Səfər Nehdiyevin Vergilər Nazirliyindəki adamları sahibkara divan tutur
- 2-10-2018, 12:04
- 1 264
Biz ölkəyə mal gətirib ədv-ni, gömrük rüsumlarını tam şəkildə ödəyirik. Bizim Vergilər Nazirliyi ilə çəkişməmiz olub. Yəni, qarşı tərəf olaraq onları məhkəməyə vermişdik və üç məhkəmə prosesində qalib gəldik. Hal-hazırda isə, iki şirkətimizlə bağlı məhkəmə çəkişmələrimiz davam etməkdədir. İnşallah bu məhkəmələrdə də qalib gələcəyik. Çünki, biz haqlıyıq və qanuni haqqımızı tələb edirik. Bizim heç bir dövlətə borcumuz yoxdur. Satdığımız mallara və qoyduğumuz ticarət əlavəsinə görə dövlət büdcəsinə pulumzu və mənfətimizi ödəyirik. Yəni, bütün bunlar qanunidir. Yaxşı olar ki, Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin rəhbərliyində olan şəxslər qanunsuz işləri araşdırsınlar. Bəzi şirkətlərin nə qeydiyyatı, nə də ki, hesabatları var. İdxal-ixrac idarəsinin rəis müavini Rəşid Həsənov məni ona görə sıxışdırır ki, qanunsuz fəaliyyət göstərən şirkətlərlə işləyə bilsinlər. Onlar məni 6%-ə keçməyə təhrik edirlər. Bu da ölkədə bahaçılığın əmələ gəlməsinə səbəb olan əsas amillərdən biri olar. Əvvəla onu qeyd edim ki, adı çəkilən qurum əməkdaşlarının məni belə bir şərtlərə vadar etməsi onların səlahiyyətinə aid olmayan məsələlərdir. Bu məmurlar xalqı dövlətə qarşı qaldırmaq istəyirlər, süni bahaçılığın əmələ gəlməsinə çalışırlar. Ona görə də sizdən xahiş edirəm ki, mənim problemimi ictimailəşdirin. Mən dövlət başçısı cənab İlham Əliyevdən və digər vəzifə sahiblərindən xahiş edirəm ki, atılan addımlarla bağlı lazımi tədbirlərini görsünlər. Bəlkə o halda Rəşid Həsənov və onun kimi olan əməl sahibləri belə bir çirkin işlərdən əl çəkə bildilər. Neçə müddətdir ki, İdxal-ixrac idarəsinin əməkdaşları bizi incidirlər, mallarımızı siyahıya alıb “skoç”layırlar, son anda da bizimlə bağlı əsaslı heç bir şey tapa bilmirlər.
Mən Türkiyədən ölkəmizə müxtəlif çeşidli mallar gətirirəm. İdxal-ixrac idarəsinin rəis müavini Rəşid Həsənov isə, gətirdiyimiz malların saxlanılması haqda gömrük əməkdaşlarına tapşırığını verir. Bu da hüquqi nöqteyi-nəzərdən heç cür yolverilməz haldır. Verilmiş şifahi tapşırıqlar əsasında da, mallarımızı lentləyib “skoç”layırlar. Bizim vergidən yayınmadığımızla bağlı, hətta onlarda olan protokollarda lazımi qeydiyyatlar da var. Düşünürəm ki, haqsız rəqabət, kimlərinsə öz rəqiblərini bazardan çıxarmaq sifarişi, məhz belə bir qeyri-rəsmi göstərişlərin verilməsi ilə nəticələnir. Biz ucuzluq yaratmaq istəyirik, onlar da bahalıq yaratmağa çalışırlar. Bir sözlə, nə İdxal-ixrac idarəsinin, nə də ki, gömrük əməkdaşları bizə azad şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa heç cür imkan vermirlər”.
