Taleh Qaraşov bu özbaşınalığı görmür? - ŞİKAYƏT

Taleh Qaraşov bu özbaşınalığı görmür? - ŞİKAYƏT Lənkəranın Daşdatük kənd sakinləri kəndlərindən keçən Lənkərançayın əsas qolu olan Bəşərü çayının onlara məlum olmayan hansısa qurum tərəfindən qazılmasından dərin narahatçılıq keçirdiklərini bildirirlər. Kənd sakinlərinin verdiyi məlumata görə, sözügedən çay kəndin düz ortasından keçir:
“Bir müddətdir ki, çayı sürətli şəkildə qazmağa başlayıblar. Bu da biz kənd sakinlərini dərindən narahat edir. Biz öz vəsaitimiz hesabına kəndin iki hissəsini bir-birlə birləşdirmək üçün körpü tikmişik. Həmin körpünün uzunluğu 25, eni 2,3 metrdi. Yük götürmə qabiliyyəti isə 1,8 tondu. Kiçik tutumlu avtomobillərin və insanların hərəkəti üçün nəzərdə tutulan bu körpü hazırda uçma təhlükəsi ilə üzləşib. Çay vadisinin belə dərin qazılması başqa fəsadlara da səbəb olur: su quyuları quruyur, iri və xırda buynuzlu mal-qara boğularaq tələf olur və s. Təəssüflər olsun ki, kənd camaatının etirazına məhəl qoyan yoxdur. Çaydan çıxan çınqıl sürətlə harasa daşınır. İşin kim tərəfindən görülməsi isə hələ də bizə məlum deyil. Xahiş edirik, bizim səsimizi əlaqədar qurumlara çatdırın ki, kəndimiz üçün ciddi problemlər yaradacaq bu bəladan xilas ola bilək”.
Azinforum.az olaraq sözügedən kəndin ərazisində qazma işlərinin hansı şirkət tərəfindən və nə məqsədlə aparıldığı barədə məlumat əldə edə bilmədik. Bununla bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə müvafiq sorğu ilə müraciət etmişik. Onların və bu işə məsul olan digər qurumların da mövqeyini dinləməyə hazırıq. Mövzuya qayıdacayıq…

Azinforum.az


Geri qayıt