XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Elitar GİMNAZİYANIN 'ELİTAR' qaydaları

Elitar GİMNAZİYANIN 'ELİTAR' qaydaları

Elitar GİMNAZİYANIN 'ELİTAR' qaydaları
23-10-2017, 10:14

Prezident və onun xanımı ilə görüşəndən sonra…
Bakı şəhəri, Nəsimi rayonu Ü.Hacıbəyov küçəsi-49 ünvanında yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 1936-cı ildən Nəsimi RTŞ-nın tabeliyində 41 nömrəli məktəb kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən məktəb Təhsil Problemləri institutunun baza müəssisəsi kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 113 nömrəli əmri ilə məktəb indiki adı ilə gimnaziyaya çevrilmiş və onun nizamnaməsi təsdiq olunmuşdur.
Təhsil Nazirliyinin 08.04.2002-ci il tarixli, 25 nömrəli əmri ilə gimnaziya nazirliyin birbaşa tabeliyinə verilmişdir. Beynəlmiləl təhsil müəssisəsi kimi fəaliyyət göstərən gimnaziya, prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına əsaslı təmir və bərpa olunmuşdur.
2009-cu ilin sentyabrında cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva gimnaziyaya gəlmiş, pedaqoji kollektiv və valideyn ictimaiyyəti ilə ölkəmizdə təhsilin inkişafı barədə geniş söhbətlər aparmışlar.
Ancaq həmin tarixi səfərdən sonra gimnaziyanın direktoru Sevda Quliyevanın davranışlarında özündən müştəbehlik yaranmışdır. Məktəbin tarixinə qızıl hərflərlə yazılmış həmin yeni səhifədən sonra, burada təhsil almaq olduqca bahalanşmışdır. Ailə vəziyyəti acınacaqlı olan, atasız uşaqların gimnaziyada təhsil alması müşkül məsələyə çevrilmişdir. 2010-cu ilin martında isə, gimnaziyanın XI sinif şagirdi Pərvin Əsgərova özünü yaşadığı evin hamamında asmışdır. Hərçənd həmin vaxt intiharın səbəbini məktəbdə axtaranlara direktor Sevda Quliyeva demişdi ki, qız atasız olub, anasıyla qalırmış. Müşahidəli oxucu yaxşı bilir ki, direktor üçün bu təfərrüatları qabartmaq o qədər də vacib deyildi. Xatırlamağa dəyər ki, XI sinif təhsil xərclərinin birə-beş artdığı mərhələdir.
Gimnaziyada xərclər hələ qəbuldan başlayaraq şagirdi müşayiət edir. Müsabiqə yolu ilə keçirilən qəbulda əsas meyar, şagirdliyə namizədin zəkasının deyil, cibinin dərinliyidir. Qəbul “testlə” həyata keçirilir və 2000 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Test sınağında 500 balı çatmayan bir uşağın valideyni, giley-güzarını redaksiyamıza bildirmişdi. Gimnaziyaya zəng açıb əldə etdiyimiz məlumatları dəqiqləşdirməyə cəhd etdik. Dəstəyi direktorun katibəsi götürdü və yayındırıcı cavablar verdi. Sonrakı cəhdlərimiz də uğursuz alındı. Gəldiyimiz qənaət budur ki, Sevda Quliyeva ölkə başçısı və xanımı ilə görüşəndən sonra, fəaliyyətində şəffaflığı təmin etməyi də lüzum görmür.

Deryaz.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.