ANAMA-da qanunsuzluq: Nizamnamə pozulub, artıq pul və yanacaq silinməsinə yol verilib - Rəsmi
- 2-11-2017, 17:17
- 88 244
Bu, Hesablama Palatasının ANAMA-da 2015-2016-cı illər üzrə audit yoxlamasının nəticələrində əksini tapıb.
ANAMA-nın əsas məqsəd və vəzifələrini yerinə yetirməsi üçün BMT-nin, ABŞ Dövlət Departamentinin və digər donorların layihələrə ayırdığı vəsait üzrə ərazilərin minalardan təmizlənməsi işlərinin aparılması məqsədi ilə vəsait ayrılsa da, maliyyələşmədə hökumətlərarası pay nisbətində dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi artıb.
Hesabatın müzakirəsi zamanı ANAMA-nın öz fəaliyyətində Azərbaycan qanunvericiliyini, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının (Komissiya) qərarlarını, Nizamnaməsini, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələrinin tövsiyələrini, beynəlxalq humanitar minalardan təmizləmə standartlarını və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları sənəd toplusunu əsas tutduğu bildirilib.
Ərazilərin minadan təmizləmə əməliyyatlarının aparılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi zamanı müvafiq sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı, bir sıra nöqsanlara da yol verildiyi diqqətə çatdırılıb.
Belə ki, Nizamnaməsinin tələblərinə əməl edilməyərək ANAMA-nın strukturu və ştat vahidlərinin sayı, işçilərin tutduğu vəzifəyə uyğun aylıq vəzifə maaşları Komissiya tərəfindən deyil, rəhbərlik tərəfindən müstəqil təsdiq edilib, 8 nəfər işçiyə məzuniyyətdə olduğu və məzuniyyət haqqı ödənildiyi halda həmin dövr üçün tutulmalardan sonra təkrarən əmək haqqı ödənilməsi, "Beynəlxalq və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları”nın tələblərinə əməl edilməyərək əməliyyat işlərində iştirak etməyən şəxslərə yemək xərci verilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı bir sıra hallarda müvafiq normalara riayət edilməməsi nəticəsində artıq vəsaitin ödənilməsinə, həmçinin müxtəlif markalı nəqliyyat vasitələrinə texniki göstərici əsasında sərf edilən yanacaq normasının düzgün tətbiq edilməməsi səbəbindən artıq yanacaq silinməsinə yol verilib.
Eyni zamanda "Dövlət satınalmaları haqqında” qanunun tələblərinə riayət edilməyərək bir sıra hallarda satınalma metodu tətbiq edilmədən malların (işlərin və xidmətlərin) satınalınması həyata keçirilib. Malların (işlərin və xidmətlərin) satınalınması ayrı-ayrı müqavilələrə bölünməklə satınalma kotirovka sorğusu üsulu ilə həyata keçirilib, satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətlərinin formalaşdırılmasının əsasları açıqlanmayıb.