XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Badi-Kubə” MTK-nın binasında nələr baş verir... - FOTOLAR

“Badi-Kubə” MTK-nın binasında nələr baş verir... - FOTOLAR

“Badi-Kubə” MTK-nın binasında nələr baş verir... - FOTOLAR
25-01-2018, 11:35

Redaksiyamıza Yeni Günəşli qəsəbəsi V massivində, “Badi-Kubə” MTK-nın binasında yaşayan sakinlərin adından şikayət məktubu daxil olub. Anonim məktubun üzərində həmin binada yaşayan 70 nəfər qadının adından yazıldığı qeyd edilib.
Şikayətdə binanın kommunal problemlərindən və MTK sədrinin laqeyd münasibətindən bəhs olunur. Bildirilir ki, 2006-cı ildə bünövrəsi qoyulan “Badi-Kubə” MTK-dan mənzil alan sakinlər binaya köçdükləri gündən bəri problem içərisində yaşayırlar.
Şikayətçilər 6 ildir tikintisi başa çatmış binada kommunal xidmətin normal səviyyədə olmamasından narazıdırlar. Binaya rəsmi qaydada texniki şərt alınmadığından mənzillərə təbii qazın verilişi hələ də bərpa olunmayıb. MTK-nın binasında yaşayan sakinlərin sayı müvafiq normaya çatmadığı üçün isə onlar kommunal ödənişləri 2-3 qat baha ödəmək məcburiyyətində qalıblar. Məktubda qeyd olunur ki, içməli suyun 1 kubmetrinin qiyməti rəsmi qaydada 50 qəpik müəyyən olunsa da, sakinlər hər kubmetr suya görə 2 AZN ödəyirlər, 1 kvt-ı 0.07 AZN olan elektrik enerjisini isə 0.10 AZN-dən ödəyirlər.
Məsələni yerində araşdırmaq üçün həmin ünvanda olduq. Ərazidə olduğumuz zaman 16 mərtəbəli binanın həyətində işləyən usta və fəhlələrin təmir işləri apardığının şahidi olduq. Öyrəndik ki, binanın tikintisi tam yekunlaşıb, bəzi sakinlər isə mənzillərini təmir etdirir.
Təqribən 1 saata yaxın binanın qarşısında dayanıb 10-a yaxın sakinlə həmsöhbət olduq. Lakin onlar şikayət məktubundan xəbərsiz olduqlarını dilə gətirdilər.
Binanın yuxarı mərtəbələrinə qalxıb, mənzil sahiblərinin də fikirlərini öyrənməyə çalışdıq. Redaksiyamıza göndərilən şikayət məktubunu onların diqqətinə çatdırdıq. Binanın durumu və kommunal problemləri ilə maraqlandıq. Sakinlərdən Köçəri Hüseynov bildirdi ki, şikayət məktubundan məlumatsızdır: “Şikayətlə bağlı ilk dəfə sizdən eşidirəm. Şəxsən mənim bununla bağlı məlumatım yoxdur. Əvvəllər binanın kommunal problemləri var idi. İşıqlar çox zəif idi, indi yeni şəbəkə çəkilib, hər şey qaydasına düşüb. Binanın əsas problemi təbii qazın olmamasıdır. Bu səbəbdən otaqları qızdırmaq üçün elektrikdən istifadə edirik. Bir neçə gün öncə MTK sədri ilə görüşdük. Sədr Firudin müəllim bildirdi ki, qaz çəkilişinin həyata keçirilməsi üçün sakinlər tam məskunlaşmalıdır. İndi mənzil sahibləri evlərinin təmirinə başlayıblar. Bu gedişlə yay aylarına kimi mənzil sahiblərinin böyük əksəriyyəti məskunlaşacaq. Ümid edirik ki, bu problem də aradan qalxacaq”.
Şikayətdə sakinlərin əsas problemlərindən birinin dəhlizlərə atılan tullantılarla bağlı olduğu yazılmışdı. Həmsöhbətim bunu təsdiqlədi: “Binada təmirsiz mənzillər çoxdur. Bir neçə aydır ki, mənzil sahibləri təmir işlərinə başlayıblar. Lakin işləri səliqəsiz şəkildə aparırlar. Yükqaldıran qurğuların daşıdığı yüklərin fəhlələr tərəfindən liftlərlə aparıldığının şahidi olmuşuq. Dəfələrlə işi aparan ustalarla mübahisələrimiz olub. Məcbur qalaraq məsələ ilə bağlı komendanta da şikayətimizi bildirmişik. Bununla bağlı tədbir görülüb”.
Şikayətlərə aydınlıq gətirmək üçün “Badi Kubə” MTK-nın sədrləri Ədalət Qəmbərov və Firudun Əliyevin də fikirlərini aldıq. F. Əliyev həmin şikayətlərin əsassız olduğunu bildirdi: “Bu cür yanlış informasiyalar bəzi qəzet və saytlarda çox dərc olunub. Düşünürəm ki, bu, təxribat xarakteri daşıyır. Mənimlə və yaxud Ədalət Qəmbərovla bağlı hər hansı bir şəxsi ittiham və yaxud şikayət olsa idi, yəqin ki, hər hansı bir güc strukturuna müraciət olunardı. Məktubu yazan bir nəfər şəxs 70 nəfərin adından şikayət yazır. Heç bir imza, heç bir ad olmadan... Əgər binadan şikayət varsa, istənilən mənzilin qapısını döyüb, maraqlana bilərsiz”.
