Vaqonda yaşayan müəllimənin acınacaqlı durumu.... - GİLEY

Vaqonda yaşayan müəllimənin acınacaqlı durumu.... - GİLEY "Çox böyük zülmlə balalarımı bir vaqona toplamışam. İndi bu vaqona internet xətti çəkilmir ki, mən şagirdlərimə onlayn dərs keçim”. Bunu Mingəçevir sakini Afayət Səfərova deyir.

Afayət xanım Mingəçevirdəki məktəblərdən birində ikinövbəli dərs cədvəli üzrə müəllimə işləyir. Ancaq yaşadığı yerdə internet xətti olmadığından həm məktəbli övladları, həm də özü onlayn dərslərə qoşulmaqda çətinlik çəkir. Onun sözlərinə görə, vaxtilə ailə həyatı qurub Mingəçevirdən Biləsuvara köçüb. Ərindən boşanandan sonra üç azyaşlı övladıyla kirayələrdə yaşayıb. Ancaq keçmiş həyat yoldaşı onu və azyaşlı övladlarını tez-tez narahat etdiyinə görə hər dəfə kirayə evlərdən də çıxmalı olub. Nəhayət, Mingəçevirə qayıdıb və kirayəhaqqı ödəməmək üçün köhnə bir vaqon alıb. Mingəçevir Şəhər İcra Hakimiyyəti əvvəl vaqon üçün yer ayırmayıb. Uzun-uzadı şikayətlərindən sonra Mingəçevirdəki avtobazalardan birinin qarşısında vaqon üçün 4 sot yer ayrılıb, torpaq sahəsinə görə vətəndaşa sənəd də verilib.

“Kiçik maaşla böyük kredit ödəyən müəlliməyəm”

“Torpaq sahəsinin rüsumuna, ərazini hasarlatmağa, qaz xətti çəkilməsinə, 9 kvadratlıq otaq tikməyə görə (otaq olmadan qaz xəttinin çəkilişinə qanunla icazə yoxdur) bankdan 6.500 manat kredit götürməli oldum. Kiçikhəcmli müəllim maaşımla uzun müddət həmin krediti ödəməliyəm. İndi əsas internet xəttinin olmamasıdır ki, həm məktəbli övladlarım, həm də özüm onlayn dərslərə qoşulmaqda əziyyət çəkirəm”, – şikayətçi deyir.

“İnternet yoxdur ki, qərarlardan xəbər tutum”

Afayət xanımın kiçik maaşla böyük həcmli kredit ödənişləri, təkbaşına böyütməkdə olan övladlarının dolanışığı var deyə, hər dəfə 50 manat verib internet paketi götürə bilmir. Nəticədə 6-cı, 4-cü və 2-ci sinifdə oxuyan üç qız övladının onlayn dərslərə qoşulmasına da əngəl yaradır:

“Ya gərək hər dəfə 50 manatlıq kontur yükləyib, internet paket götürüm ki, buna maddi imkanım yol vermir, ya da gərək uşaqları da götürüb, gedib onun-bunun evində onlayn dərslərə qoşulum. Bu da gündəlik bir iş olduğuna görə insanları davamlı narahat etmiş oluram. Aidiyyəti qurumlardan tutmuş prezidentədək hər yerə müraciət etmişəm… Mən müəlliməyəm, işim birbaşa internetlə əlaqəlidir. Qaldığım yerdə günün 24 saatı internet olmalıdır ki, həm dərs deyə, həm də təhsillə bağlı məlumatları, yenilikləri izləyə bilim. Nazir brifinq keçirir, müəllimənin interneti yoxdur ki, izləsin, nazirin açıqlamalarından, hökumətin təhsillə bağlı qərarlarından xəbər tutsun…”
Geri qayıt