XalqXəbər.Az

Paşinyan üçün sonun əvvəli göründü - gerisayım

yüklənir...
Paşinyan üçün sonun əvvəli göründü - gerisayım
24-08-2019, 10:02
yüklənir...

Ermənistan mediası “xalq baş naziri”nin xalqdan uzaq düşdüyünü yazır; “məxməri” baş nazirin başı dərddə...
Ermənistan baş naziri Nikol Paşinyan avqustun 19-da Cermukda “Amulsar” mübahisəli qızıl mədəni ilə bağlı qərarı, bu qərarın fonunda narazı sakinlərlə polisin toqquşması, dinc nümayişçilərə qarşı zor tətbiq olunması sərt tənqid hədəfinə çevrilib. Paşinyan bir yandan həmin mədənlə bağlı inqilaböncəsi verdiyi vədə xilaf çıxmaqda, digər yandan isə ümumiyyətlə, getdikcə xalqdan ayrı düşməkdə, uzaqlaşmada ittiham olunur.

Özü də onu tənqid edənlər ən çox “məxməri inqilabı”n, recim dəyişikliyinin qatı tərəfdarı olanlar, yəni Paşinyanın potensial elektoratıdır.

Belə görünür ki, “inqilab lideri”ndən haqq-hesab sormaq zamanı yaxınlaşır. Paşinyandan iş yerləri, çörək gözləyən ac-yalavac əhali artıq yeni hökumətin il yarımlıq fəaliyyəti barədə daha ucadan, həm də narazı tonda danışmağa başlayıb. Ölkədə lokal etiraz aksiyaları göz görəsi çoxalıb. Öz növbəsində media və ekspert dairələri hökumətə qarşı tənqidin dozasını kəskin qaldırıb. Eyni zamanda, Nikol Paşinyana daha tez-tez onun inqilab öncəsi verdiyi vədlər və bəyanatlar xatırladılır.

*****

“Avqustun 19-u Paşinyan idarəçiliyinin sonunun başlanğıc günü sayıla bilər. Həmin gün baş nazir ilk dəfə xalqı vecinə almayaraq, qulaqardı elədi”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport.com-un dünənki baş məqaləsində deyilir.

Məqalədə daha sonra deyilir: “Ölkədə məxməri inqilab ona görə baş verdi ki, yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar isə əvvəlki kimi yaşamaq istəmirdilər. Nəticə məlumdur. Ekspert camiyəsinin əksəriyyəti deyir ki, baş nazir Nikol Paşinyanın bioqrafiyasına bu tarix - 19 avqust 2019 artıq dəqiq həkk olunub. Məhz həmin gün o, formal olaraq, Amulsara ətrafında mövzuya münasibət bildirib. Reallıqda isə öz reytinqini məhv edib. Paşinyan özünü məhz Serc Sərkisyan kimi aparıb. Halbuki hamı ondan tamam başqa şey gözləyirdi”.

Müəllif ardınca Paşinyan haqda daha kəskin ifadələr işlədir: “Həqiqətən də, hər şey çox abırsızcasına oldu. Hamı xatırlayır ki, Nikol Paşinyan yaxın zamanlarda yerli Cermuk sakinlərinə söz vermişdi ki, mədənlə bağlı onları narahat edən problemləri birgə müzakirə edəcək. Bu düzgün qərar idi. Axı son günlərə kimi onlar baş naziri Cermuka dəvət edirdilər ki, onunla müzakirə aparılsın. Ancaq sonra baş nazir anlatdı ki, sakinlərlə görüşmək fikrində deyil. O, hətta onların açıq məktubunu da ciddiyə almadı. Mahiyyət etibarilə bu, hamımızın, xalqın üzünə tüpürmək idi. Biz artıq görürük ki, Paşinyan avtoritar ola, yalançıya çevrilə və hətta bundan utanmaya bilər. Onu hətta bu da dayandırmır ki, bütün bunlara qarşı onun dünənki və indiki silahdaşları da çıxış edir. Bu - çox kədərlidir. Paşinyan sürətlə gözdən düşür”.

*****

“Son il yarımda Paşinyan avqustun 19-dakı kimi zəif olmamış, dediyi sözlərlə xalqla bunca ləyaqətsiz davranmamış, onda qıcıq və şübhə yaratmamışdı. Həmin çıxışdan sonra insanların verdiyi reaksiyalardan da bunu görmək olar. Onların mütləq əksəriyyətində şübhələr, yanaşmaları dəyişmək çağırışları, açıq şəkildə yalan və nağıl danışmaqda ittihamlar yer alır”.

Bu sözlər isə 1 in.am saytında getmiş tənqidi materialdandır.

“Nə olur-olsun, 19 avqustdan sonra hadisələr başqa məcraya girib. Bundan sonra cəmiyyətin başqa, real Paşinyanla işi olacaq - hansı ki, öz məfkurəsi və hərəkət stili ilə əvvəlki Paşinyana daha yaxındır, nəinki məxməri Paşinyana. O Paşinyana ki, dünən deyirdi: ”Düz edirlər ki, onların qapısını sındırılar". Bu gün isə mühafizəçilər narazı insanları “həmin sındıranların” nümayəndələrinin qapısına belə buraxmırlar ki, Paşiyanın yanına düşsünlər, ona etirazlarını çatdırsınlar. Odur ki, 19 avqust bütün bunlara nöqtə qoydu. Paşinyan artıq bundan son necə var elədir - olduğu kimi".

*****

Ermənistan toplumunda hazırkı hakimiyyətə qarşı ritorikanın, sərt tənqidi ovqatın güclənməsi təbiidir. Hələ hakimiyyət dəyişikliyi təzə-təzə baş verəndə yaxmışdıq ki, bir ölkədə inqilab eləmək, cənnət nağılları vəd eləmək asan, bu vədləri tutmaq, müsbətə doğru inqilabi dəyişikliklər eləmək, köklü islahatlar aparmaq isə çətindir.

Söhbət Qarabağ məsələsinə, işğala görə blokada vəziyyətinə düşən, dünya okeanına çıxışdan və ciddi təbii sərvətlərdən məhrum, cırtdan və “izqoy” bir ölkədən gedirsə, perspektiv qat-qat pisləşir. Üstəgəl, Rusiyanın vassalı, hərbi qalası olmaq bədbəxtliyi ermənilərin xoşbəxtlik ümidlərini birdəfəlik sarsıdır, heç edir - hansı reallığı ki, Nikol Paşinyan da dəyişdirə bilmədi, buna iradəsi çatmadı.

Bu mənada “məxməri” baş nazir üçün 19 avqust həqiqətən də, sonun başlanğıc günü sayıla bilər...

Yazı hazırlanarkən məlum oldu ki, vəziyyətin kritikliyini ciddiyə alan Nikol Paşinyan təzədən Cermuxa yollanıb. Lakin orada o, yenidən etirazlarla qarşılanıb. Bunu görən Paşinyan oradan uzaqlaşıb...

“Yeni Müsavat”

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.