"Azəriqaz”ın “qazan(c)” , “Azərsu”yun “yezid” siyasəti 2 ildir “smart su” sayğacının kartı istehlakçıya verilmir
- 18-11-2019, 11:09
- 953
“Azərsu” , “Azəriqaz” , “Azərişıq” yetkililərinə su və qaz sahəsində qanunvericiliyin tələblərini basın yolu ilə çatdırmaqla, dövlətin və onun başçısının sosial-iqtisadi siyasətini sabotaj etməkdən çəkinmək amacı güdürük. “Su təchizatı və tullantı suları haqqında” 28 oktyabr 1998-ci il tarixli 723-IQ saylı Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən istənilən istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşmalıdır və qoşulma fiziki şəxslər istisna olmaqla digər qrup istehlakçıların hesabınadır. Sözügedən qanunun 31.1-ci maddəsinə görə, fiziki şəxslərin suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” 30 iyun 1998-ci il tarixli 513-IQ saylı Azərbaycan Respublikası Qanununun 13.1 maddəsinə görə, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişi ilə onu qaz şəbəkəsinə qoşub təchiz etməlidir və 13.9 maddəsinə görə, məişət qaz qurğularının , yəni saatda 10 kubmetrədək qaz sərf edən qurğuların istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli 459-IQ saylı Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların su, qaz, işıq sayğacları ilə təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi müvafiq xidmət qurumlarının hesabınadır. Bəs nəyə görə, bu xidmət qurumları vətəndaşlardan qanunda nəzərdə tutulmayan ödəniş tələb edərək onları xidmətdən illərdir məhrum edirlər, yezidlik, qazlamaq, qaranlıq yolunu tuturlar?
Yoxsa, bu qurumların öz (başınalıq) qanunları var?
Məğrur Bədəlsoy
Qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az