Sahibkar Ayaz Qocamanov bizimlə söhbətində onu da qeyd etdi ki, “Vergilər Nazirliyi, İdxal-ixrac idarəsi rəhbərliyinin haqsız tələbləri nəticəsində üz-üzə qaldığım haqsızlıqlarla bağlı 6 avqust 2018-ci il tarixdə ölkə rəhbəri cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, vergilər naziri cənab Mikayıl Cabbarova teleqramlar vurmuşam. Əslində kameral vergi tətbiq olunarkən, vergi ödəyicisinin vergi borcu olması haqqında sahibkarın mobil telefonunun mesaj qutusuna bildiriş gəlməlidir. Əgər kiminsə narazılığı olarsa, o halda həmin şəxs məhkəməyə müraciət edə bilər. İndiki halda isə mənə heç bir mesaj-filan gəlməyib. Onlar açıq-aşkar şəkildə qoluzorluluq, çapolçuluq edərək mallarımızı əlimizdən alıblar. Bu gün tək mən yox, hətta idxal ticarəti ilə məşğul olan digər iş adamları da oxşar aqibətlə üz-üzə qalırlar. Vergilər Nazirliyi hər dəfə Habil adlı şəxsi Bakı Lokal Vergi İdarəsinə auditor göndərir. Çünki, bu şəxs sahibkarların boynuna kefi istədiyi qədər vergi borcu yükləyə bilir. O, bunu əsaslandırmaq üçün hansısa addımını atmağa da cəhd etmir. Sadəcə olaraq o, yazır və sanki belə olmalıymış kimi işini də bitmiş hesab edir. Mən və mənim kimi bir çox vicdanlı vergi ödəyiciləri əsassız tələblər üzündən, yuxarı ticarət əlavələri səbəbindən artıq təngə gəlmişik. Əziyyətimiz özümüzə qalır, haqqımızı-hüququmuzu bərpa etmək üçün, çox zaman vaxt və enerji itgisi ilə üz-üzə qalmalı oluruq. Bizə öz Vətənimizdə, öz dövlətimizdə azad şəkildə işləməyə, qanuni əsaslarla fəaliyyət göstərməyə imkan vermirlər. Əlacımız yalnız ona qalıb ki, şahın qanun olduğu ölkəyə deyil, qanunların şah olduğu ölkələrə üz tutaq. Əgər vəziyyət bundan sonra da belə bir formada davam edərsə, o halda şəxsən mən ailə üzvlərimlə birlikdə Azərbaycan vətəndaşlığından imtina etməyə məcbur olacağıq. Bu gün Azərbaycanda həyata keçirilən vergi siyasəti sahibkarlıq fəaliyyətini təşviq edir. Nümunəvi vergi ödəyicilərinin fəaliyyətləri stimullaşdırılır. Bunu şəxsən Vergilər naziri cənab Mikayıl Cabbarov çıxışlarında qeyd edib. Ümidvaram ki, mənim və digər vicdanlı vergi ödəyicilərinin incidilməsinə son qoyulacaq”.
Məsələnin daha düşündürücü tərəfi ondan ibarətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ayaz Qocamanov üz-üzə qaldığı haqsızlıqlarla bağlı hələ bir müddət bundan öncə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət etməli olur. Adı çəkilən şəxs bizimlə söhbətində qeyd etdi ki, “keçirilən məhkəmə proseslərindən sonra mənim xeyrimə qərardad çıxarılsa da, hələ də qarşı tərəf özbaşınalıqlarını davam etdirməkdədir. Qərardadda qeyd olunub ki, “Borclunun borcu sübuta yetirilənə kimi icraat dayandırılmalıdır”. Onu da bildirim ki, mənim heç bir vergi borcum yoxdur. Çıxarılmış məhkəmə qərardadının varlığına baxmayaraq, bu gün qarşı tərəfin əndazəni aşması və “ağa nəzərəm, belə gəzərəm” yanaşmalarını ortaya qoymaları, artıq başqa mətləblərin varlığından xəbər verir.
Daha ətraflı növbəti açıqlamalarımızda. Problemlərin varlığını diqqətdə saxlayacağıq.