SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Putindən Paşinyana “sürpriz”- Ermənistan üçün kritik ay

Putindən Paşinyana “sürpriz”- Ermənistan üçün kritik ay

Tarix:

3-09-2019, 10:39

/ 775 dəfə oxundu.
Putindən Paşinyana “sürpriz”- Ermənistan üçün kritik ay

Rusiya prezidentinin məhbus Köçəryana sayca üçüncü təbriki rəsmi İrəvan üçün şok effekti yaradır; erməni baş nazirin bəyanatları başına bəla olur... Rusiya növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyana “sürpriz” edib. Belə ki, prezident Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryana 65 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Dünyanın aparıcı ölkəsinin prezidentinin başqa ölkənin cinayətdə suçlanaraq həbsə atılmış prezidentini təbrik etməsi sıradan bir məsələ deyil. Onu da xatırladaq ki, bu, məhbus Köçəryana Putinin ilk təbriki deyil. Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Komitəsi tərəfindən 2008-ci ilin mart ayında konstitusiya quruluşunu devirməkdə və külli miqdarda rüşvət almaqda günahkar bilinən R.Köçəryan ilk dəfə 2018-ci ilin iyununda həbs edilmişdi. O zaman hətta Rusiya XİN-in başçısı Sergey Lavrov da N.Paşinyanı siyasi rəqiblərinə qarşı qisasçılıqdan çəkinməyə və həbsləri dayandırmağa çağırdı. Bundan sonra Köçəryan həbsdən buraxıldı və ad günü münasibətilə ilk təbrik zəngi V.Putindən gəldi. Lakin sonradan Köçəryanın növbədənkənar parlament seçkiləri ilə bağlı revanşa hazırlaşması və sərt bəyanatları Paşinyanı narahat etdiyi üçün dekabr ayında eks-prezidentlə bağlı növbəti dəfə həbs-qətimkan tədbiri seçildi.

Cari ilin 18 mayında R.Köçəryan Qarabağ separatçıları A.Qukasyan və B.Saakyanın girov qoyması müqabilində azadlığa buraxıldı. Lakin Paşinyan bu dəfə də güzəştə getmədi və qərarı geri oxutdurdu. 25 iyunda isə Xocalı canisi kimi tarixə qara ləkə kimi düşmüş R.Köçəryanla bağlı qərar ləğv edildi və o, yenidən həbsə göndərildi. Hətta azadlıqla bağlı qərar çıxaran hakimin də “dərs”inin veriləcəyi bildirildi. Hakim David Qriqoryana qarşı artıq cinayət işi qaldırılıb. Hakim kimi onun səlahiyyətləri də müvəqqəti olaraq dayandırılıb.

Lakin görünən budur ki, Ermənistanın ikinci prezidenti Paşinyandan qisas almaqda israrlıdır. Yerli saytlardan birinə müsahibə verən Köçəryan baş naziri öz düşməni adlandırmışdı. “Siyasi proseslərdən danışarkən belə terminlərdən istifadə etməzdim. Amma Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəyəm. Düşünürəm ki, hakimiyyətin qorxutduğu birinci instansiya məhkəməsinin hakimi mənə o qədər nifrət etmirdi ki, prosesi gecə 01:30-da təyin etsin. Bunun kimə lazım olduğunu bilirəm” - Köçəryan demişdi. Köçəryan Rusiya prezidenti Putinlə dost olduqlarını və postunu tərk etdikdən sonra keçən 10 il ərzində sıx münasibətlərini qoruyub-saxladıqlarını da deyib. Bununla da o, hakimiyyətə meydan oxumasının əsas “sirri”ni açıqlamış olub.

Belə bir durumda Rusiya liderinin həbsdə olan Köçəryana yubiley məktubu göndərməsi N.Paşinyanın “əcəlinin yetişdiyi” qənaətini yaradır. Xatırladaq ki, hələ ötən il Paşinyan hakimiyyətinin uzun çəkməyəcəyi barədə xəbərdarlıqlar edirdilər. Təsəvvür edin, hakimiyyətdə olduğu 16 ay müddətində N.Paşinyanın gözü yolda, qulağı səsdə qaldı, amma Putindən ona baş nazir seçilməsi ilə bağlı təbrik gəlmədi. Amma bu müddətdə Moskvadan məhbus Köçəryana 3 təbrik göndərildi, özü də nümayişkaranə şəkildə. Putin hətta R.Köçəryanı Yeni il münasibətilə də təbrik etdi. Ancaq 2018-ci ilin son günlərində parlamentə qələbə qazanıb Moskvaya böyük ümidlərlə yollanan Paşinyan nə seçkilərlə, nə də Yeni illə əlaqədar təbrik almadı. Üstəlik, Rusiya İrəvana satdığı qazın qiymətini qaldırdığını elan etdi.

“Putinin həbsdə olan Köçəryana təbrik məktubu göndərməsi əslində Rusiyanın Paşinyan hakimiyyətinə münasibətini əks etdirir. Köçəryan Rusiya tərəfindən əvvəldən açıq dəstəklənir. Məncə, Paşinyan sonrası Ermənistan hakimiyyətinin taleyini Rusiya indidən müəyyənləşdirib”.

