Sumqayıt Bələdiyyəsindən əcaib addım-marketlərdə “öz çörəyini” satdırır
- 15-09-2018, 11:26
- 1 487
Mən Rövşənə bu göstərişin, hərəkətin qanunsuz olduğunu bildirib, etiraz etsəm də nəticə olmadı. Dövlət başçısı aidiyyatı strukturlara sahibkarlığın inkişafına nəinki mane olmamağı, əksinə yardımçı olmalarını dəfələrlə göstəriş versə də təəssüf ki, hələ də bunu saymazdan gələnlər var. Nə vaxtdan hansısa dövlət təşkilatına, Bələdiyyəyə belə hüquq verilib. Bunun adı nədir? Bu dərəcədə haqsızlıq, “besperedel” olarmı? Mən Rövşənə bu özbaşınalıqla bağlı dövlət orqanlarına, cənab prezidentə müraciət edəcəyimi desəm də xeyiri olmadı. Dedi ki, “get hara istəyirsən şikayət elə”. Dünəndən bəri nə Bələdiyyədən, nə də başqa bir instansiyadan heç bir cavab ala bilmirik”.
Bütün bunlar ilqar Məmmədovun əməkdaşımıza danışdıqlarının bir qismidir. Biz bu və digər məlumatlarla bağlı Rövşən adlı şəxslə əlaqə yarada bilməsək də, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri cənab Sultan Əsədovun mövqeyini birbaşa olmasa da, öyrənə bildik. Sultan müəllim Rövşən adlı əməkdaşlarının olduğunu desə də, digər ittihamları rədd etdi. Bələdiyyənin belə bir hüququnun olmadığını və hansısa sahibkarın fəaliyyətinə müdaxilə etmədiklərini bildirdi.
Olayla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Qurumun internet saytında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin göstərilən telefon nömrələrinə dəfələrlə zəng etsək də cavab verən olmadı.
Aktuallığını nəzərə alıb, qarşıdakı günlərdə mövzunu davam etdirməyə çalışacağıq.
P.S: Bir müddət əvvəl Sumqayıtda kənardan (Bakıdan) çörək gətirilib, satılmasına qadağa qoyulması ilə bağlı xəbər yayılmışdır. Hətta bu məqsədlə Sumqayıta daxil olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparıldığı da yayılan məlumatlar sırasında idi. Baxmayaraq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmisi bu xəbəri təkzib etdi...
Yenixeber.org