“Baş memar deyir ki, Gəncəyə bombanı mən atmışam?” - Gəncədən ŞİKAYƏT

“Baş memar deyir ki, Gəncəyə bombanı mən atmışam?” - Gəncədən ŞİKAYƏT II Qarabağ müharibəsi zamanı raket zərbələri nəticəsində evi dağılmış Gəncə sakini Elşən Ağaxanov İcra Hakimiyyətdən şikayətçidir.

Ağaxanov "Toplum TV"-yə deyib ki, Gəncə Şəhər İcra Hakimiyyəti onu get-gələ salır, evini təmir etmək istəmir: "Evimiz suyun içində, özümüz də çöldə qalmışıq. İcra hakimiyyətində hər dəfə eyni sözü deyirlər: gedin, sabah gələrsiniz”.

Elşən Ağaxanov və ailəsi artıq 6 aydır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasında yaşayır.

O, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticəsi yoxdur, şikayətləri əksər hallarda cavabsız qalır: "6 aydır ki, konkret bir söz deyən yoxdur. İcra Hakimiyyəti məqsədli şəkildə bizi yola verir. Yəqin, bir müddət keçsə, açıq deyəcəklər ki, təmir etmirik. Soruşan da yoxdur ki, bəs təmir üçün ayrılan vəsaitlər hara xərclənib?"

Elşən Ağaxanov - ToplumTVE. Ağaxanov deyir ki, qurumun baş memarı Elxan Məmmədov sakinlərlə kobud danışır: "Baş memar deyir ki, Gəncəyə bombanı mən atmışam?”

Gəncə sakinlərinin bir neçəsi - Könül Abbasova və Elbir Məmmədov da eyni problemlə üzləşdiklərini deyirlər.

Gəncə Şəhər İcra Hakimiyəti "Toplum TV”-nin yazılı sorğusuna cavabında bildirib ki, bu məsələ Arxitektura Komitəsinə həvalə olunub: "Zərər dəymiş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Hazırda qurum dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparır".

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli Sərəncamına əsasən işçi qruplar yaradılıb. Bu qrup tərəfindən Gəncə şəhərində mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi sahəsində işlər aparılıb, yaşayış evlərinə ziyan dəymiş mülki əhalinin siyahısı hazırlanıb. Müraciət müəllifinin yaşadığı ev ziyan çəkmiş evlərin siyahısına salınıb” - İcra Hakimiyyətinin cavabında belə deyilir.

Qurumun məlumatında qeyd olunub ki, zərərçəkən sakinlər daim diqqətdə saxlanılır: "Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həmin ailələrlə mütəmadi görüşürlər keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbilər görülür".

Ağaxanov isə İcra Hakimiyyətinin bu açıqlaması ilə razılaşmır: "Hansı diqqətdən söhbət gedə bilər ki, 6 aydır yataqxanada qalıram".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sözçüsü Ramiz İdrisoğlu "Toplum TV”-yə deyib ki, təmir işləri yanvar ayının sonundan başlayıb və mərhələli şəkildə həyata keçirilir: "Hər kəsin evi təmir olunacaq, qəzalı evlər isə yenidən tikiləcək. Hazırda Gəncədə dağıdılmış və qəzalı vəziyyətə düşmüş 21 yaşayış evinin tikintisi gedir. 540-a yaxın qeyri-yaşayış və yaşayış obyektlərində təmir-bərpa işləri aparılır, 120-yə yaxın obyektdə isə bu proses yekunlaşıb”.

Ramiz İdrisoğlu - İTVR. İdrisoğlu həmçinin qeyd edib ki, təmir-bərpa işlərinin yekunlaşdırılması ilin ortasına planlaşdırılıb: "2 ay idi ki, təmir-bərpa işləri hava şəraitinə görə ləngimişdi. Yaz aylarında proses daha da sürətlənəcək”.

Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş mütəxəssisi Gülnar Rzayeva isə şikayətçinin baş memarla bağlı dediklərini təkzib edib: "Elxan Məmmədov sakinlərlə o şəkildə danışmayıb”.
“Baş memar deyir ki, Gəncəyə bombanı mən atmışam?” - Gəncədən ŞİKAYƏT


Geri qayıt