Sabirabadda məmur özbaşınalığı - Suyu necə satırlar?

Sabirabadda məmur özbaşınalığı - Suyu necə satırlar? Xəbər verdiyimiz kimi bir müddət öncə Sabirabadın Sarxanbəyli kəndinin əkin sahələrinin yeni çəkilmiş “Haş” su kanalına vurulan şor suları ilə suvarılmasından bəhs edən şikayət yazısını işıqlandırmışdıq.

Rayondakı mənbəmiz bu dəfə Moderator.az-ın redaksiyasına suyun məmurlar tərəfindən satılmasını sübut edən video göndərib. Videoda bildirilir ki, suvarma suyu Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov və Moranlı sahə rəisi olduğu bildirilən Əkbər Əliyev tərəfindən satılır.

Sakinlər bildirir ki, Suvarma Sistemləri İdarəsindən onalara isə Kür çayındakı su qıtlığı ilə əlaqədar olaraq suvarma və içməli suyun Suvarma qrafiki ilə Haş kanalından qidalanan kəndlərə növbə ilə verildiyi bildirilib. Lakin Sarxanbəyli kəndinin su növbəsi çatan kimi sahə rəisi və idarə rəisi ya su mühərriklərinin xarab olduğunu, ya elektrik naqillərinin qırıldığını, ya da Kür çayının quruduğunu bəhanə gətirir və suyun olmayacağını bildirirlər. Bundan sonra isə onlar kanala vurulan suyu Sarxanbəyli kəndinə çatmamış özlərinə yaxın təsərrüfat sahiblərinə satırlar. Bundan cana doyan sakinlər su satılmasını sübut edən görüntüləri çəkərək redaksiyamıza göndəriblər.

Hansı ki, bu video görüntülərdən xəbər tutan Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov bunu mətbuata ötürməməyi sakinlərdən dönə-dönə xahiş edərək suyun veriləcəyini bildirib. Ş.Heydərov suyun satılmasını inkar edərək bildirib ki, “suyu bağlayırıq və sonra kimlərsə gəlib açır”. Hansı ki, həmin yerə nəzarətçi təyin olunmayıb.

Ərazidə çəkiliş aparan sakinlər bildirib ki, həmin vaxt Azadkənd nasos stansiyasında quraşdırılan 4 nasosun 3-ü tam gücü ilə işlək vəziyyətdə olub. Bir nasos isə yarı gücü ilə işləyib. Saniyədə isə təxminən 8 kubmetr su kanala vurulur. Ancaq buna baxmayaraq suya ehtiyacı olan kəndlərə su gedib çıxmır.

Ş.Heydərov deyib ki, suyu Bala-Həşimxanlı və Əlilbəyli kənd sakinləri gizlicə açır. Bala-Həşimxanlı və Əlilbəyli kənd sakinləri isə bildirib ki, onlar suyu özbaşına açmır. Suyu onlara Moranlı sahə rəisi Əkbər Əliyev 50, bəzən də 100 manata satır. Hətta pul olmayanda suyun əvəzində Ə.Əliyevə bir quzu da veririk.

Video görüntülərdə suyun satılması açıq-aşkar görünür. Kəndlilər bildirir ki, suyun bu cür qanunsuz satılması və Moranlı sahə rəisi Ə.Əliyevin qanunsuz əməlləri ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Lakin bu günə kimi heç bir tədbir görülməyib.

Geri qayıt