MTK sədri binanın kommunal ödənişləri ilə bağlı məsələyə belə aydınlıq gətirdi: “Hazırda binada 72 ədəd su sayğacı quraşdırılıb. Lakin yaşayış az olduğundan texniki şərt almaq mümkün deyil. Bu zaman biz suyu öz hesabımıza alırıq. Suyun 1 kubu üçün qeyri-yaşayış sahəsi kimi 2 manatdan ödəməli oluruq. Binada yaşayan ailələrin sayı 100-ə çatmalıdır ki, bu vəziyyət aradan qalxsın. Bu isə yaxın zamanlarda həllini tapacaq. Gərək sakinlər mənzillərini təmir etdirsinlər. Biz də tez-tez xəbərdarlıq edirik. Son günlər artıq sakinlər evlərini təmir etdirib, köçməyə başlayıblar. Digər sayğaclar da quraşdırıldıqdan sonra abonentlər 0.50 qəpikdən ödəyəcəklər. Bakıdakı bütün MTK-larda vəziyyət eynidir. Ümumiyyətlə, su, elektrik verilişi bu şərtlərlə həyata keçirilir”.
Qeyd edək ki, anonim məktubda MTK sədri Ədalət Qəmbərova dair ittihamlar da yer alıb. Bildirilir ki, 2007-2008-ci illərdə işlər yolunda gedərkən, MTK-ya sədr təyin olunan Ədalət Qəmbərov bir sıra mübahisələri ilə yadda qalıb. Hətta vəziyyət o həddə çatıb ki, MTK-nın keçmiş sədri olan Asif Əsədullayevin oğlu Tural Əsədullayev hazırkı MTK sədri Ə. Qəmbərova adıçəkilən binanın qarşısında odlu silahdan atəş açıb. Nəticədə Ə.Qəmbərov ağır yaralanıb.
Bundan əlavə, Ə.Qəmbərovun binada 322 mənzili 500-ə yaxın vətəndaşa satdığı bildirilir. Bu səbəbdən də Yasamal məhkəməsinin 25 yanvar 2017-ci il tarixli həbs-qətimkan qərarı ilə Kürdəxanı həbsxanasında cəza çəkdiyi qeyd edilir.
Ərazidə olduğumuz zaman Ə.Qəmbərovun iş başında olduğunun şahidi olduq. O, binada aparılan təmir işləri ilə bağlı müəyyən tapşırıqlar verirdi. MTK sədri Firudin Əliyev bu informasiyaların yalan və böhtan olduğunu bildirdi: “Bu bina bir neçə əl dəyişib. Bizdən öncəkilər insanların başına min bir oyun gətirib. Biz bu binanı təhvil alan zaman yarımçıq idi. 12 mərtəbə ”karkaz" formasında idi, ilk 6 mərtəbənin hörgüsü var idi, 4 mərtəbənin isə suvağı vurulmuşdu. Yəni yaşayışa hazır bina formasında deyildi, sadəcə, natamam bir tikili idi. MTK sədri Ədalət Qəmbərov öz vəsaiti hesabına, 1.5 milyon manat xərc çəkərək binanın tikintisini tamamladı. Bizdən öncəkilər bir mənzili 3 nəfərə satdığından insanları razı salmaq üçün öz vəsaiti hesabına 3-cü və 4-cü blokları tikdi. MTK-nın keçmiş rəhbərləri Nəsib Əliyev, Zaur Cabbarov, Asif Əsədullazadə tərəfindən 150-dən çox zərərçəkmiş vətəndaşı mənzillərlə təmin etdik. Adıçəkilən şəxslər saxta sənədləşdirmə apararaq, bir mənzili 3-4 nəfərə satmışdılar. Ümumilikdə, vətəndaşlardan 6 milyon manat vəsait mənimsəmişdilər. Tikinti işlərini isə yarımçıq qoymuşdular. Buna görə də hazırda Nəsib Əliyev həbsdədir. Asif Əsədullayev isə 2 il məhkum olunduqdan sonra hazırda icbari həbsdədir. Həmçinin Zaur Cabbarov da icbari həbslə azadlıqdadır. Ağır Cinayətlər Məhkəməsinin qərarında Nəsib Əliyev tərəfindən MTK-ya 2 milyon 800 min manat zərər vururulduğuna dair sənədlər var. Bu şəxslər həbs olunandan sonra biz binanın tam qaydada tikintisini başa vurduq. Yəni keçmiş MTK sədrlərinin eləmədiyi işləri qısa zamanda həyata keçirdik. Onların indiyədək gördüyü işlər ümumi işin heç 30 faizini təşkil etmirdi. Yerdə qalan 70 faiz işləri biz apardıq. Bu işlər MTK-nın daxili vəsaiti hesabına həyata keçirildi. Korrupsiya İdarəsinin tövsiyə məktubu əsasında istintaq zamanı zərərçəkmiş şəxslər müəyyən olundu və onlar tərəfimizdən mənzillə təmin olundular".
“Badi-Kubə” MTK-nın binasında nələr baş verir... - FOTOLAR
“Badi-Kubə” MTK-nın binasında nələr baş verir... - FOTOLAR
“Badi-Kubə” MTK-nın binasında nələr baş verir... - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.