Yardımlının Ostair kəndində "Məktub davası" – İşə polis qarışdı

Yardımlının Ostair kəndində "Məktub davası" – İşə polis qarışdı Yardımlının Ostair kəndində "Məktub davası"
Yardımlı rayonunun Ostair kəndində kirilcə yazılmış məktub qalmaqala, həmkəndlilər arasında dava-dalaşa səbəb olub. İddiaya görə, kəndin məktəb direktoru Asəf Güloğlan oğlu Əliyev öz xanım texniki işçisini məktəbin müəllimi Vahid Səfərova qarşı şantaj və böhtanda istifadə edib. Belə ki, guya direktorun verdiyi 100 manat pul və təzyiqi nəticəsində Kərimova Bahar Həsən qızı Vahid Səfərovun haqqında həqiqətə uyğun olmayan məlumatları kağıza yazaraq kəndin müxtəlif yerlərinə paylayıb.
»Demokratik.Az bildirir ki, bu barədə Turkazinfo.com saytı xəbər yayıb.
Saytın bildirdiyinə görə, hadisə nəticəsində kənddə qarşıdurmalar yaranıb. İnsanlar ayaqlanaraq qısa zamanda səbəbkarın kimliyini tapıb, ondan etdiklərinin haqq-hesabını soruşublar.

Kənd sakinləri tərəfindən aşkarlanaraq oxunan anonim kağızlarda «güya həmin məktəbin müəllimi Vahid Səfərov 20-yə yaxın kənd qadına qarşı əxlaqsız hərəkətlər edir, İran İslam Respublikasının ərazisindən ölkəyə narkotik vasitələrin keçirilməsini təmin edir, məktəbdə azyaşlı uşaqlara qarşı əxlaqsız hərəkətlər edir».

Vahid Səfərovun və kənd camaatının rayon Polisinə müraciətindən sonra, həmin məktəbdə aparılan araşdırmalarla kağızlara xoşagəlməz yazıları yazıb kənd ərazisinə atan şəxsin məktəbin adıkeçən xadiməsi olması məlum olub. Hadisənin səbəbkarının aşkarlanması yazı xətti ilə də tam müəyyən edilib. Daha sonra dindirilmə zamanı xadimə qadın özü törətdiyi əməli etiraf edib.

Xadimə qadın deyib ki, onu bu işi görməyə direktoru Asəf Əliyev məcbur edib. Xadimə bildirib ki, Asəf Əliyev ona pul təklif edərək, hədə-qorxu gəlib, məktəbin müəllimi Vahid Səfərovun barəsində şər-böhtan yazıb yaymağa məcbur edib. O da qorxduğundan direktorun istəyini yerinə yetirib. Qadın həmçinin etirafları kənd camaatının, Bələdiyyə və Kənd İcra Nümayəndəsinin qarşısında da edib. Onun etirafını kənd sakinlərindən biri lentə alıb.

Hazırda işlə bağlı Yardımlı Polisi tərəfindən də araşdırma aparılır.
Bir təhsil ocağının direktorunun və qeyrilərinin adının belə xoşagəlməz olayda hallanması faciədir. Hələlik Polis araşdırması davam etdiyindən xadimənin direktor barədə dediklərinin nə dərəcədə doğru olmasını təsdiq etmək də çətindir. Lakin görünən odur ki, kənddəki hadisədə məktəbin direktorunun, texniki işçisinin və müəlliminin adı elə belə çəkilmir, ortada ciddi problemlər var. Rayon Təhsil Şöbəsinin rəhbərliyinin də biabırçılığa təcili müdaxiləsi zəruri
dir.
Əgər yazılanlar doğrudursa, baş verənlərlə idda etmək olar ki, sözügedən məktəbdə əsl xaosdur, rayon təhsil şöbəsi buranı nəzarətindən kənarda qoyub. Yoxsa demək olar ki, Təhsil Şöbəsinin rəhbərliyinin başı məktəblərdə nizam-intizama deyil, tamam başqa işlərə qarışıb.

Məlumatda o da qeyd edilib ki, iddialara görə həmin məktəbin direktoru Asif Əliyev Qafqaz Univerisitetinin keçmiş Prorektoru işləmiş Nəbiyev Şaiq Ağagül oğlunun yaxın qohumudur. İddialara görə Şaiq Nəbiyev Fətulla Gülənlə əlaqəli şəxs olduğundan ölkəni tərk edib, hazırda Amerikada yaşayır. Hətta həmin məlumatlara internet səhifələrində də rast gəlmək mümkündür.
İnanırıq ki, belə bir çirkin hadisədə ümumilikdə məktəbin direktorunun və qeyrilərinin adının çəkilməsi Təhsil Nazirliyini hərəkətə gətirəcək.

"Demokratik.Az" saytı yazılanlarla əlaqədar ittihamda adıkeçən direktor Asəf Əliyevin mövqeyini öyrənib.
Direktorun bildirdiyinə görə, ona qarşı sadalanan ittihamlar əsassızdır, həmin məktubları yazmış xanımın özünün və başqa maraqlı adamların iftirasıdır. Asəf Əliyev deyib ki, polis araşdırması zamanı "məktub müəllifi" Bahar Kərimova öz izahatını bir neçə dəfə dəyişib, əvvəllər özündə olmadığını yazıb, sonda da kimlərinsə sözü ilə günahı məhz direktora yönəldib. Qadın izahatında yazıb ki, ayın 2-də guya direktor günorta məktəbə gələrək ondan belə bir məktub yazmasını istəyib, ona pul verib. Halbuki, Asəf Əliyev deyir ki, həmin gün səhər saatlarından sonra məktəbdə ümumiyyətlə olmayıb, kəndin bir neçə sakini ilə ot biçinində iştirak edib. Bunu polisə izahatlarında 8 nəfər digər şəxslər də təsdiq ediblər.
Direktor ona atılmış iftiranı bağışlamayacağını, sözügedən qadını və barəsindəki yalanları ictimailəşdirənləri məhkəməyə verəcəyini də bildirib.
Asəf Əliyev dayısı, Qafqaz Univerisitetinin keçmiş Prorektoru işləmiş Nəbiyev Şaiq Ağagül oğlu barədə suallarımızı da cavablandırıb. Direktor bildirib ki, dayısı həqiqətən də ABŞ-da yaşayır, lakin, "Gətullah Gülən olayları"ndan öncə ABŞ-a köçüb. Getməsinə səbəb isə, Universitetlərdən birinin ona alim kimi dəvət göndərməsi olub. Yəni, direktor dayısının qaçmadığını, ABŞ-a sayqılı elm adamı kimi hicrət etdiyini qeyd edib.

Geri qayıt