Gədəbəydə bələdiyyə sədri QOÇULUQ EDİR... - NARAZILIQ!

“2016-cı ilə kimi həyətyanı sahəmə aid olan19 sot torpaq sahəsindən əlavə, 6 sot torpaq sahəsindən də istifadə edirdim. Qeyd edim ki, 6 sot torpaq sahəsində 1985-ci ilə kimi Novosaratovka sovxoz təsərrüfatına məxsus tövlə yerləşirdi. Elə ki, həmin ildə tövlənin sökülməsi işləri həyata keçirildi, o halda sovxoz direktorunun qəbulunda oldum və tövlənin yerləşdiyi ərazidən istifadə etmək haqda istəyimi ona bildirdim. Sovxoz direktoru belə bir istəyim haqda məlumatlı olduqda o, buna heç də etiraz etmədi. Ona görə də 1987-ci ildə 6 sot sahəsi olan ərazini daşdan, qumdan və digər alaq otlarından təmizləyib istifadə etməyə başladıq. 1987-ci ildən başlayaraq qeyd olunan torpaq sahəsindən ailəlikcə istifadə etməyimizi Novosaratovka kənd sakinləri Nəsir Sarı oğlu Məmmədov, Vorovyova Mariya Yakovlevna, Bəxtiyar Müseyib oğlu Əliyev və İsrayıl Həsən oğlu Məhərrəmov yazmış olduqları ərizədə qeyd ediblər və onlar həmin ərizəni 22 noyabr 2018-ci il tarixdə Gədəbəy rayon notariat kontorunda da təsdiq etdirmişlər. Yəni, dörd nəfər Novosaratovka kənd sakini öz imzaları ilə təsdiq etdikləri ərizədə qeyd ediblər ki, “Biz qonşular yazıb bildiririk ki, Faiq Dəmir oğlu İsmayılov öz ailəsi ilə birlikdə 1987-ci ildən Novosaratovka kəndində yaşayır və evinin ərazisindəki 0,25 ha torpaq sahəsindən 30 ildir ki, istifadə edirlər. Biz ərizəmizi öz imzalarımızla da təsdiq edirik”. Bildirim ki, 1987-ci ildən 2016-cı ilə kimi həm 19 sot torpaq sahəsinə aid, həm də 6 sot torpaq sahəsinə aid olan vergini tam şəkildə ödəmişik.
2016-cı ildə Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyeva, 1987-ci ildən ailəlikcə istifadə etdiyimiz 6 sot torpaq sahəsini heç bir əsas olmadan saxta sənədlər əsasında qonşuluqda yaşayan bir şəxsə satır və həmin şəxs qeyd olunan əraziyə tikinti işləri aparmaq məqsədilə daş, qum töksə də, biz həmin şəxsin belə bir addım atmasına imkan vermədik. Təəccüblü hal odur ki, sədr Fəridə Əliyevanın düzüb-qoşduğu saxta sənədlər əsasında 6 sot torpaq sahəsinə sahib olmaq istəyən həmin şəxs mənə “İndiyə kimi on min xərcim çıxıb, sən on min manat pul ver, 6 sot torpaq sahəsini sənə qaytarım” deyir. İndiyə kimi belə bir problemlə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə şikayət ərizələri göndərsəm də, təəssüflər olsun ki, heç bir nəticəsi olmayıb.
Daha biabırçı halın varlığı odan ibarətdir ki, 21 aprel 2016-cı il tarixdə Novosaratovka kənd bələdiyyəsinin sədri Əliyeva Fəridə Çərkəz qızı, Novosaratovka İƏD-si üzrə sabiq icra nümayəndəsi Əliyev Hüseyn Əli oğlu, Novosaratovka kənd bələdiyyəsinin üzvü Paşayev Vüqar Sübhan oğlu akt tərtib edirlər və aktda yazırlar ki, “Novosaratovka kənd bələdiyyəsinin mülkiyyətində olan 6 sot torpaq sahəsinin alqı-satqısı kənd sakini Faiq Dəmir oğlu İsmayılova təklif olunsa da, o, belə bir təklifdən imtina edir. Ona görə də qeyd olunan torpaq sahəsinin başqa bir şəxsə verilməsi məqsədəuyğun bilinmişdir”. Qeyd edim ki, heç zaman mənə belə bir təklif olunmayıb və adı çəkilən şəxslər tərəfindən tərtib olunmuş akt saxta sənəddən başqa bir şey deyil. Çünki, bir daha bildirirəm ki, həmin torpaq sahəsi ilə bağlı mənə heç bir təklif olunmayıb.
Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın qol qoyduğu qanunsuzluq əməli ilə başqa bir kənd sakini Nəsibov Məhəmməd Nəsib oğlu da bildirir ki, “2000-ci ildə keçirilən torpaq islahatı nəticəsində beş nəfərdən ibarət ailə üzvlərimizə 1 ha 30 sot əkənək, 1 ha 13 sot isə biçənək sahəsi verildi.
Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 01 mart tarixli 03 saylı qərarı ilə bizim ailə üzvlərinə verilmiş torpaq sahələrinə Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı da (JN-390: KOD-50500038) əldə etdik.
Qeyd edim ki, Dövlət aktı Qeydiyyat kitabında 390 nömrə ilə də qeydiyyata alındı.Bugünə kimi 1ha 30 sot əkənək sahəsinin 50 sotundan istifadə etsək də, hazırda qeyd olunan torpaq sahəsinin 80 sotundan bələdiyyə sədri və onun bacısıoğlu qeyri-qanuni şəkildə istifadə etməkdədirlər. Həmin şəxslərin 80 sot torpaq sahəsindən qeyri-qanuni istifadə etmələrinə dair məhkəməyə müraciət etsəm də, son anda nəyəsə nail ola bilmədim. Buna da səbəb, Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları ilə əlbir olması və bunun nəticəsi olaraq adı çəkilən qurum əməkdaşlarının bizə verilmiş torpaq sahəsinin “GPS”lə sərhədlərini müəyyən edib verməmələri olur”.
Sakinlərin iddialarından və əməkdaşlarımızın həyata keçirdikləri çəkilişlərdən bəlli olur ki, Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın sədr olduğu ötən illər ərzində, kənd sakinlərinə məxsus örüş-otlaq sahələri ayrı-ayrı şəxslərə satılmış və həmin ərazilərdə fərdi yaşayış evləri, iri ticarət mərkəzləri, ictimai-iaşə obyektləri və s. tikilmişdir. Bu yöndə atılan addımlar həddi-hüdudu bilinməyən qanunsuzluqların baş verməsinə səbəb olsa da, bir kimsə hələ də Fəridə Əliyevaya “qaşın üstə qara var” deyə bilmir. Söylənilənlərə görə Novosaratovka kənd bələdiyyəsi sədrinin “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə, məhz onun “yuxarı eşalon”da vəzifə sahibi olan şəxslərlə sıx bağlılığının olduğu durur.
Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumları Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın əməllərinə hüquqi müstəvidə hüquqi qiymət verəcəklər. Çünki, bu gün ölkəmizdə baş verən hər bir olay, vəzifə sahibi olan şəxslərin atdıqları addımların hər biri cənab Prezident tərəfindən diqqətdə saxlanılır. Əgər bu gün ölkəmizdə hansı vəzifə sahibi sadə sakinlərə problemlər yaradırsa, rüşvətə və korrupsiyaya qol qoyursa, bir sözlə yürüdülən dövlət siyasətinin əleyhinə çıxırsa, o halda DTX-nın və aidiyyatı üzrə digər qurumun əməkdaşları həmin şəxsə qarşı lazımi addımını atıb, həmin şəxsə necə işləməyin “izahını verirlər”. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
P.S. Sakinlərin dediklərinə görə bu xanım yuxarıda adı hallanan yüksək çinli məmurun adından istifadə edərək rayonda elə bir xof yaradıb ki, nəinki, əksər icra məmurları, hətda rayon icra hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev belə bu xanıma qaşın üstə gözün var deyə bilmir.
Bu yöndə araşdırmamız davam edəcək.
Mövzu diqqətimizdədir.
Deryaz.az