SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Moskva Qarabağ məsələsində mövqeyini açıq şəkildə ortaya qoymalıdır... - TƏHLİL

Moskva Qarabağ məsələsində mövqeyini açıq şəkildə ortaya qoymalıdır... - TƏHLİL

Tarix:

1-10-2019, 10:27

/ 803 dəfə oxundu.
Moskva Qarabağ məsələsində mövqeyini açıq şəkildə ortaya qoymalıdır... - TƏHLİL

Bu gün - oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putin “məxməri inqilab”dan sonra ilk dəfə Ermənistana səfər edəcək. Burada o, Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Toplantıya İranın prezidenti Həsən Ruhaninin də qatılacağı gözlənilir. Ermənistan bu tədbiri özünün regiondakı “rolu”na verilən mühüm qiymət kimi qələmə verməyə çalışsa da, reallıqlar başqa şey deyir.

Məsələ ondadır ki, Avrasiya İqtisadi Birliyi faktiki surətdə “ölü doğulmuş” qurumdur və onun əhəmiyyətli şəkildə genişlənməsi gözlənilmir. Elə işğalçı Ermənistanın özünün digər üzv dövlətlərlə, xüsusən də Rusiya ilə heç bir sərhədinin olmaması özlüyündə çox şey deyir. Konkret halda yalnız Azərbaycanın bu təşkilata üzvlüyü ona nəfəs verə, o cümlədən Ermənistana ciddi faydası olardı ki (o halda Ermənistan Azərbaycan vasitəsilə Rusiyaya quru yolla çıxış əldə etmiş olacaq), bu da Qarabağ ixtilafı səbəbindən istisnadır. Bakının bu xüsusda şərti qüvvədə qalır: biz işğalçı ölkə ilə vahid iqtisadi birlikdə təmsil oluna bilmərik.

İrəvan isə çox səy edir ki, heç olmasa, İran bu quruma qoşulsun və Xəzər dənizi hesabına Rusiya ilə əlverişli şərtlər altında əlaqə yarada bilsin. Malların daşınmasında hansısa güzəştlər, üstünlüklər əldə eləsin, böhran vəziyyətində olan iqtisadiyyatını dirçəltsin. Ancaq bu, Azərbaycanla müqayisədə bahalı yoldur. Üstəgəl, Rusiyanın hərbi qalası olan Ermənistan İran üçün iqtisadi-ticari baxımdan ciddi önəm kəsb eləmir. Ermənistan, sadəcə, müstəqil dövlət deyil və onunla hansısa ortaq iqtisadi zonalar yaratmağın da perspektivi ola bilməz.

*****

Başqa yandan, İrəvan tədbirin önəmini artırmaq üçün Putinin İrəvanda gecələməsinə çalışır. Moskva isə artıq bəyan edib ki, Rusiya lideri İrəvanda cəmi bir neçə saat olacaq və gecəni qalmadan geri qayıdacaq. Bundan əlavə, Kreml başçısı İrəvanın tədbir çərçivəsində baş nazir Nikol Paşinyanla ikitərəfli görüş təklifini rədd edib.

Sadalananların kökündə Kremlin hələ də “məxməri” baş nazirə etibar etməməsi dayanır - baxmayaraq ki, Nikol Paşinyan ona sədaqət andı içməkdə davam edir. Elə ötən həftəsonu o, BMT-dəki çıxışında bir daha Rusiyanın Ermənistanın əsas strateji müttəfiqi olduğunu bəyan etdi.

Bununla belə, Putin çətin ki, öz dostu, eks-prezident Robert Köçəryanın az öncə təzədən həbsdə saxlanmasını Nikol Paşinyana bağışlasın. Yeri gəlmişkən, Putinin İrəvanda Pasinyanın acığına Köçəryanla təcridxanaya baş çəkəcəyi ilə bağlı iddialar da var.

