SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Moskva görüşündən sonrakı Suriya səssizliyi - Ağ Ev Kremllə anlaşdımı..

Moskva görüşündən sonrakı Suriya səssizliyi - Ağ Ev Kremllə anlaşdımı..

Tarix:

18-04-2017, 09:25

/ 41 605 dəfə oxundu.
Moskva görüşündən sonrakı Suriya səssizliyi - Ağ Ev Kremllə anlaşdımı..

Reks Tillersonun kritik Rusiya səfərinin pərdəarxası haqda ilginc mülahizələr; politoloq: “Moskvanın Vaşinqtondan ən böyük gözləntisi Amerikanın İŞİD-lə mübarizəyə başlamasıdır”
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillersonun Moskva səfəri və Rusiya prezidenti Vladimir Putin, həmçinin XİN rəhbəri Sergey Lavrovla saatlarla davam edən müzakirələrdən sonra Suriyadakı gərginlik xeyli səngiyib. Bəzi müşahidəçilər bunu Vaşinqtonla Moskva arasında anlaşmanın əldə olunması ilə izah edirlər.
Düzdür, danışıqlardan sonra anlaşmanın olmasını təsdiqləyən hər hansı açıqlama olmadı. Belə ki, ABŞ diplomatı “Bəşər getməlidir” şərtini dilə gətirdiyi halda, Rusiyanın qəti mövqeyi olmadı.
Lakin görünən budur ki, Suriyada nisbi sakitlik hökm sürür. Bu, “tufanqabağı sakitlik” görüntüsünə də bənzəyir. Hər halda, yaxın zamanlarda bir sıra məsələlərdə aydınlığın yaranması mümkündür. Bəzi ekspertlər Suriyaya qarşı sərt mövqe tutmaqla Rusiyanı qəzəbləndirən prezident Trampın bununla özünə qarşı şübhələri aradan qaldırmaq istədiyini iddia etdilər. Ancaq əksini düşünənlər, iki supergücün müharibə Astanasında olduğunu deyənlər də var. Hər halda, ABŞ tanklarının Moskvanın 700 km-liyində, Baltikyanı ölkələrdə olması da sadə məsələ deyil. Rusiya isə raketlərinin 97 faizinin döyüş hazırlığı vəziyyətinə gətirildiyni bəyan edib.
Ancaq bu ərəfədə ABŞ-ın Şimali Koreyaya qarşı daha sərt mövqe sərgiləməsi də diqqət çəkir. “Şər üçbucağı”nın üzvünə qarşı Vaşinqtonun son təhdidi də nəzərdən qaçmamalıdır. “Şimali Koreyanın ballistik raket sınağına cavabı veriləcək”- ABŞ prezidentinin müşaviri Herbert Makmaster bildirib. Zahirən belə görünür ki, Suriyadakı sakitlik Şimali Koreyaya diqqətin artması ilə də əlaqəli ola bilər.
Politoloq Elxan Şahinoğlu isə Vaşinqton-Moskva gərginliyinin səngidiyini düşünmür: “Əslində ABŞ dövlət katibi Reks Tillersonun Rusiyaya ilk rəsmi səfəri iki ölkə arasındakı heç bir fundamental problemi həll etmədi. Tərəflər öz mövqelərində qaldılar. Buna baxmayaraq, Vaşinqtonla Kreml arasında dialoq rəsmən başladı və Rusiya prezidenti Vladimir Putin amerikalı diplomatı qəbul etdi. Halbuki son saata qədər belə bir görüşün baş tutub-tutmayacağı bəlli deyildi. Reks Tillerson Moskvaya səfərdən bir gün öncə İtaliyada ”böyük yeddilər"in xarici işlər nazirlərinin görüşündə belə bir fikir işlətmişdi ki, Rusiya ya Qərbin, ya da Bəşər Əsəd, İran və “Hizbullah”ın yanında olmalıdır. Bu, faktiki ultimatum idi. Əgər Tillerson bu ultimatumu Moskvada təkrarlasaydı, Putin onu qəbul etməyəcəkdi. Yəni Tillerson rusiyalı həmkarı Sergey Lavrovla görüşüb geri dönəcəkdi. Ancaq Tillerson Moskvada daha yumşaq dil seçdi və Rusiya paytaxtında təmas nöqtələri axtarmaq istədi. Buna görə də Putin onu qəbul etdi. Bu, Putinin amerikalı həmkarı Donald Trampa mesajı idi ki, “dialoqa hazıram”. Bunun nəticəsidir ki, Tillerson Moskvanı tərk etdikdən sonra Tramp belə bir ifadə işlətdi: “Mən inanıram ki, Rusiya ilə münasibətlərimiz yaxşı olacaq”. Bu açıqlama isə həm Rusiya, həm də beynəlxalq aləmə ünvanlanmışdı. Çünki Amerika Suriya ərazisini raket atəşinə tutduqdan sonra böyük dövlətlərin qarşıdurmasından, hətta nüvə toqquşması təhlükəsindən danışılırdı".
