə-gündüz fəhləlik etmişik. Onun yağlı vədlərinə inanaraq bizə etibar edən ticarət şöbələrindən on min manatlarla nisyə material alıb işlətmişik. Son nəticədə 37 min 716 manat yığılıb qalmış pulumuzu istədikdə isə onun təhqirlərinə məruz qalmışıq”.

Şikayətçilər iddia edirlər ki, Z.Məmmədov onlarla bərabər xeyli sayda digər şəxsləri də aldadıb: “Biz onun qapısında işləyəndə hər gün onlarla insan borc pul dalınca onun ünvanına gəlir, onu evdə tapa bilmirdilər... Biz artıq hiss edirdik ki, haqqımızı ala bilməyəcəyik və bizi də eyni aqibət gözləyir. Lakin işimizi də yarımçıq qoymaq istəmirdik, vəziyyətdən çıxış yolu axtarırdıq. Neçə müddətdir Zamin Məmmədovun ətrafında apardığımız müşahidələr göstərir ki, onun hiylə yolu ilə aldadıb malını, pulunu varidatını ələ keçirdiyi insanların sayı yüzlərlədir.”

Sonda şikayətçilər ölkə başçısından və nazirdən bu işi nəzarətə götürmələrini, onlara dəymiş ziyanın ödənilməsini xahiş edirlər.

Redaksiyamız qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.