Mitinqdə iştirak etdiyinə görə keçmiş döyüşçünün evini uçurmaq istəyirlər
- 11-11-2017, 09:50
- 74 255
Bu günlərdə Fəzail bəyə qarşı Qazaxın yerli hakimiyyət orqanları tərəfindən çox utancverici bir kampaniya başlanıb. Buna səbəb onun Milli Şuranın son mitinqində iştirakıdır. Fəzail bəyin mitinqdə iştirakını əngəlləməyə çalışan qurumlar onu bu yoldan döndərmək üçün müxtəlif təhdidlərə əl atmışlar. Lakin bütün təzyiqlərə baxmayaraq Fəzail bəy mitinqdə iştirak etmişdir. Bakıdan qayıtdıqdan sonra Fəzail bəyə qarşı təzyiqlər reallaşmağa başlayıb. Onun rayon mərkəzində yerləşən çayxanası bağlanıb. Onu da bildirim ki, həmin çayxana Fəzail bəyin Rusiyada yaşayan yaxın qohumuna məxsusdur. Bundan başqa bir neçə sahələrdə ona qarşı təhdidlər var, lakin hələlik onların üstündən keçib real həyata keçirilən təzyiqləri göstərməyə çalışıram. Bu günlərdə Fəzail bəyə Qazax icra hakimiyyətindən məktub gəlib. Ona məxsus tikilişi hələ başa çatmamış evin söküləcəyi ilə bağlı tələb irəli sürülür. Guya həmin tikili yüksəkgərginlikli elektrik xəttinin qoruq zonasında yerləşir. Fəzail bəy məcburi köçkündür. Müharibənin ilk illərində erməni-rus hərbi birləşmələri Qazaxın bir neçə kəndini işğal edə bildi. Fəzail bəyin yaşadığı Əksipara kəndi də həmin kəndlərdən biridir. O vaxtlar Fəzail Əliyevin evini, kəndini düşmən erməni hərbi birləşmələri uçurdu. İndi isə Fəzail bəyin Qazaxda bir neçə ilə yarı borc, yarı kredit hesabına tikmək istədiyi yarımçıq evi özümüzünkülər sökməyə hazırlaşır.
Heç kimə sirr deyil ki, bütün bunlar Fəzail bəyin siyasi fəaliyyəti ilə bağlıdır. Bu qanunsuz təzyiqləri həyata keçirənləri dayanmağa çağırırıq. Onu da bilin ki, Qazaxın demokratik qüvvələri, geniş ictimaiyyət bu haqsızlıqlara biganə qalmayacaq.
Qazax özünün qeyrətli Oğulunu tək qoymaz!!!”
Məsələ ilə bağlı Fəzail Əliyevlə əlaqə saxladıq. O bütün olanları təsdiq edərək bildirdi ki, 23 sentyabr və 7 oktyabr mitinqlərində iştirak etdiyi üçün on axəbərdarlıq edilmişdi. Lakin o, buna məhəl qoymayıb 28 oktyabr mitinqinə də qatılıb. Elə mitinqdə Qazax rayon Polis Şöbəsinin əməliyatçılarının , eləcədə Qazax Rayon İcra Hakimiyyətinin hüquqşunasının mitinqdən öncə qeydlər apardığının şahidi olub. Rayona qayıdandan sonra isə bütün bu təqiblər başlanıb. Məsələ ilə bağlı Qazax rayon İcra hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Mövzunu gündəmdə saxlayacağıq.
Azadliq.info