Bərdədə vətəndaş necə şikəst edilib? (ŞİKAYƏT)

Bərdədə vətəndaş necə şikəst edilib? (ŞİKAYƏT) Bərdə Mərkəzi Rayon Xəstəxanasında həkim səhvinin qurbanı olmuş Orxan Talıbovun səhhətində probemlər yaranıb.

Bu barədə HİT.Az-a o, özü məlumat verib.

Orxan Talıbov 2019-cu ildə avtomobil qəzası keçirib. Ayağından xəsarət alan vətəndaş Bərdə rayon Mərkəzi Xəstəxanasında əməlyyat olunub. Bir müddət keçdikdən sonra bəlli olub ki, Orxan Talıbovun bir ayağı digərindən qısadır. Vətəndaş həkim Xalid Məmmədova bu barədə bildirəndə o, məsuliyyəti üzərindən atıb. Orxan Talıbov Baş həkimin müavini Knyaz Məmmədovun qəbuluna gedib. O isə vətəndaşa bir ayağına dabanlı, digərinə isə dabansız ayaqqabı geyinməyi tövsiyə edib.

Orxan Talıbov bizimlə söhbətində olayın yeni təfərrüatlarını açıqlayıb. "Əməliyyatdan sonra axsayırdım. Həkim Xalid Məmmədov isə deyirdi ki, bu, ayağıma qoyulan millə əlaqədardır. Məni əmin edirdi ki, mil çıxarılandan sonra ayağım düzələcək. Lakin mil çıxarılandan sonra yenə də axsadım. Müayinə olunanda isə məlum oldu ki, həkim əməliyyatda səhlənkarlığa yol verib. Nəticədə mən şikəst qalmışam. Ayağımın biri digərindən qısadır. Bu, mənim səhhətimdə əlavə problemlərə səbəb olub. Amma həkim məsuliyyəti üzərində atır. Dəfələrlə müraciət etmişəm, yanına getmişəm. Nəticəsi olmayıb”, - deyə vətəndaş bildirib.

Orxan Talıbov əlavə edib ki, baş verənlərlə bağlı Bərdə rayon Prokurorluğuna müraciət edib. Bundan sonra Baş həkimin müavini Knyaz Məmmədov onu qəbul edib: "Knyaz Məmmədov əvvəlcə dedi ki, pəncə üzərində gəz ki, axsamağın bilinməsin. Sonra isə bir ayağıma dabanlı, digərinə dabansız ayaqqabı geyinməyi məsləhət gördü. Mən bu adamlara izah edə bilmirəm ki, məsələ mənim axsamağımın bilinib-bilinməməsi deyil. Məsələ odur ki, məni şikəst ediblər, həkim Xalid Məmmədovun səhvi üzündən digər orqanlarımda da fəsad yaranıb. Mütəxəssislər deyirlər ki, bu, axsamağımla əlaqədardır. Həmçinin, ayağım ağrıyır, çox yeriyə bilmirəm”.

Vətəndaş Bərdə rayon Prokurorluğunun məsələyə laqeyd yanaşmasından da şikayətçidir. "Xalid Məmmədov cinayət törədib, məni şikəst edib. Amma prokuroluq bu məsələni araşdırmır” deyən Orxan Talıbov Baş Prokurorluğa müraciət edəcəyini bildirib.
Geri qayıt