Putindən Paşinyana “sürpriz”- Ermənistan üçün kritik ay

Bu sensasion fikirləri “Yeni Müsavat”a ermənişünas alim, politoloq Qafar Çaxmaqlı söylədi. Ekspertin sözlərinə görə, Köçəryan özü olmasa da, onun komandasından olan birisini gətirib başa keçirmək Rusiya üçün çətin olmayacaq: “Mən o fikirdə deyiləm ki, Paşinyan ssenarisinin arxasında Rusiya olmayıb. Ermənistanda vəziyyəti gərginləşdirmək isə elə indi də Rusiyanın əlində bir su içimi kimi şeydir, çünki Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir. Bir çox müəssisələr birbaşa Rusiyanın mülkiyyətidir. Onları birində üç günlük dayanma növbəti krizisi özü ilə gətirə bilər. Rusiyanın Paşinyanla işləməyəcəyi siyasi anlamda da bəlli olub. Onunla bağlı gedən oyunlar Qərbin Ermənistanla bağlı atacağı addımları öyrənməkdən başqa bir şey deyildi. Rusiya əmin olub ki, onun forpostu Rusiyadan imtina edib Qərbin qucağına sığınmaq həvəsində deyil. Bu, sadəcə, indiki halda mümkün görünmür. “Köçəryan mesajı” Paşinyan hakimiyyətini özünü yığışdırmağa sövq edəcək". Q.Çaxmaqlı şübhə etmir ki, bu payız Ermənistanın vəziyyəti gərgin olaraq qalacaq: “2020-ci ildə Ermənistanın aldığı kreditlərin qaytarılmasına başlanılacaq, o halda durum vahiməli olacaq. Ermənistan borcları qaytarmaq iqtidarında deyil və borcu olan Rusiyadan daha çox asılı olacaq. Bu mənada Qarabağ düyününün açarının Rusiyanın əlində olduğunu deyənlər haqlıdır. Ermənistan Rusiyanın dediyindən çıxmayacaq. Əcəba, Rusiya Qarabağ ərazisini Azərbaycana qaytarmaq kimi təşəbbüsdə bulunarmı, bunu zaman göstərəcək”.

Politoloq Paşinyanın hakimiyyətə gəlməsi günlərini xatırladaraq bildirdi ki, ermənilərin oyun qurduğu indi daha aydın görünür: “Serj Sərkisyan kənardan olan basqılara dirəniş gətirə bilmirdi, xüsusən Qarabağ rayonlarının qaytarılması məsələsi qarşısında heç nə edə bilmirdi. Bu dəfə ”məxməri inqilab" oyunu oynadılar. Bu keçən müddətdə sadəlövh erməni xalqı gözləyirdi ki, həyatında hansısa dəyişiklik baş verəcək. O olmayınca etirazlar başladı. Bunun xeyli davam edəcəyi qənaətindəyəm. Ola bilsin Kreml onu dəyişdirsin... Bir ölkə ki, başqa bir ölkənin vassalı rolundadır, onu istənilən səmtə sürükləmək mümkündür. Paşinyan Xankəndində etdiyi bəyanatdan sonra geri verir. Çünki Kreml istəmir ki, hər hansı siyasət açıq efirlə səsləndirilsin. Rusiyanın məqsədi Qarabağ problemini həll etmək deyil, onu uzatmaq siyasəti aparır. Bu siyasətin daşıyıcısı cızığından çıxarsa cəzalandırılır".

N.Paşinyan isə son açıqlamalarında Rusiyaya münasibətdə “çoxəsrlik komplekslərdən azad olmağı” məsləhət görüb. Baş nazir ardınca Rusiyanın Azərbaycana silah satması faktını xatırladıb. Bununla da dolayısı ilə Rusiyaya meydan oxumaqda haqlı olduğunu nümayiş etdirmək istəyib. N.Paşinyan bu fikirləri Fransa mediasına açıqlamasında söyləyib. Qeyd edib ki, Ermənistan və Rusiya suveren müttəfiqlərdir. Əgər Moskvanın hansısa məsələ ilə bağlı şübhələri varsa, İrəvan da analoji hüquqa malikdir.

Göründüyü kimi, N.Paşinyan öz ölkəsinin Rusiyanın forpostu olmadığı görüntüsünü yaratmağa çalışıb. Putinin Qarabağ klanının lideri R.Köçəryanı açıq şəkildə müdafiə etməsi qarşılığında erməni baş nazirin mövqeyi maraqlı perspektivlər vəd edir.

Zəruri xatırlatma edək: V.Putinin oktyabr ayında İrəvana səfəri nəzərdə tutulub. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib ki, V.Putin Avrasiya İqtisadi Şurasının İrəvanda keçiriləcək iclasında iştirak edəcək. Rusiyanın mətbu orqanları isə bir müddət əvvəl yazmışdı ki, Putin İrəvanda R.Köçəryanla görüşmək istərdi. Yubiley təbriki əslində Paşinyan üçün “qara kağız” mənasındadır. İrəvana verilən mesaj, eyni zamanda baş nazir üçün gerisayım deməkdir. Artıq 31 avqustdan etibarən Paşinyana vaxt verilib; ən azı səhvini düzəltmək, “Putinin dostu”nu həbsdən buraxmaq üçün. Nikol odla su arasında qalıb, bir tərəfdə qəzəbli Rusiya, digər tərəfdə Rusiyadan dəstək alan və ondan qisas alacağını bəyan edən Qarabağ klanının cani lideri... Bir aylıq vaxt var. Bütün hallarda görünən odur ki, bu payız Ermənistanda çox maraqlı proseslər baş verə bilər...

Şərhlər

XƏBƏR LENTİ