SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyində korrupsiyanın anatomiyası-VİDEO

Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyində korrupsiyanın anatomiyası-VİDEO

Tarix:

10-12-2019, 09:54

/ 1 620 dəfə oxundu.
Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyində korrupsiyanın anatomiyası-VİDEO

Kasıbın haqqını belə yeyirlər…-nazir Sahil Babayevin diqqətinə…
…Bakının Binəqədi kəndindəki Mədən ərazisində çətin sosial vəziyyətdə yaşayan Sadıxovlar ailəsi bu il iyulun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onlayn qaydada ünvanlı sosial müavinət almaq üçün müraciət edib. İki həftə sonra ailəni təmsil edənin mobil nömrəsinə müavinətdən imtina edilməsi barədə mesaj gəlib. Vətəndaş nazirlikdən öyrənib ki, imtinaya səbəb ailə başçısı Sadıxov Qasım Mais oğlunun 2018-ci ildə faktiki olaraq işlədiyi olsa da, bu fakt müraciətdə qeyd edilməyib.
Ailənin təmsilçisi Aynur Sadıxova ərinin heç vax heç yerdə işləmədiyinə tam əmin olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya, iki dəfə isə Birinci Vitse- Prezident Mehriban Xanım Əliyevaya bu əsassız imtinaya görə müraciətlər ünvanlayıb. Sonra öyrənib ki, keçən il ərinin əmək müqaviləsi üzrə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində işlədiyi nazirliyin internet sistemində qeydə alınıb.
Zərərçəkən bizə müraciət edərək ona aid şəxsi məlumatların istənilən qanuni formada toplamaqla bu faktları araşdırmağı və dövri mətbuatda ictimailəşdirməyi xahiş etdikdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə vətəndaş Sadıxov Qasım Mais oğluna dair zəruri şəxsi məlumatları topladıq, olduqca maraqlı və təəssüf doğuran faktlarla qarşılaşdıq.
Aşkar etdik ki, Sadıxov Qasım Mais oğlu faktiki olaraq heç yerdə işləmədiyi halda, Bakı Şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi Binəqədi Rayon Məşğulluq Mərkəzinin göndərişinə əsasən üzünü görmədən onunla 31.01.2018-ci il tarixli 21NJHXW000100 №-li əmək müqaviləsi tərtib edərək AR ƏƏSMN sistemində qeydiyyatdan keçirmiş, adına sosial-sığorta şəhadətnaməsi, müvafiq bank əməkhaqqı kartı açdırmış, 11 ay sonra, yəni, 29 dekabr 2018-ci il tarixdə həmin əmək müqaviləsinə xitam vermişdir. Bu müddət ərzində onun adına Binəqədi RMKTB-nin bir qrup əməkdaşının – rəisinin, mühəndisinin, briqadirinin, kadrlar üzrə inspektorunun, mühasiblərinin əlbir olaraq Sadıxov Qasım Mais oğlunun adına naryadlar, işə gəlib-getməsinə dair tabel və digər sənədlər tərtib etmiş, 1918 (bir min doqquz yüz on səkkiz) manat əməkhaqqı yazıb almış və mənimsəmişlər.
Şifahi söhbətlərdən məlum oldu ki, bu saxta işdə Binəqədi Qəsəbə Bələdiyyəsindən də əli olanlar var, indi həmin adamlar yenidən bələdiyyə seçkilərinə namizədliklərini veriblər.
Bakı Şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Zamanov Elmin Elbəyi oğluna 23 oktyabr 2019-cu il tarixdə rəsmi sorğu təqdim edərək faktla bağlı zəruri sənədlərin təsdiqlənmiş surətlərini əlavə etməklə konkret suallara aydınlıq gətirilməsini xahiş etdik. Lakin o, Binəqədi Qəsəbə Bələdiyyəsində bu saxtaskarlığın səbəbkarına xəbər vermiş, həmin şəxs Qasım Sadıxovu və həyat yoldaşını dilə tutaraq özü ilə rəisin yanına aparmış, şikayətlərindən imtina etmələri barədə ərizələr yazdırmışdır. Yəni, bu saxtakarlıqların müəllifləri törətdikləri qanunazidd əməlləri ört-basdır etmək istəmişlər.
Amma, necə deyərlər, “cidanı çuvalda gizlətmək olmaz”. Adına saxta əməkhaqqı yazılan aylarda Qasım Sadıxov Azərbaycanın hüdudlarından kənarda olmuşdur. Onun ümumvətəndaş pasportunun səhifələrində 25 iyun 2018-ci ildə Xanoba sərhəd-gömrük məntəqəsində ölkədən getməsi, Samux sərhəd-gömrük məntəqəsində isə 27 aprel 2019-cu ildə Azərbaycana qayıtması barədə rəsmi qeydlər var.
Binəqədi RMKTB-nin bir qrup əməkdaşının – rəisinin, mühəndisinin, briqadirinin, kadrlar üzrə inspektorunun, mühasiblərinin əlbir olaraq Sadıxov Qasım Mais oğlunun adına saxta əmr, naryadlar, işə gəlib-getməsinə dair tabel, və digər sənədlər rəsmləşdirilməsi, xeyli miqdarda, 1918 (bir min doqquz yüz on səkkiz) manat əməkhaqqı yazılaraq alınması və mənimsənilməsi barədə əsaslı şübhələr var.
Jurnalist olaraq bu şübhələri doğuran təkzibolunmaz faktları üzə çıxardıq. Onları ciddi araşdırmaq və hüquqi qiymət verib əməli tədbirlər görmək isə prokurorluğun vəzifəsidir.
Mövzuya qayıdacağıq…
Eldar İsmayılov
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti
(Xüsusi olaraq “Təzadlar” üçün)

Şərhlər

XƏBƏR LENTİ