Türkiyəli müğənni icra başçısını necə xoflandırdı?

Türkiyəli müğənni icra başçısını necə xoflandırdı? Türkiyəli məşhur müğənni Pətək Dinçözün ATV-yə açıqlaması Şəki rayon İH-də əməllicə xof yaratdı.
Pətək xanım dedi ki, Azərbaycandan ev tikmək istəyirəm, sağ olsun Şəki icra başçısı, mənə torpaq hədiyyə edəcəyinə söz verib. Bunun dərhal ardınca əvvəlcə köməkçisi, sonra özü mediaya danışan başçı Elxan Usubov özünü “lezvalamağa”, and-aman eləməyə başladı ki, Pətək xanım yalan deyir, ona torpaq hədiyyə etməmişik. Çünki torpaq işinə bələdiyyə baxır, İH deyil; ona görə ki, Pətək xanım xarici ölkə vətəndaşıdır, ona torpaq satıla bilməz və s. və ilaxır.
Bir rayonun başçısının bir sənətçinin açıqlamasından bunca xoflandığını təsəvvür etmək belə çətindir. Əvvəla, Pətən Dinçöz yalan danışmaz və bunun üçün heç bir əsası da yoxdur. İkincisi, gətirilən “arqument”ə kimi inandırmağa cəhd edirsiniz ki? Torpaqların bələdiyyə tərəfindən icra başçılarının razılığı olmadan kiməsə verildiyini görən-eşidən olubmu? İcra başçısı bələdiyyəyə “torpaq ver” dediyi halda, hansı bələdiyyə başçısı buna etiraz etməyə cəsarət göstərər?
Bələdiyyələrin Azərbaycanda hələ institutlaşa bilmədiyi Milli Məclis səviyyəsində müzakirə olunur və qanunların təkmilləşdirilməsi yönündə araşdırmalar da bunun üçündür.
Digər tərəfdən, axı, niyə Şəki icra başçısı Pətək Dinçözə bir neçə onillik müqavilə ilə olsa belə, torpaq ayırmamalıdır? Bir bölgənin turizm potensialının təbliği üçün bəzən milyonlar xərclənir. Allah-taala Pətək xanımın ağlını əlindən alıb, şəxsən Şəki üçün, sizin üçün göndərib. Ona 10-15 minlik torpaq icarəyə verməklə Pətən Dinçöz kimi məşhuru Şəkinin turizm simasına çevirmək, Azərbaycanın bu dilbər guşəsini ən azı geniş arealda əlaca təbliğ etmək fürsətini hansı ağılsız əldən buraxar?
Ona nəinki torpaq ayırmaq, hətta gözəl bir istirahət evi tikməsinə yardım etmək vacibdir: türk mediasını o malikanə-villa-bağ evinin (adına nə deyirsinizsə, deyin) açılış mərasiminə çağırmaq, Pətək Dinçözün ildə bir-iki dəfə ora gəlişini şouya çevirmək, kliplərinin Şəkidə çəkilməsini təşviq etmək Şəkinin gözəlliklərini, turizm imkanlarını təbliğ baxımından olduqca ucuz və ən rahat yoldur. Bu fürsəti əldən necə əldə buraxmaq olar, axı?
Məsələnin mahiyyətinə varanda adam heyrətə gəlir: əminliklə söyləmək olar ki, Pətək Dinçözə torpaq hədiyyə ediləcəyi vədi verilib, yoxsa, türk sənətçiyə nə düşmüşdü yalan desin?! Ancaq mediaya çıxan kimi dəbbələdilər. Mediaya çıxmasa, gizlicə Pətək xanıma torpaq da verər, malikanə də tikərdilər, eləmi?
Siz nə etdiyinizin fərqindəsinizmi? Bu “torpaqverilmə mərasimini” aylarla hallandırıb, yerini-yurdunu çəkib TV-lərdə, mediada yaymaq, necə füsunkar bir yerdə olacağını göstərmək əvəzinə, gizli-gizli etmək nə üçün? Nədən qorxursunuz?
Guya qanunlara hayqırıdır, guya İH-in səlahiyyətinə aid deyil. Heç vaxt etməmisinizmi bu “günahı”? Bir dəfə də qanunları millət, rayon, bölgənin adı üçün azacıq tapdayın da! Türk vətəndaşına olmazsa, müqavilə bağlayın, villa tikilsin, tutaq ki, 39, 49, 59 ildən sonra dövlətin əmlakına çevrilsin; yaxud Pətək xanıma vətəndaşlıq verin (Türkiyə ikili vətəndaşlığı tanıyır), yaxud Dinçözü Şəkinin fəxri vətəndaşı edin!
Min yolu, minbir yolağası var axı bu imkanın!
Əvəzində türkiyə ulduzunun istirahətini Şəkidə keçirməsini Türkiyə mediasından oxuyarıq, onun “paparatsi” fotoları Şəkidən yayılar; Şəkinin gözəlliyi aləmə car çəkilər...
Edə bilməzsiniz, axı bunu! Çünki siz yeni texnolojiyanı bilmirsiniz.
Boşaldın o kürsünü – öz günahlarınızla birgə! Tərk edin o yeri!
Bizə İnam Kərimov lazımdır, Sahil Babayev gərəkdir.
Öz köhnə qafanızı da götürün, çəkilin kənara - “qanun keşikçiləri” olublar guya.

AXAR.AZ
Geri qayıt