SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Suriya kələfi bu il açıla bilərmi - Yeni Astana danışıqları nə vəd edir?

Suriya kələfi bu il açıla bilərmi - Yeni Astana danışıqları nə vəd edir?

Tarix:

7-02-2017, 14:53

/ 1 650 dəfə oxundu.
Suriya kələfi bu il açıla bilərmi - Yeni Astana danışıqları nə vəd edir?

Zaur Məmmədov: “Bu danışıqlar hər üç ölkənin Suriya məsələsində maraqlarının hansı istiqamətdə olmalarına daha da aydınlıq gətirəcək”

“Trampın baxış bucağı hələlik məlum deyil. Lakin hər nə olursa olsun, belə görüşlər müsbət səciyyə daşıyır”.

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov bu gün müzakirə olunacaq Suriya probleminə görə Astanada Rusiya, Türkiyə və İran danışıqlarının ikinci mərhələsini şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi bu gün Astanada Rusiya, Türkiyə və İran danışıqlarının ikinci mərhələsi başlayır. Tərəflər Suriyada atəşkəsin monitorinqi mexanizmini müzakirə etməlidirlər. Toplantıda BMT və İordaniya təmsilçilərinin də iştirakı gözlənir.

Xatırladaq ki, danışıqların birinci mərhələsi yanvarın 23-24-də keçirilib. Siyasi razılaşma əldə olunmasa da, tərəflər Suriyada atəşkəsə nəzarət mexanizminin - Birgə Əməliyyat Qrupunun yaradılması məsələsində bir araya gəliblər. Qrupa danışıqların bünövrəsini qoyan 3 ölkənin - Rusiya, Türkiyə və İranın ekspertləri daxil olacaq.

Bu mövzu ilə bağlı Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov fikirlərini öyrəndik.
Zaur Məmmədov: “Suriyada sülhün əldə olunması üçün Suriyanın daxilindəki hərbi və siyasi aktorlardan da çox şey asılıdır”.

Politoloq qeyd edib ki, Suriya problemin həll olunması üçün bütün qonşu dövlətlərin maraqları nəzərə alınmalıdır:

“Əlbəttə ki, Astanada Rusiya, Türkiyə və İran arasında danışıqların növbəti mərhələsinin baş tutması Suriya münaqişəsinin, eləcə də regional problemlərin nizanlanması üçün irəliyə doğru bir addımdır. Bu danışıqlar hər üç ölkənin Suriya məsələsində maraqlarının hansı istiqamətdə olmalarına daha da aydınlıq gətirəcək. Üç ölkə arasında da problemə baxışda fikir ayrılıqları var. Amma etiraf etmək lazımdır ki, Suriyada sülhün əldə olunması üçün Suriyanın daxilindəki hərbi və siyasi aktorlardan da çox şey asılıdır. Məsələlərə Trampın baxış bucağı hələlik məlum deyil. Lakin hər nə olursa olsun, belə görüşlər müsbət səciyyə daşıyır.

Zaur Məmmədov: “Hazırkı şəraitdə Rusiya, Türkiyə və İran Astanada bu mövqe və maraq fərqlərini ortadan qaldırmağa və eyni platformadan çıxış etmək üçün təməl yaratmağa çalışırlar”.

Ümumiyyətlə yaxın bir neçə ay ərzində problemin həll olunmasını mən görmürəm. İstər İŞİD, istər kürd seperatçıları, eyni zamanda Suriya müxalifəti və ayrı-ayrı qruplaşmalar arasında ciddi fikir ayrılıqları var. Bura həm də ayrı- ayrı xarici ölkələrin münaqişəni daha da alovlandırmalarını əlavə edə bilərik. Problemin hell olunması üçün bütün qonşu dövlətlərin maraqları nəzərə alınmalıdır. Bu maraqların təmin olunması isə heç də asan deyil. Çünki çox vaxt maraqlar qətiyyən üst-üstə düşmür. Misal üçün Suriya probleminin həllində Səudiyyə Ərəbistanı ilə İran arasında uzlaşma saxlanılması üçün hələ ki, heç bir siyasi təməl ortada yoxdur. Eyni vəziyyət Rusiya ilə Qərb arasında da mövcuddur. Problemin həllində Türkiyənin də maraqları Rusiya, İran və ABŞ-ın maraqları arasında fərq mövcuddur. Lakin hazırkı şəraitdə Rusiya, Türkiyə və İran Astanada bu mövqe və maraq fərqlərini ortadan qaldırmağa və eyni platformadan çıxış etmək üçün təməl yaratmağa çalışırlar. Bunu alqışlamaq lazımdır”.

pia.az

Şərhlər

XƏBƏR LENTİ