Salyanda dövlət büdcəsi hesabına 22 min manatlıq hədiyyə kimə alınacaq?

Salyanda dövlət büdcəsi hesabına 22 min manatlıq hədiyyə kimə alınacaq? Vətən Müharibəsindən sonra ölkəmizə maddi baxımdan dəymiş zərərin az hiss olunması üçün bir az vicdanı olan məmurların korrupsiyadan müəyyən müddət olsa da əl götürəcəyi ehtimalı vardı. Bundan başqa, dövlət büdcəsinin də vacib istiqamətlərdə xərclənəcəyi güman edilirdi.

“Yeni Sabah” bildirir ki, bu ehtimallar heç bir halda özünü doğrultmur. Konkret olaraq ötən gün Salyan rayon Gənclər və İdman İdarəsinin həyata keçirdiyi iki tenderlə bağlı müqavilə bağlaması bunu deməyə əsas yaradır. Bu iki tenderin mövzusu dövlətin indiki vəziyyətdə elan etdiyi prioritetlərə – şəhid ailələrinin, Vətən Müharibəsi iştirakçılarının vəziyyətinin yaxşılaşdırılması ilə heç uyğun deyil.

Belə ki, müüqavilələrdən biri “medal və kubokların alınması”, digəri isə “hədiyyələrin alınması” haqdadır. Konkret olaraq İdarə medal və kuboklar üçün H-Aral şirkıətinə 20 600 manat, hədiyyələrin alınması üçün isə yenə də həmin şirkətə 22 125 manat pul ödəyəcək. Təsəvvür edirsiniz, 22 125 manatlıq hədiyyə… Salyan rayonunda. Bu hədiyyə nədən ibarət olacaq? Kim və ya kimlər üçün alınacaq?

Yəni 42 725 manat boş-boşuna “xərclənəcək”. Axı bu durumda kubok, medal və ya hədiyyələrin alınması bu dövlət qurumuna nə üçün lazımdır? Bunu heç bir cavabla əsaslandırmaq mümkün deyil…
Geri qayıt