Biləsuvarda ÖZBAŞINALIQ: “Sahələr boş saxlanılır, halbuki...” - İcra başçısı da susur

Biləsuvarda ÖZBAŞINALIQ: “Sahələr boş saxlanılır, halbuki...” - İcra başçısı da susur Biləsuvar rayonunun Ağayrı kəndində 500-dən çox ailə var, kəndlilərin əsas dolanışıq yeri əkinçilik və heyvandarlıqdır. DİA.AZ-ın məlumatına görə, kənd sakinləri deyir ki, əkin sahəsi olmayanlar dolana bilmirlər. Kənd sakini Böyükağa Vəkil oğlu Əliyevin sözlərinə görə, Bakıya gəlib iş tapmaqda çətinlik çəkir, kənddə əlavə iş yeri, məşğuliyyət yoxdur. Doğma kəndində torpaq götürüb təsərrüfatla məşğul olmaq, dolanmaq istəyir. Bunun üçün aylardır bələdiyyəyə müraciət etsə də, nəticəsi yoxdur:

«Bələdiyyənin balansında hektarlarla boş torpaq sahəsi var. 42,5 hektar torpaq icarəyə götürüb, təsərrüfatla məşğul olmaq istəyirəm, rüsumu ödəməyə hazıram. Amma bələdiyyə sədri Allahverdi Zeynalov aylardır müxtəlif bəhanələrlə müraciətimə cavab vermir. Dəfələrlə rayon icra hakimiyyətinin rəhbər şəxslərinin qəbulunda olmuşam. Ümumiyyətlə müraciət etmədiyim qurum qalmayıb”.

Kənd sakinləri deyir ki, Allahverdi Zeynalov 20 ildir kənd bələdiyyəsinin sədridir. Ona edilən müraciətlərə baxmayaraq, cavanlara kənddə işləmək üçün şərait yaradılmır.

“Sahələr boş saxlanılır, halbuki onları əkib-becərməklə onlarla adam işlə təmin olunar», - Böyükağa Əliyev deyir.

Şikayətçi bildirib ki, kənddə əsasən arpa, pambıq əkilir, torpağı olmayanlar təsərrüfatlarda günəmuzd çalışırlar.

Bütün bu narazılıqlara baxmayaraq yerli RİH baş verənləri sükutla qarşılayır, edilən şikayətləırə münasibət bildirmir. Bunu da sakinlər deyir.
Geri qayıt