Nazirlik "8-ci kilometr" bazarı ətrafındakı küçə ticarətinə zərbə vurdu - Etibar adlı şəxs kimdir?
- 15-10-2018, 12:58
- 1 712
Hadisə şahidlərinin verdiyi məlumata görə, mülki geyimli Etibar adlı şəxs Diqlas ticarət mərkəzinin qarşısında, eyni zamanda kartof bazarının girişində ticarətçilərə ciddi problem yaradır. Etibar başqa bir mülki geyimli şəxslə yolun ortasında piştaxtaları ticarətçilərə kirayə verib və hər birindən piştaxtanın ölçüsündən və satdığı maldan asılı olaraq 10-15 manat pul alır. Nəticədə ticarət mərkəzi və bazarın girişi bağlanır. Ticarətçilər oktyabrın 10-da Etibarın özbaşınalığına etiraz olaraq aksiya keçirilib.
Buna da bax - Mülki geyimli şəxs Bakının məşhur bazarını qarışdırdı - Kiçik sahibkarlar ayağa qalxdı
Ticarətçilərin etirazı Criminal.az saytında işıqlandırıldıqdan sonra məsələyə yuxarı rəhbərlik qarışıb. Bu haqda saytımızın əməkdaşı həmin ərazidə olarkən xəbər tutub. Şahidi olub ki, Etibar adlı şəxsin qeyri-qanuni icarəyə verdiyi ərazidəki piştaxtaların böyük əksəriyyəti yığışdırılıb.
Ərazidə xidmət aparan polis əməkdaşları bildirib ki, idarədən qanunsuz küçə ticarətinin qarşısının alınması üçün ciddi göstəriş verilib. Lakin əldə etdiyimiz məlumata görə, Etibar adlı şəxsə yaxın adamlar bir neçə günlük piştaxtaların yığışdırılmasını, sonra isə yenidən fəaliyyət göstərəcəklərini elan edib.
Xırda ticarətçilər deyiblər ki, Etibar təkbaşına belə qanunsuluqlar etməsi inandırıcı deyil: "O, bu işdə xırda fiqurdur. O, sadəcə daha yüksək vəzifəli şəxslərin işini yerinə yetirir. Hətta axşam saat altıdan 9-a qədər bazar ətrafında göyərti satışını təşkil edir. Həmin vaxt yol tamamilə bağlanır".
Əməkdaşımız Etibarla əlaqə saxlamağa çalışsa da mümkün olmayıb. Onun elə həmin ərazidə xalça mağazası olduğunu öyrənib həmin yerə yollansa da, onunla görüşə bilməyib.
Onu da əlavə edək ki, küçə ticarətini ifşa edən yazı Criminal.az saytında dərc ediləndən sonra, Etibara yaxış şəxslər məsələ ilə bağlı açıqlama vermək əvəzinə, hər cür yolla məlumatı saytdan sildirməyə cəhd ediblər.
Mövzuni diqqətdə saxlayacağıq...
Criminal.az