Deputatın şirkəti vətəndaşın evini başına uçurub
- 25-09-2019, 14:36
- 993
Digər “pilot layihə”lərdə olduğu kimi bu layihədə də şirkət sakinlərlə müqavilə bağlayıb onlara evlərindən kirayə mənzillərə köçməyi təklif edir. Kirayə haqqı kimi sakinlərin yaşadıqları evlərin sahəsindən asılı olaraq 250-450 manat ödənilməsi nəzərdə tutulur. Şirkətin sakinlərlə bağladığı müqaviləyə əsasən onlara yeni binada əvvəlki mənzillərindən 20 faiz geniş yaşayış sahəsi verilməlidir. Lakin sakinlərin bir qrupu bu şərtlər altında köçmək istəmir. Onlar deyirlər ki, cəmi 10 manat nizamnamə kapitalı olan hansısa MMC-nin möhürünə etibar edib mənzillərinin dağıdılmasına razı ola bilməzlər. Çünki bu şirkətin müqavilə öhdəliklərinə əməl edəcəyinə onlarda əminlik yoxdur.
Redaksiyamıza həmin pilot layihədən narazı olan Bakı şəhəri, Nəsimi rayonu Mikayıl Rəfili, ev 17 mənzil 1 ünvanında yaşayan Həsənova Mehriban Hilal qızı və Həsənov Tale Mərdan oğlu tərəfindən yazılmış dövlət başçısı İlham Əliyev cənablarına və digər əlaqədar qurumlara ünvanlanmış şikayət ərizəsi daxil olmuşdur. Ərizədə deyilir ki, həmin ünvanda onlara məxsus hər birinin sahəsi17 kv.m olan evlər 11 sentyabr 2019-cu il tarixdə gunorta vaxtı “Azərtikinti” MMC-nin əməkdaşları tərəfindən qanunsuz olaraq uçurulmuşdur. Ekskovator vasitəsilə damı uçurulan evlərdə həmin vaxt yaşayış olub və mənzil sahiblərinin əşyaları tam yararsız hala salınmışdır. Umumilikdə onlara dəyən maddi zərər 40.000 manatdan çoxdur. Bundan sonra səhərisi gün mənzilə gələn mavi qaz, elektrik enerlisi, su təchizatı şirkətin nəzarətçisi tərəfindən kəsilmişdir. Bunların hamısını öz hesablarına təmir etdirdikdən sonra gecə saatlarında yenə gizlin qaz və işıqlarını kəsiblər. Haqsızlıqla üzləşən vətəndaşlar dövlət başçısından hüquqlarının bərpa olunmasını xahiş edirlər.
Biz şikayətin araşdırılması üçün şirkətin sahiblərindən olan İlqar Qurbanovla əlaqə saxladıq. O, bizim suallardan yayınaraq, “mətbuat xidməti sizə açıqlama verəcək” deyərək, şikayətçilərin haqlı iradlarına aydınlıq gətirmədi. Orada çəkilmiş videolardan da görünür ki, sakinlər evdə ola-ola evlər sökülür və hətta bir nəfərə təcili yardım da gəlir. Redaksiyamız lazımi araşdırmalar apararaq müəyyən etmişdir ki, həmin şirkət millət vəkillərindən birinə məxsusdur.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Aktualxeber.az