Adil Vəliyev Sabunçuda Milli Ordunun ərazisini işğal edib? – VİDEO
- 26-02-2018, 10:50
- 1 318
Sabunçu İcra Hakimiyyətinə ünvanlanan rəsmi müraciətə cavab verilib ki, ərazi Abşeron rayonunun inzibati ərazisinə aiddir. İnşaat işlərini aparan fəhlələr isə əksinə, tikintinin icazəsinin məhz Sabunçu icra hakimiyyətindən alındığını bildirdilər. Maraqlıdır ki, Kürdəxanı qəsəbə icra nümayəndəliyi deyilən ərazidə nə baş verməsindən xəbərsiz olduğunu, amma buranın həqiqətən Abşeron rayonuna aid olduğunu bildirib. Amma apardığımız araşdırmalar sayəsində öyrəndik ki, sözügedən ərazi inzibati cəhətdən Abşeron rayonuna aid olsa da, Sabunçu RİH-nin idarəçiliyindədir və tikinti işlərinə də məhz Sabunçu rayon rəhbərliyi sərəncam verə bilər. Amma faktik olaraq ərazidə 30-40 sot sahə hasara alınıb. Maraqlıdır, Sabunçu RİH belə icazə sərəncamı vermirsə, icazə verməni qanunsuz sayırsa, bəs tikintinin qarşısını niyə almır? Yaxud, qarşısının alınması üçün hansı tədbirləri görməyə çalışıb? Bəlkə rayon rəhbərliyi baş verənlərə göz yummaqla gözləyir ki, tikinti başa çatsın, sonradan sənədləşdirmə işləri həyata keçirilsin? Görəsən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin, Müdafiə naziri cənab Zakir Həsənovun hərbi hissənin ərazisinin zəbt edilməsindən xəbərləri varmı? Əcəba, o həndəvərlərdə tikilib ucaldılan obyektlərin sahibləri, gələcək qonaqları yuxarıdan aşağı baxacaqları hərbi hissəni ovuclarının içi kimi görməyəcəklərmi? Kim zəmanət verə bilər ki, onlar gördüklərini faş etməyəcəklər? Axı belə hal potensial düşmənə, casusa, terrorçuya da hərbi hissəyə yaxınlaşmaq fürsəti verə bilər. Bütün bu suallar açıqdır. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
cumhuriyyet.az