SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Avropa İttifaqı ilə saziş yenə dalanda: - Bakı Aİ-ni nələrdə günahlandırır?

Avropa İttifaqı ilə saziş yenə dalanda: - Bakı Aİ-ni nələrdə günahlandırır?

Tarix:

30-08-2019, 12:28

/ 786 dəfə oxundu.
Avropa İttifaqı ilə saziş yenə dalanda: - Bakı Aİ-ni nələrdə günahlandırır?

Avropa Komissiyası yaxın iki ayda Azərbaycanla yeni tərəfdaşlıq sazişi bağlamağa ümid edir. Bu barədə “Trend” Avropa Komissiyasındakı mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir: “Mənbə noyabrın 1-dək Avropa Komissiyasının səlahiyyət müddətində razılaşmanın mümkün olduğuna dair açıq nikbinlik ifadə edib”. Bildirilir ki, yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi sentyabrda keçiriləcək.

Azərbaycanla Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq barədə yeni saziş layihəsi üzərində danışıqlarda yaranmış əsas əngəllər məlum olub. Virtualaz.org xəbər verir ki, bu haqda Brüsseldəki diplomatik mənbələr EURACTİV.com portalına məlumatları sızdırıblar.

Sayt yazır ki, Yunkerin komissiyası (Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker) Azərbaycanla yeni ticarət-siyasi razılaşmaya dair danışıqların qarşıdakı iki ay ərzində yekunlaşacağına ümid edir, bir şərtlə ki, Bakı layihənin ticarət hissəsində irəliləsin.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər 1999-cu ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına əsaslanır. 2017-ci ilin fevralından tərəflər yeni çərçivə razılaşmasına dair danışıqlara başlayıblar. Bu danışıqlar sona yaxınlaşır, amma bəzi həll edilməmiş məsələlər var.

Ötən ilin oktyabrında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov EURACTİV.com-a açıqlamasında demişdi ki, onun ölkəsi razılaşmanın indiki komissiyanın səlahiyyət müddətinin başa çatmasına qədər imzalanacağına ümid edir. Yunkerin komissiyasının səlahiyyətləri 2019-cu il noyabrın 1-də başa çatır.

2019-cu ilin aprelində isə Brüsseldə E.Məmmədyarovla danışıqlardan sonra Aİ-nin xarici siyasət komissarı Federiko Mogerini tərəflərin danışıqların “yekun, həlledici fazasına” daxil olduqlarını açıqlamışdı.

Lakin sayta danışan mənbələr deyiblər ki, bu hədəfə nail olmağın qeyri-mümkünlüyü getdikcə daha çox aydın olur. Belə ki, Bakı Avropa ittifaqının regionda mühüm stabilləşdirici rolunu qeyd etməklə yanaşı, onu uzaqgörənlik nümayiş etdirməməkdə günahlandırır. Habelə Azərbaycanın Avropa İttifaqının energetika təhlükəsizliyinin təmin edilməsinə töhfəsi vurğulanır.

“Azərbaycan habelə özünü buna görə təhqir olunmuş sayır ki, Aİ Bakının mövqeyinə görə daha az geostrateji əhəmiyyət kəsb edən və Rusiya ilə daha sıx münasibətlərə malik olan Ermənistan kimi ölkə ilə yeni nəsil ticari-siyasi razılaşma imzalayıb. Və əksinə, Aİ təəssüflənir ki, Azərbaycan yeni razılaşmaya iqtisadiyyatla bağlı güclü, mühüm əhəmiyyət kəsb edən hissənin daxil edilməli olduğunu anlamır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil və Brüsselin qeyd etdiyi kimi, bu təşkilata qoşulmaq üçün ciddi ambisiyaları da yoxdur. Bildirilir ki, bu məqam saziş layihəsinin ticarətlə bağlı hissəsini razılaşdırmağa ciddi əngəl yaradır”, - məqalədə deyilir.

Avropa Komissiyasındakı mənbə deyib: “Azərbaycan yeni siyasi-ticarət razlaşmasının imzalanmasında maraqlıdır, amma buna görə qiymət ödəmək istəmir”.

Mənbə əlavə edib ki, top Bakının meydançasındadır və komissiya üzərinə düşən işi yerinə yetirməyə hazırdır. Bir şərtlə ki, Bakı mövqeyinə yenidən baxsın.

Avropa Komissiyasındakı mənbə onu da bildirib ki, Avropa İttifaqının rəhbərliyi azad bazar iqtisadiyyatı qaydalarını xatırladanda Bakı danışıqlarda çətinliklərlə qarşılaşır.

“Azərbaycanın iqtisadiyyatı əsasən neftə və qaza əsaslanır. Mineral ehtiyatları ilə bağlı olmayan sahələr çox zəif inkişaf edib”, - mənbə deyib. Və əlavə edib ki, Aİ ilə razılaşmaya nail olunmasında “bəzi nazirlər digərlərinə nisbətən daha çox maraqlıdır”.

Amma mənbə, hər halda, ümid edir ki, razılaşma indiki komissiyanın səlahiyyətləri başa çatana qədər imzalanacaq.

