SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abutalıbovun evlər yıxan “Qış parkı”na kimsə ayaq basmır - Fotolar

Abutalıbovun evlər yıxan “Qış parkı”na kimsə ayaq basmır - Fotolar

Tarix:

20-12-2017, 10:35

/ 1 427 dəfə oxundu.
Abutalıbovun evlər yıxan “Qış parkı”na kimsə ayaq basmır - Fotolar

Bir vaxtlar bu küçələr adamlarla, evlərlə, köşklər, pinəçi, qaynaqçı dükanları, kitabxan və s. məntəqələrlə doluydu.
Şəhər adamlarının yaddaşında “Dmitrov”, “Basin” küçələri kimi qalan bu yerlər Bakının koloritli yerlərindən sayılardı.
İndi Şəmsi Bədəlbəyli və Fizuli küçələri adlanan bu massivlərdə nə ev qalıb, nə pinəçi dükanı, nə qəzet köşkü…
Bir neçə il qabaq haray-həşir salıb Heydər Əliyev sarayının arxasındakı bu küçələrdə evləri buldozer qabağına verib zorla sökdülər: etiraz aksiyaları, Prezident Aparatının qarşısında toplaşmalar, evindən çıxmayanların işığını, qazını kəsmək, yuvasını başına uçurmaq, kimisinin pulunu kəsdilər, kimisini döydülər, kimisi də polisə aparıldı…
Əvvəl-axır, Bakının icra başçısı Hacıbala Abutalıbov muradına çatdı; adını Dövlət Planı qoyub şəhərin ən mərkəzi küçələrində evləri şumladılar, büdcədən milyonlar mənimsənildi, kompensasiyaların ödənişində ədalətsizliyə yol verildi, şəhər adamları mərkəzdən didərgin salındılar.
Nəticəsi nə oldu? – bu böyük əraziyə “Qış parkı” adı verilsə də, illərdir nə qışı, nə yayı gəzməlidir.
Yayda yaşıllıqların olmadığı parkda qızmar günəşin altında isti adamın başına döyəcləyir, qışda isə sürüşkən metlaxın üstündə, sağdan və soldan küləyin adamın iliyini kəsdiyi yerdə gəzişmək mümkün deyil.
Vidadi, Zərgərpalan küçələrində yaşayanlar isə sual edirlər ki, bu boyda həngamə bir belə parka görə nəyə lazımıydı?!
Onların sözlərinə görə, nə sökülən evlərin yerində göydələnlər tikildi, nə camaatla halallıq elədilər.
Sonra iqtisadi böhran başladı, neft pulları azaldı, Vidadi, Zərgərpalan və digər küçələrdə evlərin sökülməsi planı təxirə salındı.
İndi bu küçələrdə yaşayanlar deyirlər ki, onsuz da sarayın qabağında park var idi, Fizuli meydanında da park var, “Sovetski”ni də yerlə-yeksan edib yenə park salırlar, şəhərin tən ortasını başdan-başa parklaşdırmağın məntiqi anlaşılan deyil.
Sakinlər bildirirlər ki, “Qış parkı” bir addımlıqda olsa da, indiyə qədər bir dəfə ora gəzməyə getməyiblər:
“Hacıbala müəllim ora 10 dənə ağac əkməyib ki, yayın istisində bir kölgəlik tapasan. Qışda da soyuqdan gəzmək olmur. Özü də çox sürüşkən olur, Avropanın heç yerində belə park yoxdur”.
Onu da deyək ki, parkda kafe fəaliyyət göstərir və gəlib-gedən çox azdır. Ümumiyyətlə, bu parka kiminsə gəzintiyə çıxdığını görmək mümkün deyil.
Ən yaxşı halda bu ərazi avtomobillər üçün düşərli olub – yol genişlənib, tıxac yaşanmır. Ancaq bunun üçün yüzlərlə evi uçurdub sahiblərini Bakının mərkəzindən qovmağa dəyməzdi…

AzEuroNews.com
Abutalıbovun evlər yıxan “Qış parkı”na kimsə ayaq basmır - Fotolar
Abutalıbovun evlər yıxan “Qış parkı”na kimsə ayaq basmır - Fotolar
Abutalıbovun evlər yıxan “Qış parkı”na kimsə ayaq basmır - Fotolar

Şərhlər

XƏBƏR LENTİ