SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Paşinyana Bakıdan sərt cavab - kəskin reaksiyaları döyüş əvəz edə bilər...

Paşinyana Bakıdan sərt cavab - kəskin reaksiyaları döyüş əvəz edə bilər...

Tarix:

29-08-2019, 09:14

/ 1 025 dəfə oxundu.
Paşinyana Bakıdan sərt cavab - kəskin reaksiyaları döyüş əvəz edə bilər...

İrəvan status-kvonu saxlamaq üçün cəhdlər etsə də, ritorikası savaşı tətikləyir; politoloq: “Sülhə ümidlərin tamamilə yox olması da Ermənistanı qorxudur”
N.Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ probleminin və erməni xalqının müstəqilliyinin beynəlxalq aləmdə tanıdılması üçün erməni diplomatlar yorulmadan çalışmalıdırlar. Erməni baş nazir absurd bəyanatlarını davam etdirərkən Azərbaycanın SSRİ-dən çıxması ilə separatçı “Dağlıq Qarabağ respublikası”nın “Azərbaycanın tərkibindən çıxması” barədə mənasız “qərar”ı eyniləşdirməyə cəhd göstərib. “Necə ki, vaxtilə Azərbaycan müstəqillik qazanıb SSRİ-dən çıxanda heç kim buna qəribə hadisə kimi baxmırdı, indi də Qarabağın Azərbaycandan ayrılması heç kəs üçün təəccüblü olmamalıdır. Məqsədimiz suverenliyi və təhlükəsizliyi təmin etmək, vətəndaşların təhlükəsizliyi və firavanlığı üçün ən əlverişli atmosferi yaratmaqdır. Bunun üçün ölkənin səsini dünyaya daha çox çatdırmaq lazımdır. Burada əsas vəzifə Ermənistanın beynəlxalq aləmdə etibarını artırmaqdır. Demokratik proseslər dönməzdir. Məqsədimiz Ermənistanla, diaspor və Artsax (Qarabağ) arasındakı sərhədləri aradan qaldırmaqdır”, - deyə Paşinyan iddia edib.

“Mənim üçün nə Paşinyanın, nə də onun dəstəsindən başqa bir kəsin açıqlaması ən kiçik əhəmiyyətə belə malik deyil. Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi təyin olunduğu beynəlxalq təşkilatların rəsmi sənədləri var və heç bir beynəlxalq qurum sərhədlərimizə etiraz etməyib. Əksinə, dünya ərazi bütövlüyümüzü tanıyır”.
Bunu virtualaz.org-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib. Ermənistanın baş naziri Nikol Paşinyanın “...Azərbaycan SSRİ-ni tərk etdi və burada qəribə bir şey yox idi, Dağlıq Qarabağ Muxtar Vilayəti də Azərbaycan SSR-ni elə tərk etdi və bu da qəribə bir şey sayılmamalıdır” yalançı elmi nəticələrini şərh edərkən A .Mütəllibov xatırladıb ki, SSRİ Konstitusiyasına görə, Azərbaycan, bütün ittifaq respublikaları kimi, İttifaqdan ayrılmaq hüququna sahib idi, halbuki muxtar qurumlarda belə hüquqlar yox idi. “Paşinyan siyasətdə diletantdır və qoy bu cür pafoslu bəyanatlar verməzdən əvvəl tarixi sənədləri diqqətlə araşdırsın. Azərbaycan BMT və digər beynəlxalq qurumlara Dağlıq Qarabağla birlikdə daxil olub və bu, rəsmi sənədlərdə öz əksini tapıb. Yeri gəlmişkən, Azərbaycan MDB-yə daxil olanda, hətta Ter-Petrosyan da Dağlıq Qarabağla bağlı bir söz demədi. O, bütün MDB prezidentləri kimi, Azərbaycanı mövcud sərhədlərdə tanıdı. Buna görə bu problemin etimologiyasını hələ də başa düşməyən və açıqlamalarında çaşqınlıq çəkən bir adamla polemika aparmağa dəyməz”, - deyə eks-prezident qətiyyətlə vurğulayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bir gün əvvəl Ermənistan XİN rəhbərinin sərsəmləmələrinə kəskin reaksiya vermişdi. XİN bəyan etmişdi ki, “Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil”. Növbəti gün isə rəsmi Bakı Paşinyanın sayıqlamalarını cavablandırmaq məcburiyyətində qalıb. Bu barədə nazirlikdən “Yeni Müsavat”a məlumat verilib. Cavab reaksiyasında deyilir: “Ermənistanın baş naziri N.Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur. Ermənistanın baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə. Belə ki, ilk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ konstitusiyalarında təsbit edilmişdir, üstəgəl, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı”.

Rəsmi Bakı ardınca bəyan edib ki, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununun məqsədi müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedura yaratmaqla tənzimləməkdən ibarət idi: “Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli proseduradan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi. Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan öz üzərlərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər”.

