"Şirkət evimizi başımıza uçurur..." - Bakıda daha bir söküntü qalmaqalı
- 22-02-2017, 16:32
- 2 203
Sakinlər deyirlər ki, təklif olunan şərtlərlə razılaşmadıqlarından evlərindən köçməyiblər. Amma onların narazılığı nəzərə alınmayaraq içərisində yaşadıqları halda evlərin qazı və işığı kəsilib. Həmin ünvanda yaşayan Gülparə Əliyeva deyir ki, onlara evlərindən çıxmaq üçün hədə-qorxu gəlirlər:
“Evimizi başımıza uçururlar. Çıxıb evin qabağında dayanmışam ki, sökməsinlər. Gözləyirlər ki, evdən aralanım, evimizi darmadağın eləsinlər. 102-yə də zəng eləmişik, hər yerə şikayət eləmişik, xeyri yoxdur. Biz şirkətdən evimizə görə kompensasiya tələb edirik. Onlar isə dövlət layihəsi olmadığına görə kompensasiya vermirlər, binada ev vəd edirlər. Evimizi başımıza uçuran şirkətin bizə ev verəcəyinə necə inanaq?”, - deyə şikayətçi bildirir.
Şikayətçilərin sözlərinə görə, şirkət Mirqasımov küçəsi, 8 ünvanında yaşayan 4, Süleymanov küçəsi, 69 ünvanında yaşayan 6 ailəni təhlükə ilə üz-üzə qoyub. Onlar bildirirlər ki, artıq söküntü işlərinə görə evlərə gedən elektrik və qazı da kəsiblər. Yaxınlıqdakı evlər sökdüyündən onların evləri də qəzalı vəziyyətə düşüb.
Məsələ ilə bağlı “Rifah Palace” şirkətinin rəhbərliyi ilə əlaqə saxlasaq da onlar şərh vermək istəməyib telefonu söndürüblər. Nəsimi rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, həmin ərazidə köhnə binalar dövlət sifarişi ilə sökülür, pilot layihə kimi sakinlərə yeni tikiləcək evlərdə mənzillər və mənzillər hazır olana qədər kirayə pulu veriləcək. “Əslində sakinlər bu variantla razılaşmışdı, indi necə olur ki, şikayət edirlər?”-İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin əməkdaşı Ramiz Qasımov bildirdi.