Qubada VƏLVƏLƏ HƏYƏCANI - Sakinlər narahatdır

Qubada VƏLVƏLƏ HƏYƏCANI - Sakinlər narahatdır Artıq neçə ildir Vəlvələ çayının vadisində yerləşən Qubanın ən qədim kəndlərindən hesab olunan Qonaqkənd sakinləri çayda suyun səviyyəsinin qalxması səbəbindən narahatçılıq keçirir,amma hər il suyun daşması vaxtı sakinlərin şikayəti mətbuatda işıqlansa da, sakinlər tərəfindən rəsmi qurumlara müraciət olunsa da vəziyyət dəyişməz olaraq qalır.Bu dəfə də deyəsən vəziyyət təkrarlanır.
Xatırladırıq ki,Qonaqkənd yaşayış məntəqəsi Vəlvələ çayının vadisində yerləşdiyindən dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaradır. Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucovun verdiyi məlumata görə, son günlər bu təhlükə daha da artıb. Vəziyyət o qədər kritikləşib ki, son günlər yağan güclü yağış çayın səviyyəsi xeyli qalxıb, evlərin hasarlarına çatıb və hətta həyətyanı sahələrə dolub, xeyli sakinin bostanına ziyan dəyib,onlar mal-qaralarını çölə çıxara bilmirlər,çayın digər sahilinə keçməkdə çətinlik çəkirlər. Ən acınacaqlısı isə, selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyan yox, birbaşa onların həyatına təhlükə yaratmasıdır. Kənd sakinləri bildirirlər ki, onlar dəfələrlə məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsələr də, ciddi heç bir tədbir görülmür. Halbuki real vəziyyət ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

DİA.AZ
Geri qayıt