327 nömrəli məktəbdə hədiyyə "bazarı"
- 5-10-2017, 23:02
- 108 853
Məsələni araşdırmaq üçün adıçəkilən məktəbə yollandıq. Gördüklərimiz bizi sözün həqiqi mənasında çox təccübləndirdi. Sanki olduğumuz məkan məktəb deyil bir kənd təsərrüfatı məhsullarının satış bazarıdır. Şagirdlərin mötəbər günlərdə öz sevimli müəllimlərinə aldıqları gül, tort və bəzək əşyaları artıq adı çəkilən məktəb kollektivini qane etmir və bu səbəbdən ərzaq məhsulu ``hədiyyələri`` tələb etməyə başlayıblar.
Bu məsələ ilə bağlı direktor Roza İsmayılova ilə söhbətimizdə bildirdi ki, ``Məktəbin həyətində baş verənlər, olanlara biz cavabdeh deyilik. Biz yalnız məktəb binası daxilində baş verənlərə cavabdehik``. Çox maraqlıdır ki, məktəb səlahiyyətləri təkcə bina daxilinə aiddirsə niyə məktəblər üçün Nazirlik tərəfindən həyətyanı sahələr ayrılır? Alınan rüşvət və hədiyyələrlə bağlı sualımıza cavab olaraq isə direktor bildirdi ki, ``Qarşısını ala bilmirəm. Valideynlər özləri öz istəkləri ilə hədiyyə gətirmək istəyirlər``. Anlamadığımız odur ki, direktor təyin edilən bir şəxs necə ola bilərki tabeçiliyində olan kollektivi idarə etməkdə bu qədər çətinlik çəksin... Kollektivi qanunsuzluqdan uzaqlaşdıra bilməyən şəxs rəhbərlik etdiyi məktəbdə təhsil alan şagirdləri təhsilə, elmə, vətənpərvərliyə necə həvəsləndirə bilər? Sizcə bu Azərbaycan təhsili üçün təhlükə mənbəyi deyilmi?
Bizə acınacaqlı gələn isə təhsil ocağının qarşısında ``hədiyyə`` olaraq kartof , soğan görməyimiz oldu. Bundan əlavə ``hədiyyə`` yığımına başları bərk qarışan direktor və müavini məktəbdə baş verən kiçik fövqalədə hadisələrdən o qədər xəbərsizdilər ki, texniki işçilərə adi bir pəncərə şüşəsinin dəyişdirilməsi göstərişini verə bilmirlər. Halbuki, bizim kiçik dediyimiz bu hadisələrdən daha böyük hadisələr törənə bilər.
Ümid edirik ki, Təhsil Nazirliyi, Bakı şəhər Baş Təhsil İdarəsi məktəbdə baş verən bu qədər özbaşınalıqları lazımi qaydada araşdıraraq , tədbirlərini görəcəklər.
Bu yaxınlarda həmin məktəb haqqında redaksiyamıza daxil olan digər şikayət məktubunu da araşdıraraq işıqlandıracağıq. Bizi izləməyə davam edin.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
XəbərAl.az