XİN bəyan edib ki, seçicilərinə qızıl dağlar vəd edən Ermənistan baş nazirinin iddiaları mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır: “Çünki bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada həmçinin iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır. Bununla yanaşı, qeyd etmək istərdik ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər”.

Artıq göründüyü kimi, rəsmi Bakı Paşinyanın sərsəmləmələrinə münasibətdə bir il əvvəlki kimi, dözümlü mövqe sərgiləmək niyyətində deyil. Bu isə ondan xəbər verir ki, sərt bəyanatları hər an döyüş əməliyyatları əvəzləyə bilər.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, erməni tərəfin bu mövqedən çıxış etməsi təəccüblü deyil: “Gözlənildiyi kimi, Paşinyanın Xankəndində verdiyi bəyanatdan sonra ermənilər ”Artsax Respublikasının“ tanıdılması taktikasını işə salmağa başladılar və üstəlik, Ermənistan baş nazirinin ondan daha əvvəl Dağlıq Qarabağ separatçılarının tərəf kimi danışıqlara cəlb olunmasını təkrar dilə gətirməkdədirlər. Ehtimal ki, BMT-nin Baş Assambleyasında bu məsələ bir daha qaldırılacaq. BMT Baş Assambleyasının keçiriləcəyi ərəfədə xarici ölkələrdəki səfirlərin İrəvana dəvət olunması və burada onlara ”artsax"ın tanıdılması ilə bağlı tapşırıqların verilməsi şübhəsizdir".

Q.Çaxmaqlı qeyd etdi ki, səfirlərin toplanmasında bir narahatlıq da Türkiyənin Naxçıvanda baza yaratmaq xəbərləridir: “Rəsmi Ankara bunu təkzib etməyib, daha da həyəcanlandığı aşkar görünür. Türkiyənin 2009-cu ildə Sürixdə Ermənistan - Türkiyə əlaqələrini nizama salmaqla bağlı imzalanmış protokolları yenidən diqqət mərkəzinə sürməsi də göstərir ki, Ermənistan suçlu axtarır, protokolların imzalanmasından sonra onun ratifikasiya edilməməsini Türkiyənin üstünə atmaq istəyir. Bununla da Ermənistan Türkiyəni yumşaltmaq və yeni protokollar hazırlamağa hazır olduğunu işarə vurur. Ermənistan əslində qorxur. Azərbaycanda Paşinyanın bəyanatından sonra sülhə ümidlərin tamamilə yox olması da Ermənistanı qorxudur. İrəvan Azərbaycanın öz torpaqlarını azad etmək üçün hər an gözlənilməz addım atacağından təşvişə düşüb”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan və baş nazir Nikol Paşinyan bu ölkənin xarici ölkələrdəki səfirləri və diplomatlarının İrəvandakı toplantısında Qarabağla bağlı qeyd etdikləri danışıqların aparılmasına rəvac vermir: “Rəsmi Bakı daima sülhə və danışıqlara sadiq olduğunu bəyan edib. Artıq Ermənistanın bu siyasəti Azərbaycanın alternativ variantlara əl atmasını şərtləndirə bilər. Demək olar ki, həm N.Paşinyan, həm də Z.Mnatsakanyan Qarabağla bağlı ardıcıl olaraq separatçıları danışıqlarda tərəf kimi qabardır və ”müstəqillik" kimi avantürist ideyalarını qırmızı cizgi kimi vurğulayırlar".

Ekspert deyir ki, göründüyü kimi, rəsmi İrəvan qəti surətdə kompromisə getmək fikrində deyil: “Çünki Paşinyan Rusiyaya reverans edir. Ona görə də işğal olunmuş ərazilərin boşaldılması üzrə bütün danışıqların detalları qapadılıb. Rusiya qəti surətdə münaqişənin həllində maraqlı deyil və Paşinynanın bu siyasətinə dəstək verir”. M.Əsədullazadə də bu fikirdədir ki, Azərbaycanın Türkiyə və bəzi Qərb ölkələri ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi Ermənistanı ciddi şəkildə narahat edir: “Aydın olur ki, rəsmi İrəvan Qarabağla bağlı siyasətdə dayaqlarını zəiflədir. Yalnız Moskvanın dəstəyi ilə işğalı süründürür. Nə ABŞ, nə də Avropa Ermənistanı Qarabağ məsələsində dəstəkləmir”.

Görünən budur ki, N.Paşinyan ABŞ-ın Kaliforniya ştatına səfər öncəsi bəyanatlarının “doza”sını son həddə çatdırıb. Bununla da o, erməni diasporu qarşısında özünün “qəhrəman” obrazını yaratmaq və ABŞ-da ianələr toplayıb geri dönmək istəyir.

Şərhlər

XƏBƏR LENTİ