Susuz kənd, cərimələnən şikayətçilər — Lənkərandan reportaj

Susuz kənd, cərimələnən şikayətçilər — Lənkərandan reportaj Lənkəranın təbiəti insanı həqiqətən valeh edir. Ancaq bu cür gözəl təbiəti insanlar korlayır. Necə, nə cür, niyə bu barədə daha geniş aşağıda oxuyacaqsınız.
Lənkəran rayon Lüvəsər kəndindəyik. Kəndin sağ tərəfində Lənkəran çayı axır. Arxa tərəf dağlar, meşələrlə əhatə olunub. Qarşıda isə Xəzər dənizi var. Belə desək 4 bir tərəfi su ilə əhatə olunan kənd su üzünə həsrətdir. Özü də ilin günün bu vaxtında.
Lənkəran rayon Lüvəsər kəndindəki su problemi, ekologiyanın məhv edilməsi barədə reportajı sizə təqdim edirik:
Lüvəsət kəndində ağaclar susuzluqdan məhv olur. Kənddə su xətti olsa da, suyu kəndə vermirlər. Kənd sakinlərinin bir çoxu həyətində su quyusu qazdırıb. Ancaq quyunun qiyməti o qədər bahadır ki, buna hər ailənin gücü çatmır. Bir quyunun qazılmasının qiyməti 5 min manatdır. Digər yerlərdə bu işi 500 manata görürlər. Sual olunacaq, bəs niyə digər yerlərdə 500, Lüvsər kəndində 5 min manat?
Səbəb dərinlik və təhlükədir. Lənkəran çayının qazılması nəticəsində çay dərəsi dərinləşib və çaya bitişik olan kəndin altındakı su isə aşağı düşüb. Bundan əlavə kəndin torpağının alt qatı çınqılı qumdan ibarətdir. Bu isə qazılan quyunu hər an uçma təhlükəsi qarşısında qoyur. Ona görə də, quyu qazanlar baha qiymətə iş görürlər.
Gələk Lənkəran çayının qazılması məsələsinə. Çayın yatağı keyfiyyətli çınqıl qumdan ibarətdir. Ona görə də, yol çəkən şirkətlər bu çaydakı çınqılı və qumu daşımaqla məşğul olurlar. Lənkəran çayının yatağı çay yatağından daha çox yarğanları xatırladır.
Kəndə gələn əkin suyu Xanbulandan çəkilib. Kəndə Xanbulandan 2 ədəd boru ilə su gəlirdi, ancaq xətt olmasına baxmayaraq suyu kəndə vermirlər. Xanbulan su anbarından kənd sakinlərinə bildirirlər ki, hər ay 50 manat pul verin, kəndə su verək. Kənd sakinləri isə həm imkansızlıqdan bu pulu vermirlər, həm də rüşvət olduğu üçün.

Lənkəran çayından İpək yoluna
Lənkəran çayının üzərində 6 ədəd qum və çınqıl zavodu tikilib. Hər gün çay yatağı qazılır və oradan maşın-maşın çıxarılan qum və çınqıl ələnərək istifadə ediləcək yerlərə aparılır. Lənkəran çayından çıxarılan çınqıl və qum İpək yolunun inşası üçün istifdə edilir. Kənd sakinləri deyir ki, buradan çıxarılan material təkcə İpək yolunun inşasına yox, digər yerlərə də aparılır.
Maraqlıdır ki, çaydan çıxarılan qum və çınqılın yeri torpaqla doldurulmur. Bu isə ətraf ərazilərin ekologiyasına təsir edir. Ağaclar su ilə qidalana bilmir. Bundan əlavə çay yatağı həm də kəndin otlaq sahəsi sayılırmış. Çay yatağı qazıldığı üçün demək olar ki, kənd otlaq sahələrindən də məhrum olub. Kənd sakinlərinin bildirdiyinə görə, artıq heyvan saxlaya bilmirlər. Çünki otlaq sahələri qazılaraq məhv edilib. Ona görə də, kənd sakinləri məcburən heyvanlarını bazara çıxarırlar.
Kənd sakinləri əlavə olaraq qeyd etdilər ki, çayda qazıntılar aparılmamışdan öncə kəndin ətrafı yaşıllıq olardı, çay dərəsi dərinləşdiyinə görə, artıq yaşıllığı boz torpaq əvəz edib.
Kənd sakinlərinin sözlərinə görə kənd bələdiyyəsinə bununla bağlı dəfələrlə şikayət ediblər. Cavabında isə bildirilib ki, bələdiyyənin balansında pul yoxdur. Bələdiyyənin bu cavabından sonra isə kənd sakinləri çınqıl, qum daşıyan maşınlardan apardıqları bir "Kamaz" üçün nə qədər pul ödədiklərini soruşublar, məlum olub ki, aparılan bir yük maşını çınqıla, quma 40 manat pul ödəyir. Gün ərzində 60 "Kamaz" və hər biri bir neçə dəfə yük apardığını nəzərə alsaq necə böyük bir məbləğin döndüyünü görərik. Qazılan ərazinin daha çox hissəsi bələdiyənin balansında olduğu üçün isə ödənilən məbləğ bələdiyyənin balansına köçürülməlidir. Bütün bunları bələdiyyə sədrinə deyən kənd sakinləri bələdiyyədən belə bir cavab alıblar: "Gedin icra başçısından soruşun".

Qeyd:
Reportajda kənd sakinkərinin adları çəkilmədi. Buna səbəb bu günə qədər şikayət edən kənd sakinləri hamısı bir-bir təhdid edilib, bəziləri isə polisə aparılıb, sonradan məhkəməyə verilərək cərimələniblər.

"Ölkə.Az"
Susuz kənd, cərimələnən şikayətçilər — Lənkərandan reportaj
Susuz kənd, cərimələnən şikayətçilər — Lənkərandan reportaj
Susuz kənd, cərimələnən şikayətçilər — Lənkərandan reportaj
Geri qayıt