Gəncədə Xocalı şəhidlərinin abidəsi BAXIMSIZ VƏZİYYƏTDƏ - İcra hakimiyyətindən isə deyirlər ki...

Gəncədə Xocalı şəhidlərinin abidəsi BAXIMSIZ VƏZİYYƏTDƏ - İcra hakimiyyətindən isə deyirlər ki... Gəncədə Xocalı şəhidlərinin xatirəsinə qoyulan abidə baxımsız vəziyyətdədir.

Bu barədə Oxu.Az-a Gəncənin Hacıkənd qəsəbəsində yaşayan sakinlər məlumat verib.

Sakinlər iddia edirlər ki, qəsəbədə Xocalı şəhidlərinə qoyulan abidə onların adına uyğun şəkildə saxlanılmır:

“Abidənin kənarları qopub. Abidə Xocalıda şəhid olan Kosalar kənd sakinlərinin xatirəsinə ucaldılıb. Lakin abidə və ətrafı baxımsızlıq vəziyyətdədir. Kənarları ot-alaqdan təmizlənsə daha yaxşı olardı”.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusunu cavablandıran Hacıkənd icra nümayəndəsi bildirib ki, sözügedən abidə 90-cı illərdə qoyulub:

“Bu abidə 20 il əvvəl ucaldılıb. Baxımsız qaldığına dair iddialar əsassızdır. Ərazidə bitən alaq otları biçilir. Yan tərəfdə olan və kola bənzəyən yarpaqlar isə güldür.

Abidə köhnədir və bu səbəbdən aşağı hissədə qopan kiçik bir hissə də bərpa edilib. Gəncədə Xocalı sakinləri üçün yeni qəsəbə salınıb. Həmin ərəfədə sakinlərə təklif edildi ki, bu abidəni qəsəbəyə köçürək. Lakin sakinlər Xocalı şəhidlərinin xatirəsinə yeni abidənin ucaldılmasını istəyib və onların istəkləri də aidiyyəti üzrə nəzərə alınıb. Amma bütün hallarda bu abidəyə də lazımı diqqət ayrılır, nəzarətdə saxlanılır”.






Geri qayıt