Şəki sakinini dinləyən yoxdur - "Vəziyyətimiz deyiləsi deyil"

Şəki sakinini dinləyən yoxdur - "Vəziyyətimiz deyiləsi deyil" «Bir dəfə dərdimizdən yazdız, bizi qəzalı evlərdən çıxardıb, çadırlara yerləşdirdilər. Bir ilə yaxındır çadır həyatı yaşayırıq. Çadır həyatının çətinliklərindən danışmaqla bitməz. Bunu yaşayanlar bilər. Qışı nə zülmlə keçirtdik, hansı xəstəliklərə düçar olduq... Ev tikilib veriləcəyi ilə bağlı məmurların boş vədləri, yalanları hələ də davam edir. İndi, bax bu dəqiqə bizi narahat edən susuzluqdur. Susuzluq Bolludərəyə divan tutub. Mal-qaramız, bostanlarımız susuzluqdan yanır, özümüz bir içim su üçün imdad diləyirik». Şəkinin Bolludərə kəndində məskunlaşan məcburi köçkün ailəsinin evi iki il əvvəl zəlzələdən qəzalı vəziyyətə düşüb. Ailənin uzun müddət şikayətlərindən sonra ev qəzalı evlərin siyahısına salınıb və ailə çadıra köçürülüb.
Ailə başçısı Məhəmməd Həsənov deyir, bir ildən çoxdur ki, qışın şaxtasında, yayın qızmarında çadırda cəhənnəm əzabı yaşayırlar. Hazırda isə ailə susuzluqdan korluq çəkir: «İçməli su mənbəyi 9 kilometr aralıdadır. Motorla vurulur, ətrafdakılara su çatır, bizə gəlib çatmır. Nə evimi tikdilər, nə də suyum var. Yayın cırhacırında ilanmələşən ərazidə çadırda yaşamağın nə demək olduğunu, yəqin ki, məmurlar başa düşmür. Hər gün ilan, əqrəb öldürürük».
Bolludərə sakini Əsgər Süleymanov deyir, mal-qara, toyuq-cücə, əkin sahələri, bostanlar yanır. Bunlar bir tərəfə, insanlar özləri içməyə bir qurtum su tapmırlar: «Vəziyyətimiz deyiləsi deyil».
Ə.Süleymanovun sözlərinə görə, kənddə qapısında maşını, eşşəyi olmayanın suyu da yoxdur. Çünki adamlar suyu qonşu kəndlərdən bu vasitələrlə daşıyır.
Geri qayıt