SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qış parkının qərib sakini və ya “məchul” Orxan kimdir? - GİLEY

Qış parkının qərib sakini və ya “məchul” Orxan kimdir? - GİLEY

Tarix:

18-11-2019, 18:06

/ 944 dəfə oxundu.
Qış parkının qərib sakini və ya “məchul” Orxan kimdir? - GİLEY

Qış Parkında yeraltı keçidlərdən birində döşəmədə yatmış oğlan gördüm. Düzü, ilk baxışda yaşının azlığını yəqin etdim, elə də şirin yatmışdı ki...

Yeraltı keçiddə pullu ayaqyoluna nəzarət edən yaşlı qadına yaxınlaşdım və öyrəndim ki, bu uşaq, əslində 24 yaşlı gəncmiş və ara-sıra bu keçiddə gecələyirmiş.

Qadın əvvəlcə suallarıma laqeyd, yorğun cavab verdi, sonra jurnalist olduğumu biləndə danışıq tərzini dəyişdi, qayğıkeş görkəm gəldi.

Gəncin oyanma saatını gözləmədən ona yaxınlaşdım, oyatdım. Bayaqdan onun yanından laqeyd keçən insanlar da ayaq saxlayıb onunla maraqlanmağa başladılar. İlk baxışda səmimi görünən gənc mənə sənədlərini rahatlıqla təqdim etdi və dialoqumuz baş tutdu:

- Adın nədir, neçə yaşın var? Niyə burdasan?

- Adım Orxandır, 24 yaşım var. Qubadanam, 2012-ci ildən valideynlərimi itirmişəm, qohumlarım olsa da, kimsəsizəm.

- Bəs doğmaların necə? Onlar sənə baxmırlar?

- Bir necə dəfə getmişəm, sifət ediblər, ona görə getmək istəmirəm.

- Sənə kömək etmək istəyirik. Harasa müraciət etmisənmi? Gedəcək yerin yoxdursa, dövlət sığınacağında qala bilərsən.

- Zabratdakı sığınacağa getdim bir-iki dəfə. Sonra istəmədim.

- Niyə, Orxan? Orada hər cür imkan var axı, qidalanma, gecələmə.

- Ora mənə internatı xatırladır.

- İnternatda olmusan ki?

- Əvvəllər 10 saylı internatda olmuşam.

- Deyirsən valideynlərini sonradan itirmirən. Bəs onların yanında heç qalmamısan?

- Bilmirəm, nə bilim… Ölmək istəyirəm!

- Elə demə, sən hələ gəncsən.

- …

- 2-ci qrup əlilliyin var (danışa-danışa əlillik kartı göstərmişdi – red.). Bu pensiya ilə dolanırsan? İşləyə bilirsənmi? Təhsilin varmı?

- Ayda 130 manat alıram, daimi işdə işləyə bilmirəm, halsız oluram. Təhsilim ortadır. Sintezatorda ifa edə bilirəm.

- Gəl belə edək, sənə bacardığımız qədər dəstək verək, axı burda qala bilməzsən. Sən onu bilirsən ki, kimsəsiz insanları küçədə hansı təhlükələr gözləyir? Məsələn, sən insan orqanı alveri ilə məşğul olan şəxslər tərəfindən qurbana çevrilə bilərsən. Yaxud zərərli vərdiş, uyuşdurucu istifadəçisinə çevrilə bilərsən, çox pis xəstəliyə yaxalanarsan. Həm də qış fəslidir.

- Bilirəm, amma neyləyim? Deyin, eləyim.

- Əvvəlcə biz əlaqədar şəxslərlə danışaq, yenidən sığınacağa yerləş. Deyirsən, əlilliyin var, lazımı tibbi yardım göstərilsin sənə.

- Yaxşı.
Beləcə, söhbətimiz əsnasında Orxan ayağa qalxıb geyindi, hansısa xeyirxah insanının ona verdiyi isti örtüyü, balışı özü ilə götürüb keçiddən küçəyə cıxdı.

Onu da qeyd edim ki, Orxanla söhbətimizin sonunda yeraltı keçidin mühafizə xidmətinin əməkdaşı yaxınlaşdı. O da Orxan haqqında nəsə pis söz demədi, amma evdən qaça biləcəyi ehtimalını irəli sürdü. Hətta mənim ona çox da etibar etməyimi məsləhət görmədi.

Amma bu, nə qədər məntiqli bir ehtimal hesab oluna bilər ki? Orxan 18 yaşını tamamlamış biridir, yəni artıq uşaq sayılmır, bir də bu gənc yalan danışsaydı və köməyə ehtiyacı olmasaydı, dərhal mənə sənədlərini və mobil telefonunu verməzdi, axı mən ona jurnalist olduğumu demişdim.

Orxanla bağlı məlumatları və indiki vəziyyətini qiymətləndirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Nazirlidən müraciətimə operativ araşdırma aparıldı və məlumat verildi ki, Orxan Nurməmmədov adlı gənc hazırda da Dövlət Sosial Müdafiə Fondunun nəznində olan Zabrat Sosial Sığınacağının (Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km. 33 A. ünvanında) sakinidir.

“O gənc daimi bu müəssisədə qalır, ona lazımı tibbi yardım göstərilir, bir sözlə, nəzarətimizdədir. Bu müəssisədə qeydiyyata düşən insanlar birbaşa Dövlət Sosial Müdafiə Fondunun göndərişi ilə gəlirlər. Onların haqqında məlumat bankında tutarlı informasiya var. Sığınacaqda qalanları hec nəyə məcbur etmirik, onların şəxsi həyatına, işinə qarışmırıq, istədikləri vaxt harasa gedib-qayıda bilərlər. Həmin gün də Orxan, yəqin şəhərə gedib, geri qayıtmayıb, yaxud səhər tezdən çıxıb gedib. Siz də onunla həmin vaxt qarşılaşmısınız” – deyə Nazirlikdən bildirildi.

Doğrudur, Orxan ağlı başında olan, özünü idarə edə bilən müstəqil gəncdir, onun davranışlarına, etdiklərinə özündən başqa heç kəs məsuliyyət daşıya bilməz. Amma Nazirlik əməkdaşının sözündən belə çıxdı ki, ya yeraltı keçiddə yatan Orxan deyil, başqa biridir, ya mən səhv görmüşəm, ya da ətrafda olan şahidlərin dedikləri yalandır. Amma faktlar başqa söz deyir.

Bir də tövsiyyə edərdik ki, sosial sığınacaq evlərində insanlar üçün yatmağa yer, yeməyə qida verilməklə yanaşı, onlara psixoloji dəstək də göstərilsin. Orxanda o dəstəyin “d”ni də görmədim, təəssüf ki, o, özünü “yararsız” biri hesab edir…

Şərhlər

XƏBƏR LENTİ