Müğənni Hissdən yeni layihə: “Sevə-Sevə” adlı emosional mahnı və fərqli klip təqdim olundu

Şou-Biznes

Gənc və istedadlı ifaçı Hiss musiqi sevərləri yenidən sevindirib. Sənətçi “Sevə-Sevə” adlı yeni mahnısını və bu mahnıya çəkilmiş klipi rəsmi olaraq təqdim edib. Layihə qısa zamanda həm dinləyicilərin, həm də vizual sənət həvəskarlarının diqqətini cəlb etməyi bacarıb.

Yeni klipin çəkilişləri 48 saat ərzində açıq havada həyata keçirilib. Ekran işində Hiss bir-birindən fərqli və yaddaqalan obrazlarda kamera qarşısına keçərək tamaşaçılara fərqli duyğular bəxş etməyə çalışıb. Klipin əsas qayəsi təkcə musiqini deyil, onun emosional yükünü və vizual estetikası ilə birgə ötürməkdir.

Sözləri və musiqisi də dərin hisslər aşılayan “Sevə-Sevə” adlı mahnı nakam sevgidən bəhs edir. Əser itirilmiş sevgini, keçmiş xatirələri və insanın içindəki təmənnasız hissləri incə və duyğusal şəkildə ifadə edir. Mahnının lirikasında yaşanmış acılarla barışmaq, amma sevgi hissini qorumaq kimi mövzulara toxunulur.

Sənətçinin rəsmi açıqlamasına görə, bu layihə onun şəxsi həyatında yaşadığı bəzi emosional təcrübələrin musiqidə əksidir və dinləyicilərə də eyni dərinliyi hiss etdirməyi qarşısına məqsəd qoyub.

Hazırda “Sevə-Sevə” mahnısı bütün aparıcı musiqi platformalarında yayımlanıb və dinləyicilərin ixtiyarına verilib. Klip isə Hissin rəsmi YouTube kanalında onlayndır və artıq qısa müddət ərzində minlərlə baxış toplayıb.

Müğənninin bu layihəsi onun musiqi üslubunun inkişafında və vizual təqdimat baxımından bir pillə irəli getdiyinin göstəricisi kimi dəyərləndirilir. Hissin yaradıcı komandası yaxın gələcəkdə daha bir neçə layihə üzərində çalışdıqlarını da bildirib.