İlham Əliyevin təklifi 155 milyon borca şamil olunacaq
- 20-02-2018, 11:05
- 1 302
Qanun layihəsinin mahiyyəti barədə deputat Zahid Oruc “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Azərbaycanda pensiya sisteminin qurulması, yəni sığortaolunananlar üzərindən həyata keçirilməsi 2006-cı ildən başlayaraq reallaşdırılır: “Sığorta edilənlərə fərdi uçot sisteminin həyata keçirilməsi də o dövrə düşür. Həmin ildən başlayaraq müxtəlif təşkilatların, müəssisələrin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı mühüm borcları yaranıb. Bu 12 il ərzində həmin məbləğin 100 milyon manatdan artıq hissəsi ödənməyib. Nəticə olaraq bütün bu işlər üçün açılmış məhkəmə davalarına baxılması belə problemi həll etməyə imkan verməyib. Tətbiq olunmuş maliyyə sanksiyalarına görə qərarların yerinə yetirilməməsi nəticəsində həmin sanksiyaların üzərinə əlavə cərimələr gəlib. Bunun nəticəsində 55 milyondan artıq əlavə borc yaranıb. Hazırkı qərar pensiya sisteminini dayanıqlı etməkdən ötrüdür. Qəti bir şəkildə pensiyaçının maraqlarına toxunmur”.