Laçının başçısı qaçqını otağından qovub, müavinləri isə pul “atıb”

Laçının başçısı qaçqını otağından qovub, müavinləri isə pul “atıb” Laçın rayon icra hakimiyyəti başçısı Aqil Nəzərlinin məcburi köçkünlərin başına açmadığı oyun qalmayıb. İşğal edilmiş rayonlarımızın icra başçıları arasında ən çox şikayət A.Nəzərlidən gəlməkdədir
Prezidentin etimadını doğrultmayan A.Nəzərli bu posta yeni təyin olunsa da, camaata etmədiyi pislik qalmayıb. Məsələn onlardan biri - Laçın sakini İdris İsmayılov müraciət edib.
Onun sözlərinə görə, icra başçısı Aqil Nəzərlinin qəbulunda olub. Məcburi köçkün imkansızlıqdan qəbula çox ucuz qiymətə aldığı şap-şapı ilə gedib. A.Nəzərli ayaqqabı niyə geyinmədiyini soruşub.
İ.İsmayılov işsizlik və kasıbçıqlıdan ucuz çəkələk almağa gücü çatdığını söyləyib. İcra başçısı isə ona hirslənərək ya ayaqyalın ya da ayaqqabı ilə gəlməyi əmr edib, öz kabinetindən vətəndaşı qovub.
A.Nəzərli bu azmış kimi, onun üstünə qışqıraraq şikayətçiləri Laçın RİH-nin binasını karvansaraya çevirməkdə ittiham edib.
Halbuki, İ.İsmayılov iki uşaq atasıdır, işsizdir və icra başçısının qəbuluna da məhz işlə təmin olunmasını xahiş etmək üçün getmişdi. A.Nəzərli isə onu otağından qovmaqla öz münasibətini bildirib.
Laçın rayon rəhbərliyindən şikayətçi olanlardan biri də 17 yaşlı Şamil Həsənzadədir.
Yeniyetmə təhsil almalı olduğu halda yoxsulluqdan ailəsinə kömək üçün iş axtarır.
Ona görə gənc Şamil də əlavə iş istəmək üçün icra hakiminin qəbulunda olub. Lakin A.Nəzərli gözlənildiyi kimi, bu dəfə də arxa çevirib və heç bir yardım göstərməyib.
Əvəzində, Şamilin yuxarılara şikayət məktubları göndərməsinə görə ona təzyiq etməyə başlayıb, onu Taxtakörpüdən didərgin salıb. Üstəlik, idarə müdirlərindən biri onun üzünə durub ki, guya işə adam düzəltmək üçün pul tələb edib.
Kəsəsi, A.Nəzərli insanlara yardım əlini uzatmaq əvəzinə, onların əlini kəsir. Hərçənd, prezident onu vəzifəyə xalqa xidmət üçün təyin edib.
Növbəti şikayət isə Laçın rayon Yaşıllaşdırma İdarəsinin sabiq müdiri Vahid Əliyevdən gəlib. İcra başçısı onu qanunsuz olaraq işdən azad edib.
Sonra bu vəzifəyə ayrı birini təyin edib. Bu şəxsdən 5 min manat aldığı iddia edilir. Çox keçmir ki, onu işdən azad edib, başqa birindən 5 min yenə alaraq idarəyə rəhbər gətirir.
V.Əliyevin şikayəti isə öz işinə qayıtmaq deyil. Onun sözlərinə görə, A.Nəzərlinin müavinləri ona zərər vurublar.
Belə ki, Laçın RİH-də ümumi şöbənin müdiri Eldəniz Qasımov V.Əliyev vəzifədə olduğu dövrdə ondan 1000 manat alıb.
Şöbə müdiri deyib ki, bu pul dövlət tədbirinin təşkilinə xərclənəcək, sonra büdcədən pul qaytarılacaq. Ancaq indiyə qədər həmin pul qaytarılmır. Sonra başçının müavini Tofiq Mirzəyev ona 2500 manatlıq dekorativ güllər aldırıb.
Deyib ki, tədbirə lazım olan bu güllərin pulunu büdcəyə pul köçsün, ödəniş edəcəyik. Lakin bu pul da qaytarılmayıb. V.Əliyev isə bütün dövlət orqanlarına şikayət ünvanlayıb.
Onun səsinə səs verən tapılmır. Beləcə, təkcə bu üç şikayətçinin başına gələnlər deməyə əsas verir ki, Laçın rayon rəhbərliyi hansı əməllərin yiyəsidir və insanları necə incidirlər.
A.Nəzərli isə arxasının güclü olduğunu deməklə heç kəsdən qorxmadığına arxayındır. Biz isə sadə vətəndaşların şikayətini bir media olaraq ictimailəşdirdik ki, onlara yardımı dəysin.

Laçın RİH-nin mövqeyini də dərc etməyə hazırıq.
Geri qayıt