Politoloq hesab edir ki, Tillersonun Moskvaya səfəri, onunla Putinlə görüşü və ardından Trampın yumşaq açıqlaması ortamı yumşaltdı: “Buna baxmayaraq, Reks Tillersonun Moskvaya səfəri iki ölkə arasındakı prinsipial fərqi ortadan qaldırmır. Rusiya Əsədə dəstəyini davam etdirir, ABŞ isə onu devirməyə çalışır. Tərəflər ortaq məxrəc tapa bilmirlər. Ancaq bir formul var ki, bu iki böyük dövlət arasındakı Suriya mövzusunda gərginliyi azalda bilər. Kremlə Əsədi öz ətrafından əvəz edə biləcək fiqur axtarışına başlamaq təklifi edilib. Elə Tillerson da Moskvada bir cümlə ilə ona işarə etdi ki, Əsədin bir başqasıyla əvəz olunmasına etiraz etmirlər. Moskva üçün önəmli olan Əsədi əvəz edəcək şəxsin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirməsi, Rusiyanın bu ölkədəki hərbi bazalarının varlığını sürdürməsidir. Məncə, Vaşinqton buna etiraz etməz. Ancaq Moskvanın qorxusu odur ki, Suriya rejimi Əsədsiz dağıla bilər. Həqiqətən Yaxın Şərqin avtoritar rejimləri bir nəfərin iradəsinə bağlıdır. Səddam Hüseyn var idi, İraq bütöv idi, elə ki, onu yıxdılar, ölkə dağıldı, İŞİD meydana gəldi. Eyni sözlər Liviya diktatoru Müəmmarı Qəzzafiyə aiddir. Moskva eyni ssenarinin Suriyada təkrarlanmasını istəmir. Ancaq Moskvada onu da nəzərə alırlar ki, Bəşər Əsədi əbədiyyətə qədər qoruya bilməyəcəklər, ölkə bir neçə hissəyə bölünüb, Əsədə bağlı ordu silahlı müxalifət və terrorçular üzərində qələbə çalmaqda acizdir”. E.Şahinoğlunun fikrincə, Rusiya terrorçularla təkbaşına savaşmaq istəmir və ona tərəfdaş dövlətlər lazımdır: “Tərəfdaş dövlətlərin bir qismi isə Suriyada terrorçularla bir şərtlə mübarizə apara biləcəklərini deyirlər ki, Əsəd hakimiyyətdən getsin. Fikrimcə, Tramp Əsədi devirmək üçün prosesləri çox da sürətləndirməyəcək. Moskvanın Vaşinqtondan ən böyük gözləntisi Amerikanın İŞİD-lə mübarizəyə başlamasıdır. Məsələn, Tramp Suriyanı raket atəşinə tutduqdan sonra keçdi başqa məkanlara. ABŞ ən ağır bombasını Əfqanıstana ataraq terrorçuların dağlardakı yuvasını dağıtdı. Bəlkə də Əfqanıstana atılan bomba terrorçulara ciddi zərər vurmayıb. Bu bombardman Trampa siyasi səbəbdən lazım idi. Bu bombardman prezident Donald Trampa ona görə lazım idi ki, o, düşməninin yalnız Bəşər Əsəd olmadığını, bütün terrorçulara qarşı amansız mübarizə aparacağını göstərsin. Yəni demək istədi ki, dünən Suriya, bu gün Əfqanıstan, hər yerdə varıq. Tramp göstərdi ki, o, Əsədlə yanaşı, Əfqanıstandakı terrorçulara qarşı da qəti addımlar atmağa hazırdır. Əgər Trampın Suriya ərazisini raket atəşinə tutmasını Kreml tənqid etdisə, Əfqanıstana atılan bombaya etiraz etmədi. Çünki bu dəfə hədəf terrorçular idi”.

Şərhlər

XƏBƏR LENTİ