Sabunçu “zibilxanalar diyarı”na çevrilir – Adil Vəliyevin işçiləri isə ciblərini düşünürlər
- 28-12-2018, 09:55
- 1 352
Vətəndaşlarla qısa söhbətimiz zamanı aydın oldu ki, onlar illərdi bu vəziyyətdə yaşamağa məhkum olunublar. Heç bir dövlət qurumu onların haqlı narazılıqlarına reaksiya vermir. Rayonun icra başçısı Adil Vəliyev isə ümumiyyətlə bu ərazilərdən xəbərsizdir. Sakinlər deyirlər ki, antisanitar vəziyyətin uzun müddətdir davam etməsinə görə uşaqlar müxtəlif yoluxucu xəstəliklərə tutulurlar.
Rayon icra hakimiyyətinin nümayəndələrini isə ancaq, müxtəlif tikinti işləri apararkən görmək mümkündür. Bu zaman rayon icra hakimiyyətinin rəsmiləri tikinti aparılan ərazilərə təşrif buyururlar və pullarını alıb geri qayıdırlar. Dözülməz və acınacaqlı vəziyyətdə yaşayan sakinlər Prezident İlham Əliyevdən və Mehriban xanım Əliyevadan kömək istəyirlər. Sabunçu rayon icra hakimiyyətinin başçısı A. Vəliyev isə “Burada mənəm Bağdadda kor xəlifə” prinsipi ilə işləməkdə davam edir.
Bakı Şəhər İcra hakimiyyətinin yeni təyin olunmuş başçısı Eldar Əzizov köklü islahatlar aparacağının anonsunu verir. Ümid edirik ki, bu ismarıclar Sabunçu rayonuna da çatacaq və rayon sakinlərinin canı problemlərdən qurtulacaq. Mövzu ilə bağlı Sabunçu rayon İcra hakimiyyətinə dəfələrlə zəng etsək də suallarımıza cavab verən tapılmadı.
Qarşı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
stimulxeber.az