Dövlətimizin başçısının qətiyyətli mövqeyinin nəticəsi
- 27-05-2024, 13:31
- 503
Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin ərazisi artıq Dövlət Sərhəd Xidmətimiz tərəfindən nəzarətə götürülüb. Bu, Azərbaycanın qələbəsi, "dəmir yumruğ"un, "dəmir iradə"nin növbəti nümayişi və isbatıdır. Prezident İlham Əliyevin bir sözü ilə sərhəddə nizamlamanın həyata keçirilməsi dövlətimizin başçısının prinsipiallığından və qətiyyətindən xəbər verir.
Ölkəmizin əldə etdiyi ardıcıl nailiyyətlər xalqımızın iradəsi, ordumuzun şücaəti və bu xalqın yenilməz rəhbəri, müzəffər lider İlham Əliyevlə bağlıdır. Qazaxın geri qaytarılan 4 kəndinə nəzarətin ölkəmizə keçməsi sülhə doğru atılan əhəmiyyətli addımdır. Sülhün qapıları getdikcə bizə daha çox açılır. Əlbəttə, biz bunu bacardıq. Prezident İlham Əliyevin də bir neçə dəfə vurğuladığı kimi, Azərbaycan BMT-nin qətnamələrini təkbaşına özü icra etdi. Ədaləti bərpa etmək, işğalda olan torpaqlarımızı azad etmək üçün İkinci Qarabağ müharibəsində savaşmalı idik.
Qazaxın kəndlərinin qaytarılması bir daha sübut etdi ki, Azərbaycan Prezidenti vədlərinə əməl edir, dövlətimiz öz sözünün yiyəsidir: "Bu qətiyyətin və prinsipiallığın nəticəsidir ki, Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi olmadan sülhə doğru inamlı addımlar atılır. Azərbaycanın özünün birbaşa səyləri ilə son dövrlər hər iki ölkənin maraqlarını təmin edən və tərəqqiyə hesablanmış hadisələrə şahidlik edirik. Üçüncü tərəflərin bu hadisələrə istiqamətləndirmə imkanlarının olmaması dövlətimizin təşəbbüslərinin nəticəsidir.
Prezidentin bütün vədləri mütləq reallaşdığı kimi, yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər də qısa zamanda öz təsdiqini tapdı: "Dövlət başçısının "o kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. Yəni bizim mövqeyimiz bundan ibarətdir" fikirləri bu gün artıq realdır, sözügedən kəndlərə Dövlət Sərhəd Xidmətinin bölmələri nəzarət edir. Bu, Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində atılmış növbəti addımdır".
İki ölkə arasında delimitasiya və demarkasiya prosesinin belə uğurla davam etməsi sülhə daha yaxın olduğumuza dair nikbinliyimizi artırır. Onu da qeyd etmək lazımdır ki, bu sülh müqaviləsinin imzalanması Azərbaycandan daha çox, elə məğlub Ermənistanın özünə lazımdır. Azərbaycan öz qonşuları ilə daim sülh şəraitində və təhlükəsiz yaşamaq, mehriban dostluq əlaqələri qurmaq niyyətindədir.
Türkan Cümşüdova – YAP üzvü