*****

Nəhayət, İrəvan səfərindən cəmi 2 gün sonra - oktyabrın 3-də Putin Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək - həm də ikitərəfli formatda. Xəbər verildiyi kimi, görüş Valday Beynəlxalq Müzakirə Klubunun toplantısı çərçivəsində reallaşacaq. Paşinyanla İrəvanda ayrıca görüşün iqnor edilməsi fonunda Əliyev-Putin ikitərəfli görüşünü sonuncuya tərs şillə də saymaq olar.

Siyasi təhlilçilərə görə, Soçidə Qarabağ məsələsi də iki dövlət başçısının diqqət mərkəzində ola bilər. Ən azı, o ona görə ki, son aylar İrəvan rəsmilərinin destruktiv mövqeyi səbəbindən sülh prosesi heç vaxt olmadığı qədər mənasız duruma gəlib və bölgədə müharibə ehtimalı artıb. Bu isə əsas vasitəçi dövlət kimi Rusiyanı da narahat etməlidir.

“Düşünürəm ki, Soçi görüşü ərəfəsində yaranan müsbət atmosfer Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından qismən də olsa istifadə etməsinə zəmin yaradacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a politoloq Elçin Mirzəbəyli İlham Əliyev və Vladimir Putinin Soçi şəhərində bir araya gəlməsi haqqında danışarkən deyib.

Politoloq qarşıdakı görüş haqqında Ermənistan və Rusiya mətbuatında fərqli fikirlərin səsləndirildiyini deyir: “Azərbaycan-Rusiya münasibətlərində son dövrlər nəzərə çarpacaq dərəcədə inkişaf gedir. Həmçinin, iqtisadi və siyasi əlaqələrin inkişafına da şahid oluruq. Düşünürəm ki, bütün bunlar münasibətlərin dinamikasından xəbər verən amillərdir. Bu amillər təbii ki, Soçi görüşü öncəsi müsbət atmosfer yaradır. Hesab edirəm ki, bu müsbət atmosfer də Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından, qismən də olsa, istifadə etməsinə zəmin yaradacaq”.

Ekspertə görə, bütün hallarda baş verən prosesləri yaxından izləmək lazımdır: “Yəni məsələnin mahiyyəti ondan ibarətdir ki, istər cəmiyyətdə, istərsə də bütövlükdə siyasi ekspertlər arasında belə fikir var ki, Rusiya Qarabağ müstəvisində Ermənistanın indiki hakimiyyətinin öz postundan getməsi üçün İrəvana hansısa təzyiqlər göstərə bilər. Təbii ki, bu da münaqişənin tam həllinə xidmət etməyən faktdır. Münaqişənin tam həllinə nail olmadan da birdəfəlik tənzimlənmə mümkün deyil. Yəni Qarabağ münaqişəsi yarımçıq öz həllini tapa bilməz. Bu baxımdan problemin tam həlli üçün Rusiyanın mövqeyini açıq şəkildə ortaya qoyması vacibdir. Düşünürəm ki, Soçi görüşündən sonra rəsmi Moskva bu istiqamətdə lazımi addımlar ata bilər”.

*****
Bu arada erməni qaynaqları yazıb ki, Putinin İrəvan səfəri zamanı Rusiyadan alınan təbii qazın qiyməti ilə bağlı da müzakirələr aparılacaq. Ancaq çətin ki, bu müzakirələrin yekunu İrəvanın ürəyincə olsun. Çünki qaz Rusiyanın əlində xüsusilə də Paşinyan rejiminə qarşı həm də siyasi təzyiq vasitəsidir və heç şübhəsiz, Moskva ondan axıradək istifadə edəcək. Erməni nəşrlərindən biri isə yazıb ki, Rusiya satdığı qazı 30% bahalaşdırmağa hazırlaşır.

Bir sözlə, Ermənistan üçün, Paşinyan komandası üçün kritik bir həftə gözlənilir. Rusiya liderinin İrəvandan Soçiyə hansı əhvalda gedəcəyini müşahidə eləmək maraqlı olacaq. Elə Soçidə səslənəcək bəyanatları da...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