“Bu mümkün ola bilər: bir neçə yuxusuz gecə keçirsək, biz məqsədə nail ola bilərik”, - mənbə deyib. Və əlavə edib ki, top Bakının tərəfindədir.

Qeyd edək ki, Brüssellə müzakirələri aparan azərbaycanlı rəsmilərin dəfələrlə bildirdiyi kimi, Azərbaycanın Aİ ilə danışıqlarda öz strategiyası var. Azərbaycanın Aİ ilə əməkdaşlıq gündəminə iqtisadiyyat, mədəniyyət və digər sahələrdə münasibətlərin dərinləşməsi daxildir. Lakin Bakı regiondakı və dünyadakı bütün amilləri, güc mərkəzlərini nəzərə almaqla bundan sonra da praqmatik siyasət aparacaq. Yəni müstəqil, özünün milli, iqtisadi, siyasi və geosiyasi maraqlarına əsaslanan siyasətini davam etdirəcək. Görünür bu səbəbdən Aİ üçün Bakı ilə danışıqlar aparmaq çətindir.

Politoloq Natiq Miri “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Aİ arasında imzalanacaq tərəfdaşlıq sazişinin hazırlanması ilə bağlı aparılan danışıqların başa çatmaq üzrə olduğu haqda indiyə qədər dəfələrlə rəsmi açıqlamalar olsa da, məsələ həllini tapmayıb. Hətta iyulun 8-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri zamanı Azərbaycan prezidenti və bir sıra rəsmilərlə görüşdən sonra demişdi ki, Azərbaycanla Aİ arasında imzalanacaq tərəfdaşlıq sazişinin hazırlanması ilə bağlı aparılan danışıqlar başa çatmaq üzrədir. Lakin göründüyü kimi, iki aya yaxın vaxt keçsə də məsələ hələ açıq qalır: “Azərbaycan bu günə kimi Avropa İttifaqı ilə sazişi imzalamasa da bu istiqamətdə danışıqlar prosesi və müxtəlif sahələr üzrə əməkdaşlıqlar davam edir. Sözsüz ki, Avropa İttifaqı ilə sazişin imzalanmasına əngəl olan müəyyən daxili və xarici faktorlar var. Mən burada demokratiya, insan haqları məsələsi ilə bağlı Avropa İttifaqının şərtlər irəli sürməsini və Rusiyanın Azərbaycan-Avropa İttifaqı sazişinin reallaşmasına qarşı olmasını sazişin imzalanmasının yubanmasına səbəblər kimi görürəm. Sazişin imzalanması üçün ən azından tərəflərin razılaşdıra bilmədikləri bir sıra məsələlər öz həllini tapmalıdır ki, proses yekunlaşmağa doğru getsin. Diqqət etdinizsə, hətta iyulun 8-də Bakıya səfəri zamanı Donald Tuskun özü belə sazişin nə zaman imzalanacağı barədə dəqiq tarix söyləyə bilməyəcəyini demişdi. Odur ki, bu gün də sazişin hansı ayda imzalanacağı barədə dəqiq vaxt söyləmək çətindir”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə, haqqında söhbət gedən saziş layihəsinin müddəaları barədə ictimaiyyətə hələ məlumat verilməyib. Hər iki tərəf hər dəfə ümumi məlumatlar verməklə kifayətlənib: “Ola bilsin, yekun razılaşmadan sonra sazişin tam mətnini görə bilərik. Hələ may ayında xarici işlər naziri Elmar Məmmədyarov danışıqlarda müddəaların 90 faizinin razılaşdırıldığını, yerdə qalanlar üzərində isə işlər getdiyini bildirmişdi. Təxminən eyni fikri Avropa İttifaqı Genişləndirmə Komissarı Yohannes Han da söyləyərək bir sıra məqamlarla bağlı danışıqların davam etdiyini və payıza qədər razılaşdırıla biləcəyinə ümid etdiyini bildirmişdi. Bir sıra Avropa İttifaqı nümayəndələrinin zaman-zaman verdiyi açıqlamalardan, yayılan son məlumatdan belə qənaətə gəlmək olur ki, razılaşdırılmayan məqamlar hələ də qalır. Məncə, onların içində vətəndaş cəmiyyəti, insan haqları ilə bağlı məsələlər də var”.

Politoloq onu da qeyd etdi ki, bu sazişin lazım olan tələblərə cavab vermədən imzalanması əslində işin xeyrinə olmaz. Bu halda həm Azərbaycan, həm də Avropa İttifaqı üçün bu sazişin heç bir əhəmiyyəti olmaz: “Sənəd imzalanandan sonra Avropa İttifaqına daxil olan bütün dövlətlərin parlamentləri ayrı-ayrılıqda ratifikasiya etməlidirlər ki, həmin zaman ciddi problemlər yaşana bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan indiyədək razılaşdıra bilmədiyi müddəaları maksimum şəkildə Avropa İttifaqı standartlarına uyğun razılaşdırarsa, həmin andan qısa müddət sonra bu sənəd imzalanacaq. Bu hadisə noyabrda da, dekabrda da və hətta gələn il də baş verə bilər. Dediyimiz kimi, dəqiq tarix proqnoz vermək mümkün deyil”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