Gəncədə “Xəyal - Zolotoy ” MMC-dən vətəndaşa analoqsuz özbaşınalıq

Gəncədə “Xəyal - Zolotoy ” MMC-dən vətəndaşa analoqsuz özbaşınalıq Devalvasiyadan sonra banklardan kredit götürmək çətinləşib. Bu baxımdan lombard fəaliyyəti ilə məşğul olan sahibkarlar böyük üstünlük və rəqabətsiz bazar əldə etmiş olublar
Daxil olan məlumata görə, bu təbii üstünlükdən istifadə edən bəzi lombardlar sakinlərə yüksək faiz tətbiq etməklə, çox halda onları aldatmaqla məşğuldurlar.
Müştərilərdən əlavə komissiya haqlarının tutulması, 40 faizə yaxınlaşan kredit xəttinin açılması, vətəndaşların girovları üzərində məhkəmə qərarı olmadan sərəncam vermək və s. addımlar məhz bu qəbildəndir.
Şikayətçi Məhəmməd Əliyev Gəncədə fəaliyyət göstərən “Xəyal – Zolotoy ” MMC kimi tanınan lombarddan şikayətçidir. O, bildirir ki, bu lombarddan dəfələrlə kredit götürüb və nümunəvi müştəri olaraq, ödənişləri vaxtında icra edib.
Son aylar bəzi səhiyyə problemləri yarandığından aylıq ödənişləri bir neçə gün gecikdirib. Bunun əvəzində lombarddan ona təzyiqedici zənglər olunmağa başlayıb. Məcbur edilib ki, kredit müddətinin bitməsinə hələ üç ay qalmasına baxmayaraq, borcu tamamilə bağlasın.
M.Əliyev deyir ki, bu adıçəkilən MMC ilə aralarında bağlanan müqavilənin kobud şəkildə pozulmasıdır. Ancaq lombard qərarında israrlıdır.
Lombarddan şikayətçiyə deyirlər ki, pulların hamısı ödənməsə, girov qoyduğu qızıl - zinət əşyaları satışa çıxarılacaq. Lombard əməkdaşları isə məsələyə münasibət bildirmək istəmirlər.
Daxil olan məlumata görə, Gəncədə insanları çətinə salan lombardlar getdikcə artır. Son dövrlərdə lombardlardan gələn şikayətlərin sayı yenidən artmağa başlayıb.
Bəzən olur ki, lombardlar onlara girov qoyulan əşyalarla birgə yoxa çıxır. Özü də bu qəbildən olan halların sayı son vaxtlar artır.
Daha bir problem isə yenə də girovların qiymətləndirilməsi ilə bağlıdır. Ekspertlər girovun qiymətləndirilməsi məsələsində bu gün lombardlar, eləcə də bank sektorunda ciddi problem olduğunu bildirir.
Həm lombardlarda, həm də banklarda kredit almaq üçün müraciət edən şəxslərin təqdim etdiyi girovu kredit verənlər özlərinə yaxın olan qiymətləndiricilər vasitəsilə qiymətləndirir.
Bu da əksər hallarda girovun real dəyərindən qat-qat aşağı qiymətləndirilməsinə səbəb olur. Vəziyyətdən çıxış yolu kimi bu sahədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsi önəmli sayılır.
İndilikdə isə Azərbaycan lombardlarının və banklarının gətirdiyi ekspertlər predmetin və qızılın heç yarısı qədər də qiymət qoymur. Bu da nəticədə müştərinin daha çox zərər görməsinə səbəb olur.
Buna rəğmən, lombardların müştəriləri hələlik çoxaldığından, onlar girova istədikləri qiyməti qoyur. Lombardların, demək olar ki, hamısı müştərilərinə pul verərkən girov kimi qızıl-zinət əşyaları qəbul edir.
Geri qayıt